Filologiya elmləri doktoru
(Məhsəti Musanın şeirləri haqqında)
Şeirləri ilə təzə tanış olduğum şairlərdən biri də Məhsəti Musadır. “Ulduz”
jurnalında və “525-ci qəzet”də dərc olunan şeirləri təzə söz deməyə, fikir
söyləməyə səslədi məni. Ədəbiyyatda “özünəməxsusluq” deyilən bir anlayış var,
bunu poeziyaya şamil elədikdə bir çox mətləblərə baş vurmaq gərək. Ən başlıcası
odur ki, şair gərək öz deyim tərzi, üslubu, yaşadığı hisslərin, duyğuların poetik
ifadəsilə heç kimə bənzəməsin, Yeseninin dediyi kimi: “Bəli, şair olmaq odur ki,
gərək, Pozmayıb həyatın ilk qanununu,Öz damarlarından qanı çəkərək Vurub
isidəsən özgə qanını. Qoy lap qurbağanın nəğməsi olsun, dünyaya təzə bir nəğmə
ver ancaq”. Oxuduğum şeirlərindən məlum oldu ki, Məhsəti Musa bir kimsəni
təkrara varmır və nə yazırsa, özünü, öz qəlbini ifadə edir.
Qadın yazarların mövzuları mənə tanışdır. Onların sevgidən yazmağı təbiidir.
Çünki onlar sevgi hisslərini ifadə edəndə yalan danışmırlar. Onun adını götürdüyü ulu
nənəsi Məhsəti xanım Gəncəvinin ən gözəl rübailəri elə sevgidən olub. Amma qadın
yazarların, o cümlədən Məhsəti Musanın şeirlərini təkcə sevgi mövzusu ilə
məhdudlaşdırmaq olmaz. Onun işıqla, payızla, qışla, günəşlə, çiçəklə bağlı şeirləri də
var, hamısında da poeziya üçün təzə görünən misralar, bədii təsvir vasitələri diqqəti
cəlb edir.

Məhsəti Musanın şeirlərinin əsas qəhrəmanı, yəni başlıca obrazı İşıqdır. Hökmən
o deyil ki, işığa aid bir şeir ola, amma şeirlərdə işığa, nura qalib gələn və şairi kədər
bataqlığına sürükləyən qəm seli olmaya. Yalnız Saqif Zeynalın “Nəsə belə olmamalıydı”
şeirinə cavabladığın bircə şeirdən başqa. Ən çox bəyəndiyim bir şeir – “Günəş girir
yatağıma”- bütün işığıyla ”Nəsə belə olmamalıydı” düşüncəsini yox edir. Amma elə o
şeirdə də işıq həsrəti ifadə olunur. Əslində, o şeir işıqsızlığın inkarıdır. Keçək “Günəş
girir yatağıma ” şeirinə.
Ətrafımda qaynaşan
Kiçik işıqları
Ovcuma yığıram,
əzizləyirəm…
Bu işıq oyunu bütün şeir boyu davam edir. “Bir əli göyə, bir əli yerə tuşlanan” lirik
qəhrəman” Ayın kədərlə sürünməsini seyr edir. Amma səhər açılır:
Yaxasını avqusta açmış pəncərədən
Günəş girir yatağıma.
Otağıma doluşmuş nadinc işıq zərrələri
Sevinclə qışqırır,
Tanrı gülümsəyir.
Lirik “mən” lə onun xəyalları məhz təbiətlə, onun payızı, qışı ilə ünsiyyətdə,
məhrəmlikdə, doğmalıqda reallaşır. Məhsəti Musa “kəpənək qanadlı bir qızın”
“qaşqabaqlı payıza” “gecik” deməsi əbəs deyilmiş.
Sizi and verirəm
dan yerinin qızartısına,
Sizi and verirəm
Qağayıların təlaşlı çığırtısına.
Xəyallarımızı hürkütməyin,
Sevdiklərimizi öldürməyin,
Çiçəkləri soldurmayın.
Utansın zəngli saatlar,
Utansın ayrılıqlar,
Utansın payız..
XOŞBƏXTLİK sözünü
Dünyanın alnına yazsın
Kəpənək qanadlı bir qız!
Təki çiçəklər solmasın, o çiçəklər ki, “yayın son nəfəsinə aldanıb arzusunu
gözündə boğar”. Amma mənə “Qış mənzərəsi” şeiri daha xoş gəldi. Məhsəti Musa bu
şeirdə həyatın kədərli lövhələrini rəsm edir, hıçqırıqlarla bəlli lövhələrini. “Səhərdir, Qar
yağır”. Müəllimə övladlarından ala bilmədiyi sevgini şagirdlərindən almağa çalışır.
Sonra:
Əlində iki zənbil göy aparan ana
Bazarda satacaq onları
Tələbə oğluna göndərəcək.
Zəhmət ətirli
Göyərti qoxulu pulları.
Bu şeirdə yağan qar simvolik məna daşıyır. Və kədərlidir bu lövhələr, amma
həqiqətdir. Məhsəti Musanın şeirlərində bu kədərli səhnələr onun işığa, nura, Günəşə
olan romantik duyğularını heçə endirmir. Çünki həyatın acı reallıqları da var, insanı
qanadlandıran romantikası da. Miniatür bir şeirində yazır ki: “İçimizə çəkək ay işığını,
Bürünək buludlara Və yumaq gözlərimizi”.
Məhsəti Musanın şeirlərində bax, beləcə zərif duyğular, incə hisslər bir-birini əvəz
edir. Amma o zərifliyin, o incəliyin qəsdinə duran xəyanət, vəfasızlıq, sevgi
duyğusundan məhrum daş ürəklilər də varmış. Məhsəti Musa da ayrılıq şeiri yazır,
amma bu şeir yüz illərin ayrılıq şeirinə bənzəmir. “Səni bir az atam kimi sevdim-səni bir
az Allah kimi sevdim, ilk sevgim, ilk inancım kimi”. Bəs sonra?
Sən atamın və Allahımın
birləşmiş üzü kimi
hopdun canıma.,
İndi çiyinlərimdə atam boyda,
Ürəyimdə Alllah boyda ağırlıq var.
Sən nə Allahım ola bildin,
Nə də ki, atam…
Tutma özgənin yerini,
get məndən,
get, yad adam!
Bu, yeni, müasir çeşidli sevgi şeiridir. Məhsəti Musa “Lövhələr” adlı kiçik
şeirlərinin birində yazır: “Mənim ürəyim sevgim boyda”. Amma mən deyirəm ki,
onun ürəyi şeirləri boydadır. Arzum budur ki, o ürəyin tutumu daha da böyüsün,
genişlənsin, müasir poeziyamızın xəritəsində öz yerini tutsun.
“Ədalət” qəzeti
23 yanvar 2021-ci il.