Toy günündə şəhid olan snayperçi

Deyirlər torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda vətən olur. 44 günlük
savaşda igid oğullarımızın qanı qətrə-qətrə hopdu bu torpağa. Müqqəddəs torpaqlar
şahid oldu bu yurd üçün canından keçib şəhid olan oğulların son nəfəsinə.
Vətənimizin bütövlüyü üçün canlarından keçdi igid qardaşlarım. Vətən deyib
atıldılar döyüs meydanına. Onların al-qanıyla yuyuldu torpaqlarımızdan düşmənin izi.
Son nəfəslərinə kimi bütöv Azərbaycan deyib savaşdılar. Biz onların sayəsində
kitablarda oxuduğumuz qəhrəmanlıq dastanının şahidi olduq. Onlar da ‘’dumanlar
başında dastana döndülər”. Kimisi geridə gözü yaşlı körpəsini, kimisi də bəzəkli
xonçasını qoydu yadigar. Həmən o igidlərdən biri də Vətən müharibəsində geriyə
baxmadan döyüşə yollanan, körpələrinin gözünü getdiyi yollarda qoyan qəhrəman
şəhidimiz Həsən İsmayıl oğlu Süleymanov idi. Həsən 25 avqust 1991-ci il də Ağcabədi
rayonunda anadan olub. 1998-ci ildə Ağcabədi şəhər 3 saylı orta məktəbin birinci sinfinə
gedib.

Məktəbi bitirdikdən sonra, 2009-cu ildə həqiqi hərbi xidmətə yola düşür. Xidməti
dövründə tuşlayıcı atıcı (snayper atıcısı) kimi Xidməti borcunu yerinə yetirdikdən sonra
rayona qayıdan Həsən sevdiyi qız ilə ailə qurur.
Vətən müharibəsi başladıqdan sonra, sentyabrın 29-da cəbhəyə yollanır. O,
Cəbrayıl, Füzuli və Zəngilanın azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərir.
Düşmənin canlı qüvvəsini, silah-sursatını, hərbi texnikasının böyük qismini dəqiq
snayperlə məhv edir.
Həsən haqqında onun həyat yoldaşı Qumru xanımla söhbətləşdik. O, bildirdi ki,
Həsən bizimlə gec-gec əlaqə saxlayırdı. Ancaq hər danışanda çox inamla, qürurla
danışır, ordumuzun gücündən, düşməni necə lərzəyə gətirdiklərindən sevinclə söz
açırdı. Son danışıqlarından 8 gün keçmiş nigaran olan ailəyə zəng gəlir. Həsən hər
şeyin yolunda getdiyini, tezliklə Vətənimizə uzanan əlləri kəsib geri dönəcəyini deyir.
Atasına isə üstüörtülü şəkildə Qubadlıya döyüşə yola düşəcəklərini bildirir. “Çıxdığım bu
yoldan geri dönə bilməsəm, körpələrim sənə əmanət” deyib sağollaşır.

Qumru xanım bildirir ki, “Mən onunla danışanda dedim ki, Həsən, sən bizdən
narahat qalma, bizi düşünmə. Fərəhlə dedim ki, bax ha, torpaqlarımızı azad etməyincə
dönmə geri. Bilməzdim ki, Həsən axıra kimi gedə bilməyib yolun yarısından qayıdar.
Ayaq basacağı son torpaq Qubadlı olar. 25 oktyabrda Qubadlının işğaldan azad
olunduğunu eşidəndə fəxr etdim ki, mənim də yarımın bu zəfərlərdə payı var. Ancaq biz
bilmədik ki, bu döyüş zamanı Həsən minamyotla ayağından, şah damarından vurulub.
O döyüşdə çox şəhid və yaralı olub. Döyüş meydanında Həsəni yaralı qoymayan
yoldaşları onun “Məni burda qoyub yolunuza davam edin” deməsinə baxmayaraq, xeyli
məsafəni onu çiyinlərində daşıyıblar. Lakin döyüş yoldaşları onu xilas edə bilməyiblər.
Oktyabrın 26-da Həsən haqq yolunda şəhid olub”.
Qumru xanım bunu da bildirir ki, “Həsənin şəhadətə ucaldığı gün bizim toy
günümüz idi. Bu gün mən onunla fəxr edirəm”. Qumru xanım Həsənin yadigarı olan
Hüseyni, Fatiməni ona layiq, onun kimi vətənpərvər böyütməyi özünə borc bidiyini
söylədi.
Məğrur duruşlu, sərt baxışlı Həsən kimi oğulların sayəsində Azərbaycan qan
yaddaşını qələbə yaddaşı ilə əvəz etdi. Şəhidlərimizlə, qazilərimizlə, igid oğullarımızla
yüksəldik zəfərə. Şəhidlər Xiyabanının yanından keçərkən həmişə kövrələn Həsən
qardaşımız indi özü bu xiyabanda uyuyur. Məkanın cənnət olsun, şəhidim. Anan səninlə o qədər fəxr edir ki, məndən bir istəyi də oldu. Deyir “Qızım, elə et ki, bu yazını çox
adam oxusun. Mənim igid oğlumu hamı tanısın”.
Qəhrəman qardaş, biz bilirik ki, şəhidlər vurulanda yox, unudulanda ölür! Sizi
tanımaq və tanıtmaq hər birimizin borcudur.
Zəfəri bizə daddıran şəhidim, bir ömür sənə və sənin kimi bütün şəhid
qardaşlarımıza borcluyuq. Sizlər yurd həsrətimi bitirdiniz, çiyinlərimdən qaçqın olmaq
yükünü götürdünüz. Haqqınız ödənilməzdir!

Pərvin ŞAKİRQIZI

Şərhlər