Qarabağın erməni işğalından azad edilməsi uğrunda başlanan Vətən müharibəsi
cəmi 44 gün ərzində, ordumuzun ildırım sürətli qələbəsi ilə başa çatdı. Qalib
Sərkərdəmizin fədakarlığı və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Ermənistan
silahlı qüvvələri və onların arxalandıqları muzdlular, düşmənin çoxsaylı hərbi texnikası,
eləcə də 30 ildə möhkəmləndirdikləri istehkamlar darmadağın edildi.
Vətən müharibəsində Şanlı Qələbə müzəffər ordumuzun, əsgər və zabitlərimizin
qəhrəmanlığı, şücaəti sayəsində qazanıldı. Bu qələbənin qazanılmasında rayonumuzun
Qaraxanlı kəndindən olan Məmmədov Elnur Mübariz oğlunun da payı var.
Elnur 24 yanvar 1995-ci ildə Qaraxanlı kəndində anadan olub. 2002-ci ildə
Qaraxanlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2013-cü ildə məktəbi
uğurla bitirib və 2014-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. Ordu sıralarında xidmətini
başa vuran Elnur doğma kəndlərinə, valideynlərinin yanına qayıdır. Onların təsərrüfat
işlərində yaxın köməkçiləri olur. 2020-ci ilin sentyabrında başlanan müharibə zamanı Ali
Baş Komandanın çağırışına ilk səs verənlərdən biri də Elnur oldu. O, könüllü olaraq
cəbhəyə yollanır, “N” saylı hərbi hissədə döyüş yolu keçir. Döyüş zamanı kürəyindən
yaralanan Elnurun qospitalda tam müalicə almağa səbri çatmır. Yenidən geriyə, döyüşə
qayıdır və cəbhə yoldaşları arasında öz yerini tutur.
… Həmin çətin günlərdə Elnur cəbhədən bir dəfə kəndlərinə qayıtdı. Özü yaralı
olsa da, həmkəndlisi, dostu, şəhid Ceyhunun dəfnində iştirak etdi. Evlərinə baş
çəkməyə də heç vaxt tapa bilmədi. Elnurun kürəyindən aldığı, tam sağalmayan yara
yadına da düşmürdü. O, Vətənin, müqəddəs torpaqlarımızın azad olması üçün canını
fəda etməyə hər zaman hazırdır. Hazırda könlündə böyük Vətən məhəbbəti daşıyan,
qəlbi torpaqlarımızın azadlığı ilə bir döyünən Elnur orduda mina axtaran əsgər kimi
qulluq edir. İstəyir ki, artıq azad nəfəs almağa başlayan torpaqlarımızın sinəsi də
düşmən minasından azad olsun…
Adil MİSİRLİ