Müasir xəstəxana fondunun yaradılması tibbi sığortaya keçməyə imkan verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səhiyyə
sahəsində qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə əlaqədar Azərbaycan
Televiziyasına müsahibə verib.
Dövlət başçısı müsahibə zamanı qeyd edib ki, son 17 il ərzində Azərbaycanın
bütün bölgələrində 750-dən çox xəstəxana yenidən tikilib, yaxud əsaslı təmir edilib.
Yeni tibb müəssisələrinin həm memarlıq, həm də avadanlıqlarla təchizat standartları
yüksəkdir. Halbuki həmin dönəmdə səhiyyə sisteminin maddi-texniki bazasının
yaradılması, müasirləşdirilməsi başlıca zərurət idi. Bu gün səhiyyə sahəsində dövlət
siyasətinin növbəti hədəfi səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və
tibbi xidmətin keyfiyyətinin artırılmasıdır.
2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz
qara qızılı insan kapitalına çevirməliyik. Hazırda qarşıya qoyulan vəzifə bütövlükdə
icra edilib. Azərbaycanda hər il 5 milyon insan – ölkə əhalisinin yarısı dövlət
hesabına tibbi müayinədən keçir.
Bildirilib ki, müasir xəstəxana fondunun yaradılması tibbi sığortaya keçməyə
imkan verib.
Pandemiyaya qarşı tədbirlərdə bunlar mühüm əhəmiyyət kəsb edib:
 Əvvəl Azərbaycanda cəmi 8 laboratoriya var idi və gündə cəmi min test
keçirilə bilərdisə, hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə
bilər.
 Modul tipli 13 xəstəxana quraşdırılıb. Pandemiyaya qarşı mübarizə apararkən
insanlara çətinliklər yaradılmaması üçün çox həssas davranılıb. İlk
günlərindən bu istiqamətdə işlər düzgün aparılıb, bütün lazımi addımlar atılıb,
beynəlxalq təşkilatlarla təmaslar qurulub.
 4 milyon doz vaksin sifariş edilib və Azərbaycana gətirilməsi təmin edilib.
 Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə “Azərbaycan
modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə
Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib.

Cənab İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatına sədrlik edən
Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və
humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Bəzi ölkələrin
etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi
ilə BMT Baş Assambleyasının COVİD-lə bağlı xüsusi sessiyasının keçirilməsinə nail
olub.
Azərbaycan Prezidenti BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış
edərkən bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə təşəbbüsləri

2
birləşdirməyə, zəngin ölkələri məsuliyyət göstərməyə çağırıb. Bundan sonra
vaksinlər uğrunda mübarizə daha da kəskinləşə və bu, çox faciəvi fəsadlara gətirib
çıxara bilər. COVİD-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır.
Azərbaycan beynəlxalq qurumların fəaliyyətində özünü məsuliyyətli ölkə kimi
aparır və bundan sonra da öz səsini daim ucaldacaq. Təəssuf ki, pandemiya
şəraitində ədalətsizliklər müşahidə olunur:
 Dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələr bu günə qədər
vaksinlərinin 53 faizini sifariş ediblər;
 “Moderna” vaksininin 98 faizini, “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr
sifariş ediblər. Dünyanın aparıcı media qurumlarına bu məlumatları gündəmdə
saxlamaq sərf etmir;
 Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyən Kanada öz
əhalisinin sayından dörd dəfə çox – 154 milyon əhali üçün vaksin sifariş edib;
 Bu, digər ölkələrdə 120 milyon insana vaksinlərin çatmaması deməkdir;
 Kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk
altına düşür. Bu yanaşmanın dərin kökləri müstəmləkəçilik dövrünə aparır.

Ermənistan barbarlığından danışan ölkə rəhbəri qeyd edib ki, ermənipərəst,
anti-Azərbaycan, islamofob dairələr bilməlidirlər ki Ermənistan Azərbaycan
torpaqlarını işğal edərək bütün infrastrukturu dağıdıb. Füzuli şəhərində bir ədəd belə
salamat bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli binası qalıb. Cəbrayıl
şəhərinin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda
sadəcə olaraq bir neçə yarıdağılmış vəziyyətdə ev qalıb. O evlərdən də onlar polis
şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edilib. Yol boyunca kəndlərin bütün
binaları dağıdılıb, talan edilib. Müasir dünya ikinci belə vəhşilik görməyib. Əliyalın
insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi
dağıdıblar.
Erməni vandalları hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə,
azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Amma Azərbaycanın o faciədən sonra
ayağa dura biləcəyini, zəngin təbii ehtiyatlardan səmərəli şəkildə istifadə edib inkişaf
edəcəyini görə bilməyiblər.
Prezident İlham Əliyev əlavə olaraq bildirib ki, azad edilmiş torpaqların
bərpası ilə bağlı bir çox mühüm qərarlar qəbul edilib, qərargah yaradılıb. Bütün
təkliflər, bütün təşəbbüslər qərargaha göndərilməlidir. Bütün torpaqlar planlı şəkildə
bərpa ediləcək. Orada insanlar üçün yaradılan şərait dünyaya nümunə olacaq.
Şuşanın bərpası xüsusilə qeyd edən möhtərəm Prezident bildirib ki, birinci
təhlil aparılmalı, ondan sonra o tarixi binalar bərpa edilməlidir. Bərpa zamanı
mütəxəssislərin rəyi nəzərə alınacaq. Şuşada tarixi binaların bərpası,
“xruşşovkalar”ın yerində müasir 4-5 mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə
tutulur.
Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Şuşa nəinki
Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə
çevriləcəkdir. Mərkəzi Bankın sədrinin təmsil etdiyi qurumun Şuşada

3
nümayəndəliyinin açılacağını bildirməsi özbaşınalıqdır. “Azəravtoyol”un rəhbəri
Şuşada qurumunun regional mərkəzini açmaq üçün müraciət edib. Şuşada
“Azəravtoyol”un regional mərkəzinin nə işi var? AZAL-ın rəhbəri də müraciət edib ki,
AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur.
Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı
müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun? Fövqəladə
hallar naziri Şuşada Nazirliyinin Qarabağ regional mərkəzini yaratmaq üçün müraciət
edib. Dövlət Sərhəd Xidmətinin rəisi sərhəd xidmətinin Şuşa zastavasını da
yaratmaq istəyir. Şuşada sərhəd var? İndi bizim o boyda sərhədimiz yaranıb, ta
şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd.
Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Hamısı dövlət hesabına
Şuşada özlərinə rezidensiya inşa etdirmək, bu işə pullar israf etmək, özləri üçün
şərait yaratmaq, o torpağı zəbt etmək istəyirlər.
Ucuz populyarlıq dalınca qaçanların axırı pis olur. Heç kim özbaşınalıq edə
bilməz. Məmurlar dövlət qulluqçusunun etik davranış normalarına əməl etməli, öz
yerlərini bilməli, öz işləri ilə məşğul olmalıdırlar. Qarabağın azad olunması ilə dövlət
idarəçiliyinə də yeni yanaşma, yeni model gəldiyini hər kəs hiss etməlidir.
“Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir,
yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir” devizini öz
fəaliyyətlərində əsas götürməlidirlər. Azərbaycan vətəndaşlarını yersiz qıcıqlandıran,
onların dövlət aparatına etimadını azaldan heç bir hərəkət cavabsız , cəzasız
qalmayacaq.
Sonda möhtərəm Prezident vurğulayıb ki, bərpa ilə bağlı görüləcək işlərdə
mütləq ictimai nəzarət olmalıdır. İctimai nəzarət olmasa, yenə də eybəcər binalar
tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Heç bir qanunsuz
hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə
olmalıdır. Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya
qayıdacaq insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü
bütün dünyaya nümayiş etdirilsin.

rib

Şərhlər