Həmyerlimizin yeni kitabı çapdan çıxıb

Şair, sənin arzuların çin oldu                

Bir müddət əvvəl həmyerlimiz şair-publisist Şöhlət Avşarın (Axundov Şöhlət Əşrəf oğlu) sayca səkkizinci kitabı işıq üzü görüb. Kitab “DƏRDNAMƏ” adlanır. Kitabda, hazırda Qazax şəhərində yaşayan və yazıb-yaradan şair Barat Vüsala müraciətlə yazılan “Dərdnamə” poeması əsas yer tutur. Kitabın adı da elə buradan götürülüb. Кitaba filologiya elmləri doktoru Abid Tahirli geniş ön söz yazmış, kitabda gedən “Dərdnamə” poemasını və digər şeirləri geniş şərh etmişdir. Kitab 9 fəsildən ibarətdir. Kitabdakı fəsillərdən biri “Əsir qalmış ey ruhum, Qarabağım, Şuşam, oy!” adlanır. Mən bu yazımda şairin işğal altında olan Qarabağ haqqında, Qarabağın incisi olan Şuşa haqqında narahatçılığını, fəryadını əks etdirən şeırləri haqqında öz fikrimi bildirmək istəyirəm. Şair yazır:

        Üç yüz ildir vətən paramparçadır,

        İrəvan talanıb, Qarabağ əsir.

        Şuşa darmadağın, Göyçə dardadır,

        Dədə yurdumuzda erməni gəzir.

Şair xalqımızı ayağa qalxmağa, mənfur düşməni torpaqlarımızdan qovmaq üçün səfərbər olmağa çağırıb:

         Eşit, ey Vətən oğlu, Şuşa səni çağırır,

         Kəfənsiz yatan şəhid, “qisas” deyib bağırır.

         Sil axan göz yaşını, qara geyib ağlama,

         Bütün qüvvət səndədir, özgəyə bel bağlama.

Şair torpaqlarımızın otuz il işğal altında qalmasına dözə bilmir. Danışıqlar prosesinin mənasız olmasını hiss edir. Qarabağı azad etmək üçün güclü ordumuz olmasını yada salır:

           Tarixi məntiqlə idrak eləyib,

           Nə olar dərindən düşünək bir az.

           Atalar görüblər, atalar deyib,

           Donuz məsləhətlə darıdan çıxmaz.

Şair doğma Azərbaycanı işğaldan azad, bütöv görmək istəyir:

           Cümlə Azərbaycanı bütöv görməkdir arzum!

           Bütöv Azərbaycanda dövran sürməkdir arzum!

Şair torpaqlarımızın işğaldan azad olmasının yolunu türk xalqlarının birliyində görür, Azəbaycan nağıllarında deyildiyi kimi, xilaskar bir türk oğlunun ağ atın belində gələcəyini arzu edir:

            Gəlmir bir türk oğlu, ağ atlı oğlan,

            Hələ də yadlardan mədət umuruq.

            Dərd verən olarmı, dərdinə qalan,

            “ATƏT”-ə inanıb xəyal qururuq!

             Kişilik, ərənlik, mətanət, fitrət,

             Vətənə məhəbbət ruhda, qandadır.

             Milləti xilasa aparan qüdrət,

             Türkün damarında axan qandadır.

Bu misralar Vətən müharibəsi başlayandan iki ay əvvəl yazılıb. Bu gün mən şairi müjdələyirəm. Sair, sənin arzuların çin olub.Türk oğlu, ağ atlı xilaskar, Azərbaycan Respubilkasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsində təzahür edərək, cəmi 44 gün ərzində mənfur düşməni (darıya girmiş donuzu) rəşadətli Azərbaycan Ordusunun köməyi ilə işğal altında olan torpaqlarımızdan “iti qovan kimi” qovub, çıxarıb.

Azərbaycan əsgəri və zabiti ərənlik, rəşadət, mətanət göstərərək düşməni darmadağın etmişdir. Düşmən bizim Ordumuz qarşısında tab gətirə bilmədi, canlı qüvvədə çoxsaylı itgilər verərək, çoxlu sayda hərbi texnikasını döyüş meydanında ataraq, qaçdı. Azərbaycan xalqı və Azərbaycan Ordusu 44 günlük müharibə ərzində hər gün qardaş Türkiyənin mənəvi dəstəyini hiss edirdi. Başqa türk dövlətləri də Azərbaycanımızı öz haqq savaşında dəstəkləyirdilər.

Qarabağ bizimdir!

Qarabağ Aərbaycandır!

                Teymur Rəhimov (Muğanlı)

Şərhlər