Son görüşümüz mərkəzi poçtun yaxınlığında, işıqayıranın yanında oldu.
Təsadüfən görüşdük. Biz çayçıda oturub, əməlli-başlı dərdləşmək istədik. İşin
tərsliyindən bir yer tapa bilmədik. Bir çayçı dedi işıq yoxdur, biri dedi samovar hələ
qaynamayıb, biri də dedi ki, çay üçün şirin suyumuz yoxdur. Çəkilib səkidə, ərik
ağacının altında şirin-şirin söhbət etdik. Dedi ki, elə ən şirin söhbət ayaqüstü olan
söhbətdir. Oturmursan, torpaqdan nisbətən uzaq olsan da, bir-birinə yaxın olursan. Hər
şey təbii, təmiz olur. Razılaşdım. “Ağacdələn” şeirini oxumağı xahiş etdi. Oxudum. Özü
də yeni şeirlərindən oxudu. Dinlədim. Şeirlərini oxuyanda, ürəkdən şirin-şirin danışanda
gözlərindən qığılcım yağırdı. İşıq, nur tökülürdü çöhrəsindən. Gülüşü elə özünəməxsus,
şirin, yatımlı olurdu ki, bunu ifadə etməyə söz tapa bilmirdim. Növbəti dəfə
gülümsəyəndə, gülüşü səpələnəndə anladım ki, o təkcə ürəkdən gülmür. Ruhu ilə
güldüyünü ona söylədim. Razılaşdı və yenə gülümsədi. Adama sirayət edən, ağuşuna
alan bu doğma gülüşün aramızda son olacağını kim bilirdi?!
…Çapa hazırlanan (artıq sənsiz) kitabının əlyazmalarını oxuyuram. Yox, təkcə
oxumuram. Yazdıqlarından sinəmdə sən boyda sağalmaz dərd toxuyuram. Qəlbimin
dərinliyində sənsiz dünya ilə barışa bilməsəm də, deyirəm şeirlərin bəlkə məndən ötrü
kiçicik təsəlli olar. Və elə o an da özümü qınayıram. Axı təsəlli nə deməkdir?! Təsəlli
unutmaq, unutqanlıq deyilmi? Məgər səni, yazdıqlarını, günəşli gülüşlərini unutmaq
olarmı? Yox, min dəfə yox! Sənsiz nədə isə təsəlli tapmaq, məncə insafsızlıq,
ədalətsizlik, ən azı etibarsızlıq və qələmsizlik olardı… Şeirlərini oxumağa başladım.
Ancaq səninki olan, sənə məxsus nəfəsin gələn, ruhu oxşayan təmiz ruhlu şeirlərin
məni bir daha düşündürdü. Və eyni zamanda həyatın davam etdiyini düşünən mən
bunun gələcəkdə necə və nə cür olacağını tam təsəvvür edə bilməsəm də şeirlərinlə
yükləndim. Və bir daha anladım ki, ancaq sən Saqif belə həzin (həsrət dolu), nəfis
şəkildə yaza bilərdin:
…Əllərini də çıxarıb atacaqsan
Qəpiklər oynaşan cibindən.
Ayaqlarını sıxan yolları da
Soyunub yığacaqsan bir küncə…
Bu boyda yollar niyə ayağı sıxır?! Yol ki, ayaqqabı deyil. Uzun və geniş yolların
da ayağa dar olması, sonda soyunulub bir güncə (hardasa, lazımsız bir şey kimi)
yığılması (atılması) adama nələr demir… Çox şey deyir əslində. Həyatda, ömürdə
başına gələn sıxıntılar səni sıxdığı kimi yollar da ayaqlarını sıxır, sənə bəs etmir. Çünki,
ayaqlar təkcə ayaq deyil. Onlara bu dünyanın yolları da bəs etmir. Axı ürək böyük,
dünya boyda olanda yollar bizə, ayağımıza olduqca dar, qısa gəlir.
Qaçqınlıq həyatını lap uşaqlıqdan yaşayan və bu həyatın içində qovrulan Saqif
Qarabağ müharibəsinin onun taleyində oynadığı rolu görün neçə sadə, anlaşılan və
düşündürən dillə təsvir edib. Axı əsl şair şeiri izah etməli, araşdırmalı deyil.
Yazdıqlarının sətiraltı mənasını oxucu özü tapmalı, özününkü etməlidir. Şair yazdığı
mövzuya gizli ehyam vuranda şeir öz oxucusunun ünvanını dəqiq tapır. Saqifdə olduğu
kimi:
Min doqquz yüz doxsanda
Mən doğulanda
Qarlamışdı doğum günümə
İki il sonra başladı qara günlər.
İndi yağış yağır
Haçansa Günəş…
Bəli, yağan ağ qarın gətirdiyi qara günlərdən yazır burada Saqif. Və təkcə yazmır,
yaşayır o qara günləri. Biz də bir vətəndaş oxucu kimi o günlərə biganə qala bilmirik.
Saqif riyaziyyat müəllimi idi. Şair və riyaziyyat! Bax buradan onun şeirlərində
doğulan riyazi dəqiqlik də özünü qabarıq büruzə verirdi:
Günəşi də dəfn elədi üzünün
qərbində…
Hərdən ölənlərə salavat çevirəndə
Həm də batan gözünə sığal çəkir…
Ayrılıq dərdi çəkən şairin ürəyi böyükdür, Vətən boydadır. Burada soyuqluq var.
Amma bu soyuqluq etinasızdır, biganəlik soyuğu deyil. Bu soyuqluq təsəlli, inam, ümidlə
doludur. Adamı isindirən, ovunduran soyuqluq müəllifdə həyatı və təbii bir mənzərədir.
Saqif bu bənzətmə mənzərənin poetik tablosunu yaratmağa uğurla nail olub. Oxuyaq:
Bədənimdə çox soyutdun
Çox soyutdum ayrılıqlar mərmisini
Çox iriçaplı ayrılıqlara
Vətən oldu bədənim.
Gənc şairin (bəlkə də sevən) sevgi şeiri də təbii və təsirlidir. Özünəməxsus fərdi
olduğu kimi inandırıcıdır. Axı sevgi ancaq sənin və onun sevgisidir. Çünki insan həyatın
çox və bütün məqamlarında kiməsə oxşamaq istəsə də, sevəndə başqasına bənzəmək,
o kimi sevmək duyğuları sənə tam yaddır. Sevgi sənin sevgindir. Qəlbin səsi, çırpıntısı,
ən ülvi, kövrək duyğu olan sevgi yalnız və yalnız, səninki olduğu üçün, insan sevəndə
özünə sadiq qalır. Başqasına oxşamaq istəmir (qəti olaraq). Başqalarıyla paylaşmır bu
müqəddəs, möhtəşəm istəyi, sevgini. Çünki həyatda nə qədər xeyirxah, rəhmdil, insaflı
olursan ol, sevgidə başqasına pay düşməyəcəyini qəlbinin ən kövrək, yanıqlı hissi ilə
anlayırsan. Anlayırsan ki, bu sevgi ancaq sənə məxsusdur. Belə sevməyi ancaq sən
bacararsan.
Saqifin sevgiyə yanaşma tərzi də özününküdür. Onun lirikasında mövcud olan
sentimentallıq nə yaxşı ki, sentimental təmtərağa, bayağlığa, cılızlığa tərəf getmir,
əksinə təbii olduğu üçün uğurla səslənir:
Əllərim sevgi məktubu
Ciblərim poçt qutusu.
Hər gün əlimi cibimə qoyub
Sənə məktub yollayıram…
Nə qədər səmimi, qəlbin dərinliyindən gələn etiraflı misralardır. Burada sevgi
bənzətmə ilə ifadə edilsə də, hər şey yerində və dəqiqdir. Əllərini cibinə (poçt qutusuna)
qoyan sevən müəllif sevgilisinə məktubu əlini cibinə qoymaqla yazır. Sözsüz burada
sevənin barmaqları bu sevgi məktubunun poetik sətirləri, misralarıdır. Və bu misraların
elə cibində ünvanını tapacağına inanırsan. Bu inamı bizdə Saqif yaradır. Düşünən
beyni, yazan əli ilə.
Saqif Ağcabədidə qaçqınçılıq həyatı yaşadı. Baxma ki, Ağcabədi aran, Laçın isə
dağ rayonudur, onlar arasında həmişə sıx əlaqə, yaxınlıq, bağlılıq olub. Odur ki, onlar
doğma yerdən didərgin düşəndə təbii ki, Ağcabədiyə pənah gətiriblər. Saqif də burada
böyüdü, institutu bitirib, işlədi. Ancaq Laçından lap körpə uşaq ikən çıxmasına
baxmayaraq, kiçik Vətəni olan bu torpağa qanla, genetik bağlılıq onu heç zaman tərk
etməyən bir nisgil, həsrət, qürbət yaradırdı. Və müəllif köçkünlük həyatının hər
sahəsində özünü qabarıq göstərən qürbət varlığını içəridən gələn bir ustalıqla, yanğıyla
qələmə alırdı. Axı bu gündən-günə dəyişən dünyada hər şeyi dəyişmək olar (olur), təkcə
Ana Vətən olan torpaqdan başqa. Sənə hər qarışı doğmadan da doğma olan torpağı
başqası ilə neçə dəyişə bilərsən. Heç cür. Odur ki, belə həyatın yaşam tərzi Saqifin
qələmi ilə qaçqın düşmüş itin obrazında özünü bax belə göstərir:
Quyruğunu bulamaz
Hərdən yorğun-yorğun
Başını yellər
Hürməzdi…
Müəllifin dərin müşahidə qabiliyyətinin məhsulu olan bu misralar bizə çox şey
söyləyir. Sahibinə etibarlı olan it, doğulduğu torpağı unuda bilmir. Burada nə qədər xoş
həyat sürsə də içəridə xoşbəxt deyil. Çünki onun bütün şüuru qoyub gəldiyi o doğma
torpaqdadır…
Müharibədə ayaqlarını itirmiş insanın şalvarını qadınının necə yuması lövhəsi də
təsirlidir:
Qadın ehtiyatla yuyar,
Ehtiyatla sərər.
Sıxmaz yaralı paltarları…
Bu misralara nəsə əlavə etmək, izahlandırmaq məncə, sadəcə olaraq günahdır.
… Deyirlər adam dünyanı tərk edəcəyi zamanı tanıyır. Yəni adam ölümünü
qabaqcadan hiss edir, görür. Saqifin də son zamanlar dünyanı tez, vaxtsız tərk edəcəyi
sanki ürəyinə dammışdı:
Dən düşdü saçıma, qəm bir tərəfdən
Əridi gözlərim, nəm bir tərəfdən
Qürbət bir tərəfdən, sən bir tərəfdən
Ölürəm həsrətin qolları üstə.
Və yaxud:
Dəlidağda duman yetim, çən yetim.
Saçlarıma sığal çəkən dən yetim,
Təpədən dırnağa sevgidən yetim,
Bir şair böyütdüm əlimin altda.
Doğma torpaqdan uzaqda, elə Vətəndə qürbət həyatı yaşayan gənc şair
həqiqətən də yetim idi. Əlbəttə, doğulduğun torpağa başını qoyub xəyala dalmırsansa,
həqiqətən də sən yetimsən. Fiziki cəhətdən yetim. Amma şeirlərində Saqifin poetik dillə
deyilmiş misraları yetim deyil. Onlar dolğun, tam, bütov olduqları üçün bədii zövqü
oxşaya bilirlər. Bu şeirləri oxuduqca mənən zənginləşir, onlardan estetik zövq ala
bilirsən. Bu da şairin əsl uğurudur.
… 30 yaş nədir ki?! Böyük, uzun müddət deyil. Amma Saqif elə bu qısa ömürdə
də həsrətin, qəmin əlindən tutub ürəkoxşayan, yadda qalan şeirlərini yaza bildi.
Özündən sonra onun nakam ömrünü, düşüncəli şeirlərini xatırladacaq poeziya
nümunələri yaratmağı bacardı.
… Qələm dostların səni heç zaman unutmaycaq, əziz xatirənlə, ölməz ruhunla
dərdləşəcək, nəfəs alacaqlar, şair qardaş. Sən Ana torpağın qoynunda rahat uyu.
Qəbrin nurla dolsun. Şeirlərin bizlərə əbədi yadigar olsun:
Tanrının alnıma yazdığı şeir
Oldu qırış-qırış telimin altda.
O sevdanın közü hələ qalıbdı
Qalıbdı bir qalaq külümün altda.
Göylərin qapısın bağlayanda Gün
Mən oldum sevdamın Sibirinə sürgün…
Səni unudacam dediyim o gün
Adını qoymuşdum dilimin altda.
Adın dilimizin üstə olacaqdır, Saqif! Biz səni unutmayacağıq!
Adil Misirli