Xocavənd kəndinin igid oğlu

Xocavənd inzibati ərazi vahidi, rayon mərkəzindən 3 kilometr qərbdə, Qarabağ
kanalının sahilində, düzənlik ərazidə yerləşir. Xocavənd oykonimi müxtəlif prizmalardan
izah edən araşdırmalar vardır. Keçmişdə mədrəsə təhsili almış şəxslər, din xadimləri və
başqaları xoca adlanırdı. Türklər indi də müəllimə xoca deyir. Orta əsrlərdə iri ticarətlə
məşğul olan alverçilərə, tacirlərə xoca deyilirdi. İran dillərindəki vənd sözü “uşağı, nəsli,
törəməsi” anlamındadır.
Sahil Habil oğlu Hüseynov 2001-ci il iyunun 12-də rayonun Xocavənd kəndində
anadan olub. 2008-ci ildə Xocavənd kənd orta məktəbinin birinci sinfinə daxil olub,
2018-ci ildə həmin məktəbi bitirib. 2019-cu ilin ortalarında hərbi xidmətə yollanıb.
Qazaxda xidmət edən Sahil orduda atıcı hərbi peşəsinə yaxından yiyələnib. Tovuz
döyüşlərində fəal iştirak edib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsində ilk gündən ön cəbhədə vuruşub. Füzulinin düşməndən azad edilməsində
gedən döyüşlərdə yaxından iştirak edib. 2020-ci ilin noyabrının 11-də Füzuli
yaxınlığında döyüşdə qəhrəmancasına həlak olan Sahil Habil oğlu Hüseynov şəhidlik
zirvəsinə yüksəlib. Döyüş yoldaşları onun haqqında xatirələrini bölüşəndə bildirdilər ki,
bizdə Sahil, bəlkə də, ən gənc döyüşçü idi. Həmişə irəli, döyüşlərin qızğın yerinə atılırdı.
Kövrək təbəssümlü bu gəncin gözlərinin dərinliyində bir kədər, nisgil vardı. Qarabağ
kədəri, nisgili. Odur ki, o, döyüş zamanı canını belə, əsirgəmədi, Vətən uğrunda şəhid
oldu.
Atası Habil söyləyir ki, üç övladının ortancılı idi Sahil. Ancaq evimizin dirəyi idi.
Hər işdə mənə yaxından kömək edir, yorulmaq nə olduğunu bilmirdi. Çox sakit və eyni
zamanda enerjili idi. Ancaq müharibə yaşa, başa baxmır ki… Onun öz qanunları var.
Sahil də Vətən uğrunda, torpaqlarımızın düşməndən azad edilməsi üçün vuruşurdu.
Şəhid oldu, ailəmizin adını öz qəhrəmanlığı ilə yüksəklərə qaldırdı.
Vətən müharibəsinin fəal iştirakçısı, şəhid Sahil Habil oğlu Hüseynov doğulub,
boya-başa çatdığı Xocavənd kənd qəbristanlığında dəfn olunub. İndi doğma kəndin
doğma beşiyi ona əbədi məkan oldu. Qəhrəmanlıq məkanı, şəhidlik məkanı…
Qeyd edək ki, Sahil I Qarabağ savaşında şücaət göstərmiş Milli Qəhrəman Sadıq
Dayandur oğlu Hüseynovun yaxın qohumudur.

Adil MİSİRLİ

Şərhlər