13.5 C
Aghjabadi
Cümə axşamı, May 26, 2022

Cəlil Məmmədquluzadənin Ağcabədi ilə bağlılığı

Ağcabədinin tarixi keçmişində əbədiyyətə qovuşan parlaq səhifələrdən biri böyük yazıçı dramaturq, mübariz jurnalist və ustad satirik Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddinin) bu məkanla bağlılığıdır. Azərbaycanı cəhalətin qəflət yuxusundan oyadan, islam Şərqini lərzəyə salan mübariz “Molla Nəsrəddin” jurnalının yaradıcısı kimi, tarixi bir şəxsiyyətin Ağcabədi ilə əlaqəsi şübhəsiz ki, şərəfli bir hadisə kimi tarixə həkk olunub yaşamaqdadır.

Məlumdur ki, C. Məmmədquluzadənin Ağcabədi ilə əlaqəsinin səbəbkarı Kəhrizli Əhməd bəy Cavanşirin qızı Həmidə xanım olmuşdur. Maraqlıdır, Azərbaycanın ucqar bir kəndində yaşayan bir bəy qızının bəylərin, din pərdəsinə bürünüb min bir fırıldaq edən qatı mövhümatçıların amansız ittihamçısı C. Məmmədquluzadə ilə yaxınlığı necə mümkün olmuşdur?! Bəs Mirzə Cəlil kimi böyük bir şəxsiyyət nə üçün öz məsləkinə sadiqliyini pozub Həmidə xanım kimi bir bəy qızı ilə izdivaca girmişdir? Bəli, o zamanlar Qarabağ bəylərini də hiddətləndirən, onların “bəylik qüruruna toxunan” da məhz bu məchul suallar idi.

Həmidə xanımın xatirələrindən göründüyü kimi, hətta bir dəfə Mirzə Cəlil Kəhrizlidən Bakıya gedəndə faytonla Yevlağdan keçən zaman bir para Qarabağ bəyləri yolda onu öldürmək istəmişdir. Bundan tez xəbər tutan Həmidə xanım gəlib onu müşayiət edərək qaçaq-quldur yuvası olan keçilməz Sultanbud meşəsindən keçirib Yevlağa yola salmışdır.

Məsələyə elmi şəkildə yanaşdıqda görürük ki, bütün bu göstərilən səbəblər ancaq zahiri fərqlərdir. Onlar məkanca, mənşəcə nə qədər uzaq olsalar da, məsləkcə bir-birilərinə o qədər yaxın idilər. Hər ikisinin əqidəsi, həyata, insanlara münasibəti eyni idi. Həmidə xanım həmişə kəndlilərin tərəfini saxlayır, onların qeydinə qalır, dar ayaqda dadlarına çatırdı. Öz xərci ilə kəhrizlər qazdırır, həmkəndlilərinin əkinlərinə su verir, onlara geniş tibbi yardım göstərir, məktəb, toxuculuq emalatxanası və dəyirman açaraq yoxsul kəndlilərin ehtiyacını ödəyirdi. Məhz bu canyananlığın, xeyriyyəçiliyin və kəndlilərə belə həmdəm olmağın nəticəsidir ki, onun adı da el-oba yanında həmişə əzizlənmiş, doğmalaşmış, indi də qocaların dediyi kimi “Həmdəm xanım” adı ilə bu günədək yaşamışdır.

Mirzə Cəlilin elə böyüklüyünün, həssaslığının biri də onda olmuşdur ki, o özündən çox-çox uzaqlarda yaşayan açıq fikirli bir qadının qəlbində çırpınan yüksək amalları elə ilk tanışlıqdan duyub onu sevmiş və özünün gələcək 25 illik parlaq ömür yolunu onunla bağlamışdır.

Mirzə Cəlillə Həmidə xanımın tanışlığı 1903-cü ildə Tiflisdə olmuşdur. Belə ki, Həmidə xanım yenicə vəfat etmiş atası Əhməd bəy Cavanşirin şeirlər kitabını çap etdirmək üçün Tiflis şəhərinə gedir. O, bu zaman Tiflisdə “Şərqi-rus” qəzetində işləyən Cəlil Məmmədquluzadə ilə tanış olur və onun köməkliyi ilə kitab “Asari-Əhməd bəy” adı ilə həmin il çap olunur.

Cəlil Məmmədquluzadənin Həmidə xanımla ilk tanışlığı, onun bəy qızı olmasına baxmayaraq açıq fikirliliyi, həyata düzgün baxışı C. Məmmədquluzadədə ona qarşı böyük rəğbət hissi yaradır və bu mehriban ünsiyyət dörd il sonra mehriban ailə həyatına çevrilir.

C. Məmmədquluzadə ilə Həmidə xanımın birgə ailə həyatı 1907-ci il iyun ayının 15-dən başlamışdır. Həmin dövrdən etibarən böyük ədib ömrünün sonunadək müxtəlif fasilələrlə Ağcabədidə – Kəhrizli kəndində yaşamışdır.

C. Məmmədquluzadənin Ağcabədiyə ilk gəlişi 1907-ci il iyun ayının əvvəllərinə təsadüf edir. O zaman o, Həmidə xanımla birlikdə Kəhrizliyə gəlmiş və bir neçə gündən sonra kənd camaatının iştirakı ilə ailə həyatı qurmuşlar. Kəndin mehriban adamları gəlib Mirzə Cəlillə görüşüb, onun maraqlı suallarının müqabilində şirin söhbətə girişirdilər. O, kənd camaatının vəziyyəti, həyat tərzi ilə yaxından maraqlanaraq kənd həyatı ilə ətraflı tanış olurdu.

Mirzə Cəlil ilk gündən özünü kəndin doğma adamı kimi aparır, kənd əhalisinə qaynayıb-qarışırdı. Çox keçmədən o, kənddə hamının hüsn- rəğbətini qazanır. Sonralar kəndə hər gəlişində özü ilə əhali arasındakı bu mehribanlığı daha da artır, bu yerlərə qəlbən bağlanırdı. Sevimli həyat və məslək yoldaşı Həmidə xanım həmin unudulmaz illəri xatırlayaraq yazır ki, bir dəfə Mirzə Cəlil mənə dedi: “Kəhrizliyə gələrkən hələ uzaq məsafədən yan-yana düzülmüş uca qovaq ağaclarını görüb malikanəmizi tanıyır və bu zaman ürəyim sevinclə döyünməyə başlayır. Doğma ailəmə, mənim üçün əziz olan dost-aşnaya tez qovuşmaq üçün faytonçunu tələsdirirəm. Mən ancaq burada, təbiətin bu sakit guşəsində özümü xoşbəxt hiss edirəm. Jurnalın qarşısında öz borcumu yerinə yetirdikdən sonra ömrümün son illərini bu sakit guşədə keçirmək istərdim…”

C. Məmmədquluzadə əsəblərinin sakitləşdirildiyi, mənəvi zövq aldığı bu yerlərə təkcə istirahət xatirinə gəlmirdi. O, hər dəfə kəndə gəlişində əhalinin qeydinə qalır, camaatla çiyin-çiyinə kəndin müəyyən bir işinə kömək edirdi. Böyük ədib 1910-cu ildə Kəhrizli kəndinə getməsi ilə əlaqədar “Molla Nəsrəddin” jurnalına redaktorluğun müvəqqəti olaraq Məhəmmədəli Sidqiyə verməyə icazə almaq haqqında Tiflis qubernatorluğuna göndərdiyi ərizəsində yazır:

“Ev-ailə şəraitinin yaratdığı zərurətlə əlaqədar olaraq dörd ay müddətinə Tiflisdən ayrılıb Yelizavetpol quberniyasında Şuşa qəzasının Kəhrizli kəndinə getməliyəm. Siz cənablarından xahiş edirəm, mənim əməkdaşım Məhəmmədəli Sidqiyə jurnala müvəqqəti redaktorluq etməyə icazə verəsiniz”.

Cəlil Məmmədquluzadə

16 sentyabr, 1910-cu il

O, nəinki kəndin mühüm işlərində, habelə xırda təsərrüfat işlərində də, çalışaraq dəyirmana gedir, taxıl səpir, əkinləri suvarır, bağdakı ağaclara qulluq edirdi. Gəlin 1919-cu ilin payızında onun sevimli həyat yoldaşına dediyi aşağıdakı sözlərlə tanış olaq: “Gözün aydın olsun Həmidə, bu il taxıl əkinlərimiz yaxşı tutub, ona görə ki, sahələri vaxtında şumladıq. Gələn il dəni tökməyə yer tapmayacaqsan. Kəndlilərdə mənə baxıb taxılı vaxtında səpdilər. Əgər cəyirtkə, dolu və quraqlıq olmasa, bu il bol məhsul götürüləcək”.

C. Məmmədquluzadənin kəndlilərə əvəzsiz xidmətləri ilk növbədə kənddə məktəb və toxuculuq emalatxanası açılmasında göstərdiyi yüksək qayğıdır. O, bu sahədə Həmidə xanıma yaxından kömək edərək həvəslə işə girişir, usta çağırtdırıb 20 ədəd skamya və sinif lövhəsi hazırladır. Həmidə xanımla bərabər lazım olan müxtəlif dərs ləvazimatı toplayır, həmçinin məktəbin ilk müəllimi olaraq şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.

 (Əvvəli layihənin 118-ci sayında)

Cəlil Məmmədquluzadənin Ağcabədi ilə, xüsusilə Kəhrizli kəndi ilə bağlılığını araşdırarkən onun Həmidə xanımın həmin kənddə açdığı məktəbdə özünün təşkil etdiyi “Molla Nəsrəddin” adına kitabxananın bərpası ilə əlaqədar olaraq 02 iyul 1921-ci ildə Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə ərizəsi və bu ərizənin icrası ilə əlaqədar olaraq Dadaş Bünyadzadənin Şuşa qəza Xalq Maarif Şöbəsinə sərəncamı diqqəti cəlb edir. Oxucu marağını nəzərə alaraq rus dilində yazılmış hər iki sənədin mətnini təqdim edirik:

“1907-ci ildə mənim həyat yoldaşım Həmidə xanım tərəfindən Şuşa qəzasının Kəhrizli kəndində yaradılmış xalq məktəbinin nəzdində mənim tərəfimdən “Molla Nəsrəddin” adına kitabxana təşkil olunmuşdur. Həmin kitabxana illərlə zənginləşdirilərək beş böyük şkafda yerləşirdi. Keçən ilki inqilab zamanı bizim iştirakımız olmadan kitabxananın bir hissəsi talan edilmiş, bir hissəsi isə müsadirə olunmuş və deyilənə görə, Şuşa şəhərində yerləşir.

Xalq Maarif Komissarlığından xahiş edirəm ki, həmin kitabxana Həmidə xanımın iştirakı ilə bərpa olunsun və Kəhrizli kəndində savadlı kəndlilərin bu xalq sərvətindən istifadə etməsi üçün Həmidə xanımın ixtiyarına verilsin”.

Cəlil Məmmədquluzadə

02 iyul, 1921-ci il

Həmin məktubla əlaqədar olaraq müvafiq tədbir görülmək üçün Xalq Maarif Komissarı Dadaş Bünyadzadənin Şuşa qəza maarif şöbəsinə göndərdiyi məktubda yazılır:

“Şuşa qəzasının Kəhrizli kəndində 1907-ci ildə Həmidə xanım tərəfindən yaradılmış xalq məktəbinin nəzdində yerləşən, “Molla Nəsrəddin” adına kitabxana keçən il müsadirə olunmuşdur. Deyilənə görə, hal-hazırda Şuşa şəhərində yerləşir.

Yuxarıda yazılanları və adı çəkilən kitabxananın yaradıcısı Həmidə xanımın həyat yoldaşı Cəlil Məmmədquluzadənin müraciətini nəzərə alaraq, xahiş olunur ki, kitabxananın qorunub saxlanması və yerli Kəhrizli əhalisinə xidmət məqsədi ilə Kəhrizli xalq məktəbinə köçürülməsi üçün müvafiq tədbir görəsiniz”.

Dadaş Bünyadzadə

16 iyul, 1921-ci il

Görkəmli alim Azərbaycan Tarix Muzeyinin direktoru Ataxan Paşayevin “Molla Nəsrəddin jurnalının nəşri tarixindən” adlı, qiymətli tədqiqat əsərində Cəlil Məmmədquluzadənin həyatının Kəhrizli ilə bağlı yuxarıda qeyd olunan səhifələrini işıqlandırması olduqca diqqətə layiqdir.

Yuxarıdakı hər iki sənəddən aydın olur ki, 1907-ci ildə Kəhrizli kəndində Həmidə xanımın açdığı məktəb Ağcabədidə ilk məktəblərdən biri idi. Həmin məktəbin nəzdində görkəmli yazıçı, jurnalist Cəlil Məmmədquluzadənin açdığı “Molla Nəsrəddin” adına kitabxana isə Ağcabədinin ilk kitabxanası olmuşdur.

Kəhrizli kəndində toxuculuq emalatxanası açılması işində də, Mirzə Cəlilin xidməti az olmamışdır. O, bu işdə də Həmidə xanımın ən yaxın silahdaşı olmuş, əlaqədar təşkilatlara müraciət edərək bu işə icazə alınmasına və lazımi şəraitin yaradılmasına nail olmuşdur. Bununla əlaqədar olaraq C. Məmmədquluzadənin 1922-ci ilin payızında Xalq Təsərrüfatı Şurasının yazdığı ərizənin surəti ədibin arxivində saxlanılır (C.Məmmədquluzadənin arxivi, nömrə 6- 421, inv.18666). Həmin ərizədə ədib nəinki Kəhrizli, habelə Hüsülü kəndində toxuculuq emalatxanası açılmasına icazə verilməsini xahiş edir.

Ağcabədi mühiti ilə bağlılıq şübhəsiz ki, C. Məmmədquluzadə kimi həssas bir yazıçının yaradıcılığına da, öz təsirini göstərməyə bilməzdi. Həmidə xanım qeyd etdiyi kimi ədib “Anamın kitabı” pyesinin müəyyən hissəsini və “Molla Nəsrəddin” jurnalı üçün baş məqalələrin bir çoxunu, eləcə də, 1907-ci ildə “Molla Nəsrəddin” jurnalının 24-cü nömrəsində çap olunan “Hanı 45 min manat” adlı fleytonunu Kəhrizlidə yazmışdır. Yazıçı “Oğru inək” hekayəsinin mövzusunu da, Kəhrizli mühitindən götürmüşdür. “Ölülər” pyesinin qəhrəmanı Kefli İskəndər, eləcə də əsərin bir neçə prototipləri Ağcabədinin Hüsülü kəndindən götürülmüşdür. Kefli İskəndər tarixi şəxs olub. Hüsülü kəndində yaşayan Hacı Həsən ağanın oğlu idi. Bu obrazın prototipi olan İsgəndər adətən öz üzüm bağından şampanskiyə oxşayan gözəl şərab çəkir, camaatın və mollaların tənələrinə baxmayaraq həmişə içib kefli olurdu. Buna görə də kənddə hamı onu “Kefli İsgəndər” deyə çağırırdı. Həmidə xanım qeyd edir ki, hər gün gecə kənd yuxuya gedir, tam sükut yarandıqdan sonra Mirzə Cəlil yazı masasının arxasında oturur, jurnal üçün baş məqalələr və felyetonlar yazır, qalın bir dəftərə nə isə köçürürdü.

C. Məmmədquluzadənin kənd həyatı ilə yaxından əlqəsi və bağlılığı Kəhrizli camaatının gündəlik həyatına və dünyagörüşünə mühüm təsir göstərirdi. O, açıq fikirləri ilə camaatın gözünü açır, güclü məntiqi, nəzakətli davranışı, habelə Həmidə xanıma və kəndlilərə qarşı olan mehriban davranışı ilə ailə-məişət münasibətlərinə də müəyyən təsir göstərdi.

Mirzə Cəlil Həmidə xanımın xeyriyyəçi fəaliyyətini məhdud bir çərçivədən çıxarıb ictimai aləmə qovuşdurdu. O, maddi imkanlarını artıq “Molla Nəsrəddin” jurnalının nəşrinə, ədəbiyaşar sənətkarımız M.Ə.Sabirin müalicəsinə də maddi və mənəvi dəstəyə, öz vəsaiti ilə Tiflisdə Qızlar Məktəbinə müəllim təyin olunmasına, həmçinin müxtəlif ictimai müsamirələrin keçirilməsinə sərf edərək mədəni aləmdə böyük nüfuz qazandı. 1913-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya Pambıqçılarının XIII qurultayında Həmidə xanımın Qarabağda pambıqçılığın vəziyyəti barədə rus dilində çıxış edərək qurultay iştirakçılarının rəğbətini qazanmasında da şübhəsiz ki, Mirzə Cəlilin öz əməyi olmuşdur.

C. Məmmədquluzadənin Ağcabədi ilə əlaqəsi bu məkanın mədəni inkişafındakı xidmətləri sevimli yazıçıdan ən əziz xatirə kimi qəlbimizdə həmişə yaşayacaqdır.

Şirxan Aranlı

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər