Nəcəfqulubəyli kəndi Ağcabədi rayonunda, Nəcəfqulubəyli inzibati-ərazi vahidində, rayon mərkəzindən 32 kilometr aralıda, Mil düzündə yerləşir.
Nəcəfqulubəyli oykonimi qaradolaq tayfasının nəcəfqulubəyli tirəsinin adı ilə əlaqədar olaraq belə adlanmışdır. Həmin tirə məxsus olduğu bəyin – Nəcəfqulu bəyin adı ilə bağlı belə ad alıb…
“Qardaşım Şirnalını həmişə vətənpərvər, torpağı ürəkdən sevən görmüşəm. Çox istiqanlı, böyük-kiçik yerini bilən idi. Kənddə hamının hörmətini qazanmışdı. Gülərüz, şən və nikbin insan idi. Heç vaxt ruhdan düşməzdi. Anam onu cəbhəyə yola salanda ağladı. Şirnalı onun üz-gözündən öpərək, “Ana, sevinməlisən ki, oğlun böyüyüb əsgər olub. Düşmənlə vuruşmağa gedir. Məni sevinclə yola sal. Qismətdə varsa, şəhid olacağam. Səndən də bircə xahişim var, məni ağlama. Mənim ölümümü sevinclə qarşıla…” deyir. Bu sözləri əslən Nəcəfqulubəyli kəndindən olan şəhid Talıbov Şirnalı Aqil oğlunun qardaşı İsmət söyləyir.
Talıbov Şirnalı Aqil oğlu 16 sentyabr 1997-ci ildə Nəcəfqulubəyli kəndində dünyaya göz açıb. 2003-cü ildə Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə sözügedən məktəbi uğurla başa vurub. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprelinə qədər ordu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurandan sonra Vətən müharibəsi başlanana qədər Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzində çalışıb. Müharibə başlanandan sonra qismən səfərbəylik zamanı döyüşən orduya qatılıb. Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub. Oktyabr ayının 22-də gərgin döyüşdə əlində silah vuruşa-vuruşa qəhrəmanlıq göstərərək həlak olub. Şəhadətə qovuşub, şəhidlik zirvəsini fəth edən Şirnalı Talıbov doğma kəndləri Nəcəfqulubəyli kəndində dəfn olunub. Müharibədə göstərdiyi rəşadətə görə bu cəsur döyüşçü “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şirnalı tək ailəsinin sevimlisi deyildi. O, qonşular, kənd camaatı tərəfindən sevilir, hamı ona hörmət bəsləyirdi. Çox mehriban, şux, gülərüz, xeyirxah olduğuna görə hamı onu sevir, hörmətini saxlayırdı. Vətən müharibəsində şəhid olan Şirnalının hörməti onu tanıyanlar, eləcə də həmkəndliləri tərəfindən daha da artdı. Çünki Şirnalı müharibədə qorxmazlıq, igidliklə döyüşüb, gənc ömrünü Vətən yolunda fəda etdi. Şəhid oldu və doğulub boya-başa çatdığı Nəcəfqulubəyli kəndinin adını çoxlarına tanıtdı. İndi onun əziz xatirəsi hamının qəlbində, yaddaşındadır. Biz onun adını həmişə ürəyimizdə yaşadacağıq.
Adil MİSİRLİ