Qəfil möhkəm atəş səs gəldi. Qardaşım o biri otaqdan “Rövşanəəə” deyib hövlank içəri girdi, elə bildim şkaf başına uçdu. Yuxulu olduğumçün nə olduğunu, nə baş verdiyini anlamadım. Elə bu anda yenə səslər gəlməyə başladı. Bir az sonra hər şey məlum idi. Müharibə başlamışdı…
Çox sevincli idi Hacı. Həyətdə o baş bu başa gedib “Vurun o namərdləri, vurun, vuran qollarınıza qurban olum!” – deyirdi. Həmin axşam anama dedi ki, mən də döyüşə gedəcəyəm. Anam bərk tutuldu:
– Yox, ay bala, getmə, sən getsən mən dözə bilmərəm.
– Orda döyüşənlərdən artıq deyiləm, qismətimdə ölmək varsa, burda da qalsam öləcəm. Odur ki, bərk ol. Sən güclü qadınsan.
Həmin günün səhəri könüllü yazıldı və sentyabrın 30-da evə zəng vurdu:
– Bacı, çağırış gəldi, mən gedirəm, anam sizə əmanət, siz də Allaha…
Evimizin ən ərköyünüdür Hacı. Yalnız öz bildiyi yolla gedən, amma bununla bərabər, qorxmaz, dost-tanış, qohumlar yolunda canını fəda edəcək biridir. Sonbeşik olduğum üçün çox cırnadırdı məni. Həmişə “Mənə bir stəkan çay ver, içim” deyirdi. Amma çayı istəyəndə də sözarası “sancdığı” üçün hər dəfə istəyini eşitməməzliyə vururdum, çay vermirdim. Cəbhəyə getməmişdən bir gün əvvəl gülə-gülə dedi: “Ay bacı, bircə stəkan çay süz, içim. Gedib gəlməmək də var”…
Bu sözləri sanki məni yuxudan ayıltdı, onu bərk-bərk qucaqlıyıb hönkür-hönkür ağladım: “Elə demə, inşallah qayıdacaqsan, ailən, övladların olacaq, özün kimi dəcəl balaların olacaq” deyə cavab verdim. Ən gözəl qabları gətirdim, Hacı üçün çay süfrəsi açdım.
“Şükür, ölməzdən öncə bu günü də gördük” – dedi.
“Sağ-salamat qayıt gəl evimizə, gecə saat 3-də də gəlsən, yenə sənə çay süzüb verəcəm” deyə ona söz verdim.
Şiddətli döyüşlər gedir, hər atəş səsi, təcili yardım maşınlarının səsləri gəldikcə anam “Anan ölsün ay bala, ay Hacı” deyib həyətdə fəryad qoparırdı. Cəbrayılın işğaldan azad olunduğu gün zəng vurub dedi ki, “Ana, Cəbrayılı aldıq, məndən nigaran qalma, hər şey əladır”.
Növbəti danışıqlarının birində bərk atışma səsi gəldi, telefonun səsi kəsildi, həmin günü səhərədək dualar etdik. Tək Hacı üçün deyil, bütün əsgərlərimiz üçün… Səhəri gün bildik ki, minamyot düşməsi nəticəsində 2 döyüş yoldaşı şəhid olub.
Hacı o çətin günlərdən çox şeylər danışır bizə. Amma mənim üçün əsas olan bir şey var, şükür ki, torpaqlarımız azad olundu. Şükür ki, mən qalib döyüşçünün, Hacının bacısıyam!
Rövşanə ƏLİYEVA,
Heydər Əliyev Mərkəzinin baş fond mühafizi