5.4 C
Aghjabadi
Bazar ertəsi, Dekabr 6, 2021

Şəhid Mayor Novruz Əsgərovla 1 il xidmətdə-XATİRƏLƏR

Komandirin Kapitan Novruz Əsgərovdu…

Yadımdadı, hərbi hissəyə gəldiyim ilk gün onu mənə bu bir cümləylə tanıtmışdılar. Hərbidə keçən sonrakı günlər isə onu mənə belə tanıtdı- bəstəboy, çox danışmayan, səhəri otağına quraşdırdığı “Həyəcan siqnalı” ilə açan, hərbi hissədə gündüzünü gecəsinə qatan komandir kimi…

 Pul qabında hər zaman çoxlu pul olardı, bəzən pulqabısı bağlanmazdı heç. Deyəcəksiniz xərcləməyə yeri yox idi, amma var idi. Hansı Əsgərin borcu olsa bağlayar, kiməsə pul lazım olsa, sorğu-sualsız çıxarıb verərdi. Onun pul qazandığı yer də hərbi hissə idi, pul xərclədiyi yer də. Aldığı maaşı əsgərinə xərcləyən komandir idi o, başqa xərci olmazdı. Kirayədə də qalmazdı heç, hərbi hissə həm evi idi, həm işi…

Taborda ilk gün

Hə… Sizə hərbi hissəyə gəldiyim ilk gündən danışıram axı… Əsgərlər, zabit və gizirlərlə tanışlıq, yerləşmədən sonra yuyunmağa çıxdım. Qayıdanda baxdım saat axşam 11.00 olub. Komandir Əsgərov da dayanıb kazarmanın qarşısında. 30-40 metr kənarda da turniklər olan idman yeri var. Əsgərləri dizdən bir az yuxarı olan otun içində uzanan gördüm. Öz aləmlərində gizləniblər ki, komandir onları görməsin. Çünki “yat komandası”nın vaxtından keçib. Əsgərlikdə olanlar belə işlərin cəzasını yaxşı bilir.

    Fikir verdim, komandir o tərəfə baxmır. Yaxınlaşıb hərbi salam verdim, keçmək istəyəndə, dedi, Məmmədov, turnik tərəfə baxma, əsgərlər gizlənib. Mən indi uzaqlaşacam, sən get onlara de ki, komandir deyir, düzülsünlər, gəlirəm.

     -Oldu, yoldaş kapitan deməyimlə uzaqlaşdı ordan. Gəlib əsgər yoldaşlarıma komandirin tapşırığını çatdırdım ki, düzülsünlər. Otluğa uzanan əsgərlərin təəccübü bir-birinə qarışdı, bu onun özünə baxdı, o bunun:  bizi görüb?

     Dedim, bilmirəm daha kimi görüb, kimi yox, mənə dedi ki, düzülsünlər, gəlirəm.

   Nə isə… hamı deyinə-deyinə gəlib cərgədə yerini tutdu, düzüldük. Komandir gəldi ki, əsgər axşam saat 10-da yatmalı, səhər 6-da oyanmalıdı. Əgər yatmırsa, onun məsuliyyəti yazılır hara? Əsgərlərin bir-birinin üzünə baxdığını görüb cavabı da özü verdi. Əlini boynuna qoyub dedi, bura yazılır, bax, bura- o əsgərin komandirinin boynuna. Indiysə gedin yatın, səhər saat 6-da oyanacaqsız. Gəlib yoxlayacam- dedi və səhər saat 6-da oyanmayanı “gözəl əsgər sözləri” ilə bəzədi. 

Əsgər ağlı…

Səhər saat 6.00. Bölük növbətçisinin komandası eşidildi: “Bölüüüüüüüüük Qalx !!!”

Hamı oyandı və bölük növbətçisindən növbəti komanda gəldi: “Bölüüüüüüüüük, 1-dən 60-a qədər Say!!!”

Hamı başladı saymağa. Və ardınca sonuncu komanda gəldi. 

Bölüüüüüüüüük, Yat.

Yaxınlaşdım ki, qardaş bəs niyə belə? Dedilər, görmədin? Səhər saat 6-da oyanmayanlara nələr dedi komandir? Bizdə belə elədik. İndi hamı rahat yata bilər… 

Ata, qardaş qayğısı

    Yata bilmədim, 3-cü mərtəbəyə əl-üzümü yumağa qalxdım. Ora da qapısız pəncərəsiz bir yer. Komandirin otağı da orda idi. 

“Şəp-şüp”-lərimin ucunda keçəndə gördüm yatıb – qapısı da açıq. İçimdə dua edə-edə  çevrilmişdim ki, gözlərini açmadan dedi: Məmmədov, əsgərlər oyanıb? Dedim, bəli, komandir.

   Əlbəttə, inanmadı. Formada yatmışdı. Qalxdı, dedi, gedək baxaq. Gəldik. Bölük növbətçisi “Fərəğət” komandası verməmiş ona əli ilə “sakit” işarəsi verdi. Gördük hamı yatır. Mənə baxdı, dedi, gördün ki, yatıblar. Bir günə səni də özlərinə oxşatdılar. Dedim, mən gələndə hamı oyaq idi, komandir…

     Bölük növbətçisinə “hələ oyatma, gec yatıblar, səhər düzülüşünə oyadarsan. Heç kim gecikməsin” əmrini verəndən sonra səssizcə yaxınlaşıb üstü açıq qalan əsgərin üstünü örtdü- diqqətindən yayınmamışdı –elə bil atadı, anadı, qardaşdı. Sonra gülə-gülə mənə yaxınlaşıb, “nə qədər yatsalar axşam dediklərimi o qədər çox götürəcəklər” dedi-  balaca, dəcəl uşaqların özünə bəraət qazandırmasını xatırladan təbəssümü ilə…

Əsgərlərinə dediyi məşhur bir cümləsi vardı. Deyirdi, nəinki bu taborda, bu hərbi hissədə, Azərbaycan Silahlı Qüvvələrində, ümumiyyətlə Dünya Silahlı Qüvvələrində də məndən pis zabit yoxdu, ağıllı olun. Amma biz bir ildə onun bir pisliyini görmədik ki, yaxşılığını gördük.

“Hörmət”

Başlıq dırnaq içində hörmət olsa da mövzum bu deyil. Hərbiyə gedəndə Atama dedim, bəziləri hörmətlə Bakıya düşür, Şəkiyə düşür… nə bilim hara, necə…  Yenə arada “dələduzluq” edənlər tapılacaq, amma onlara heç bir “hörmət” etmə. Gəl o “hörmət”i yarıya bölək, hər ay mənə göndər, hara düşürəm- düşüm. Valideynlər təlaş keçirdiyi həmin vaxt nə desən razı olurlar.  Xidmətə gedirsən axı.

Atam razılaşdı. Məni öncə Salyana, 3 ay sonra Ağstafaya göndərdilər. Heç vaxt peşman olmadım, çünki Tanrı mənə Mayor Novruz Əsgərov kimi bölük komandiri, Polkovnik Leytenant Ramiz Cəfərov kimi tabor komandirinin əmrində xidmət etmək, onları tanımaq şansı bəxş etdi. 

Qazaxlı ağ amerikalılar

Atam hər iki həftədən bir Qazaxda yaşayan rəhmətlik bibimgilə 100-200 manat göndərər, mən də həftə sonu axşama qədər olan buraxılış icazəmi alar, gedib o pulu götürər, Qazaxda, Ağstafada – harda toy çadırı görsəm girib oturardım. Kababdan yeyib, ağzı xamırlı “Samagondan” içər, 25 manat da toya pul yazdırandan sonra Qazax olardı mənim üçün Los Angeles, Hollywood, qazaxlılar da ağ amerikalı. 

Bununla da kifayətlənməz, üstəlik bir musiqi də sifariş edər, bəyin ən əziz adamı, doğması kimi toyda oynayıb çıxardım. Nə kimsə bilər, nə bir söz deyərdi. Sizə bir “dövlət sirri” də deyim, Gəncə-Qazax zonasında əsgərə hörmət bir başqadı. Yox səhv salmayın, bu hörmət o “hörmət”dən deyil. Əsgər baş tacıdı oralarda. Orda əsgərə “dərdin alım”dan başqa söz deyilməz.  

Vətən vurğunu

Toydan Sonra gedər Səməd Vurğun parkında bir çayxanada oturar, dəmli çaynikdən ikisini, üçünü içərdim ki, arağın qoxusu getsin. Amma zəhrimar getmirdi. Nanəli Dirol saqqızını nəfəsinə yaxınlaşdıranda az qalırdı ərisin. O reklamlarda gördüyümüz “Dirol” çeynəyəndə hər yer buz bağlayır söhbəti Qazaxda keçmirdi. Maraqlı söhbətlərə şahid olurdum o parkda. 

Hətta bir dəfə ağsaqqallar yan masada nərd oynayırdılar, söhbətlərini eşitdim. Deyir, nüəmnən soruşoram ki, ay oğraş, yaxın deyil uzaxdı, Vurğunun Vətəni Qazaxdı kimin şeiridi?  Kopoğlu deyer, Aşıq Ələsgərin. Bunu bilmer, maa deyer, ay bava, saz al, aşığ olajam.

…  Belə qazaxlı, şirin xatirələrlə parkdan qalxar, gicəllənə- gicəllənə qayıdardım hərbi hissəyə. Son gücümü toplayıb bacardığım qədər uzaq məsafədən məruzə edərdim ki, əsgər Məmmədov buraxılışda olan zaman heç bir hadisə baş verməmişdir. Sonra da gedib canımla əlləşərdim. 

   Kimsə anlamasa da, anlayardı O – komandirimi deyirəm. Anlayardı, amma heç vaxt üzümə vurmazdı. Əvəzinə növbəti həftəni növbədən növbəyə salar, içdiyim o haramı bir həftəyə piltə- piltə burnumdan gətirərdi. 

Əsgər yeməyi 

Mən əsgər olanda 3 dəfə əsgər yeməyi, 2 dəfə də əsgər bufetində (biz “Çaynı” deyirdik) insan yeməyi yeyirdim. Çünki “perlova” toyuq yeməyi kimi bir şeydir. Nə qədər yeyirsən ye, bir toyuq tox vaxtı hansı gücdə olursa, o gücdə olursan. Dietada olan qızlara məsləhətli yeməkdi, səhərdən axşama ye, arıqlayırsan ki, kökəlmirsən. 

Bufetdə yediyim yeməklərin də pulu yığılardı, 200-300 manat olanda gətirib bağlayardım. İmkansız əsgərlərimiz var idi. Onların baxmasına dözmürdüm. Əslində, baxan da yox idi, amma, necə deyərlər, ac acı tanıyar, tox deyilik ki, acdan xəbərimiz olmasın.  Deyirdim, alın istədiyinizi yazdırın mənim borcuma. Nə hikmətsə, onlar da həmişə vafli alırdılar, ya da “kontik” (O dövrün əsgərləri yaxşı bilir “kontik”nədir). 

     Bir gün kapitan Novruzov bufetin qabağından keçəndə oranı işlədən deyir,  sizin Əsgərin bizə düz 359 manat borcu var.  Komandir də çıxarır verir ki, al, daha əsgərin sizə borcu yoxdu. 

Yemək üçün ölmə, ölməmək üçün ye…

…Çağırdı məni yanına. Soruşdu: Məmmədov, sən Əsgər yeməyi yemirsən? Dedim, yeyirəm, komandir – gündə 3 dəfə. Dedi, üstəgəl bufetdə də yeyirsən? Dedim, bəli. Dedi, əə, sən dinozavrsan? 

-Komandir, axı əsgər yeməyindən doymuram- dedim, dedi, Məmmədov, əsgərə yeməyi vermirlər ki, doysun, verirlər ki, ölməsin.

 Nə deyə bilərdim ki, “oldu, yoldaş kapitan”- deyib otaqdan çıxdım. Amma borcumu bağladığını demədi. 2 ay sonra bildim. İki ay sonra gördüm borcum əskik gəlir, dedilər, komandirin bağlayıb.

   Belə bir komandir idi Kapitan Əsgərov.  

Zabit maaşı

Heç vaxt şikayət etməzdi. Bir dəfə məzuniyyətdən yol kənarı ilə piyada hərbi hissəyə qayıdırdım. Komandirlər də maşınla hərbi hissəyə gəlirmişlər. Məni görüb götürdülər. Sürücü, baş leytenant,  bir də kapitan Əsgərov maşında idi. Baş leytenant başladı şikayətə ki, bu nədir e, leytenantla baş leytenant maaşı arasında 20 manat fərq var. Kapitan Əsgərov da qayıtdı ki, azdı 20 manat? 20 manatı pul hesab etmirsən? Dedi, yox. Kapitan Əsgərov “onda hər dəfə maaşını alanda 20 manatını gətirib verərsən mənə” deyəndə hamı güldü, mən gülə bilmədim. Əsgər maaşım 12 manat idi. Mən hansı günümə gülüm deyə fikirləşdim.

Şəhid komandir

Snayperi ilə o qapısız, pəncərəsiz kazarmanın 3-cü mərtəbəsindən işğaldakı torpaqlarımıza baxmağı sevərdi. İnanırdı ki, bir gün o torpaqlara pəncərədən yox, lap yaxından baxacaq. Görəsən, bilirdimi ki, özü baxmasa da, bir gün minlərlə azərbaycanlı o torpaqlara yaxından baxacaq – onun şəhidliyi, qanı bahasına. Məncə, bilirdi. Bilməsəydi, əsgərlərilə birgə Suqovuşan uğrunda çiyin-çiyinə vuruşmazdı.

Bəli… O artıq şəhiddir. Özü də mayor rütbəsində. Vətənini, millətini, əsgərini sevən komandir idi kapitan Əsgərov. Ona görə də şəhidlərimizin siyahısında ismini və rəsmini görəndə düzü, təəccüb etmədim, sadəcə təəssüf etdim.

12 il sonra da dəyişməmişdi, xatirimdəki həmin kapitan Novruz Əsgərov idi. Yenə də uzaqlara baxırdı – Vətənə…  amma bu dəfə uzaqdan yox, ucalıqdan. İndi isə mən idim ona uzaqdan baxan. Həm illərin uzaqlığı var idi aramızda, həm məsafənin, həm məqamın. O, indi daha uca bir məqamdadı- şəhid məqamında. Ruhun ucalardan uca olsun, Komandir!

Əsgərin Asiman Mamedov (2008-2009)

ABŞ, Tennessee. 2021

Xəbər lenti

BƏNÖVŞƏYİ EŞQİM (İkinci hissə)

Artıq digər saytlarda da şeirlərim oxuculara təqdim olunurdu.Hər dəfə çəkinə-çəkinə göndərdiyim şeirlər işıq üzü  gördükcə bir az ürəklənirdim. Çünki,oxucuların fikirləri də əvvəlkilərdən fərqlənirdi....

“Əbədiyaşar” adlı müsabiqə

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 12 Dekabr – ulu öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ümumtəhsil məktəblərdə fəaliyyət göstərən “Gənc Heydərçilər”...

Atletika üzrə rayon turniri keçirilib

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “1 Dekabr–QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü”nə...

Müasir Azərbaycanın memarı və qurucusu

Dekabrın 3-də Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi, Ağdam Rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə,...

Vaksinasiya tədbirləri

Rayonumuzda koronavirusa qarşı mübarizə vasitəsi olan vaksinasiya kompaniyası müntəzəm olaraq davam etdirilir. Pandemiya əleyhinə görülmüş tədbirlər nəticəsində rayon sakinlərinin böyük əksəriyyəti peyvənd...

Rayonda pambıq yığımı davam edir

            Qəzetimizin əvvəlki saylarında da məlumat verdiyimiz kimi Ağcabədidə cari ildə yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki  qaydalara ardıcıl...

Ağcabədi və ətraf rayonlarda aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi...

Təlim kursu keçirilib

Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə növbəti təlim kursu Ağcabədidə keçirildi. “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT)...

Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün əyləncəli tədbir təşkil olunub

3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Ağcabədi rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.“Gələcəyə Qayğı” Regionların sosial-iqtisadi inkişafına...

“Əlilliyi olan şəxslərə qayğı və imkanların genişləndirilməsi” Forumu uğurla yekunlaşıb.

   BMT Baş Məclisi tərəfindən qəbul edilən 3 dekabr"Əlilliyi olan insanların Beynəlxalq günü"nün məqsədi əlilliyi olan bütün insanların hüquqlarını qorumaq,cəmiyyəti onların problemlərinin həllinə cəlb etməkdir.

Şərhlər