– Salam, naməlum ƏSGƏR! Salam, şəhid qəbri!
– Salam!
– Bilmirəm, sənə atam deyim, qardaşım deyim, yoxsa balam?!
– Ürəyindən necə keçir, elə də de, mənim əziz qardaşım, əziz oğlum, mənim əziz atam…
– Çox sağ ol, təşəkkür edirəm! Və istəyirəm, səninlə bir az söhbət edək. Mümkündürmü, vaxtını almaram?
– Bu, mənim üçün çox xoş olar. Xeyr, mənim vaxtım qurtarmaz, çünki Tanrı mənə əbədi zaman hədiyyə edib.
– Çox gözəl! İlk öncə belə bir sual verim: Uğrunda can verdiyin bu xalq, gələcək nəsillər səni unuda bilərmi, necə düşünürsən?
– Bəzən adamlar elə fikirləşirlər ki, şəhidləri unudulmaz edən yalnız şəkillərdir, adları verilən küçə və parklardır. Elə deyil. Şəhidlər vətən və xalq uğrunda can verən insanlardır, yəni onların xatirəsi şəkillərdə, küçə, park adlarında deyil, uğrunda can verdikləri xalqın canında əbədiləşdirilmişdir. Bunda Tanrının əli var… Hansı xalqın ki yolunda oğulları can qurban veriblər, o xalqın nə qədər canında can var, şəhidlərini xatırlayacaq. Özündən asılı olmayaraq xatırlayacaq… Yəni bizim canımız bizdən sonrakı nəsillərin canında sərgilənir.
– Ruhuna dərin, əbədi hörmət və ehtiram!
Salam, naməlum ƏSGƏR! Salam, şəhid qəbri!
– Salam!
– Bəs niyə sənin adın, soyadın – kimliyin məlum deyil, niyə naməlumsan?
– Mən uşaq vaxtımdan beləyəm, utancaq, çox utancaq. Nə vaxtsa, kim üçünsə nə isə etmişəmsə, çalışmışam, insanlar məni görməsin, tanımasın, çəkinmişəm…
– Döyüş yoldaşların… Onları xatırlayırsan?
– Xatırlamaq? Biz birlikdəyik, hər an birlikdəyik. Çünki torpaq – Allahın yaddaşıdır, o, bizi yaddaşına həkk edib, biz onun yaddaşında birlikdə yaşayırıq. Məncə, Allah hər bir insanı oxuyur, hərəni bir cür, hətta deyərdim, o, insan taleyini oxuya-oxuya yazır, ta yaddaşına həkk edənə qədər oxuya-oxuya. Yəni biz torpağa basdırılmırıq, Allahın yaddaşına həkk oluruq.
– Aha! Son savaş hamımızı heyrətə gətirdi, nəinki bizi, az qala, dünyanı. Əsgərlərimiz yorulmaq bilmirdilər, gücləri tükənmirdi… Səbəb nə idi?
– Biz ona görə güclü idik ki, o torpaqlar bizimdir. Bəli, məhz buna görə torpaq da bizə güc verdi, torpaq da bizə kömək etdi. Necə ki, Antey torpaqdan güc alıb, bütün düşmənləri məğlub edirdi. Çünki o, torpağın oğlu idi – yorulduğunu hiss edəndə əlini və ayağını torpağa toxundururdu, yenidən güclənirdi, anası Torpaq ona güc verirdi. O, döyüşdə yorulmaq əvəzinə daha da güclənirdi… Eynən Azərbaycan əsgəri kimi!
– Yəqin şəhidlik arzun olub, bu arzuna çatdığın üçün səni təbrik edə bilərəm?
– Xeyr! Mən bunu qəbul etmirəm və şəhid olmaq da arzum olmayıb. Ümumiyyətlə, düşünürəm ki, şəhidlik arzu olmamalıdır. Şəhidlik – bilmədiyin tale, gözləmədiyin qəza olmalıdır. Necə yəni, əgər mən şəhid olmağı arzulayıramsa və erməni məni arzuma çatdırırsa, onda o niyə mənim düşmənim olmalıdır? Məni arzuma çatdıranlarla niyə düşmənçilik etməliyəm? Niyə mənə bu yaxşılığı valideyinlərim etmir bəs? Məni səhv anlamayın, xahiş edirəm, şəhidlik zirvədir, bilirəm və bunu özümə görə də demirəm. Yenə deyirəm, mən şəhid olmağı arzu etməmişəm. Mən xain düşmən gülləsinə tuş gəlmiş biriyəm. Ən böyük arzum torpaqlarımızın azadlığı olub… Və qələbə bayramlarında sizlərlə birlikdə olmağı da, azad etdiyimiz şəhərlərimizə getməyi də çox istəyirdim.
– Anlayıram… Son olaraq, bir sual da verə bilərəmmi?
– Hə, əlbəttə, buyurun!
– Ömrünün nə qədər yarımçıq qaldığını düşünürsən?
– Yarımçıq qaldığını düşünmürəm. Mənə görə “yarımçıq ömür” deyə bir şey yoxdur. Ömür həmişə tam olur. Bilirəm, yəqin mənim də haqqımda elə fikirdədirlər, ancaq kim bilir ki, mənə, misal üçün, altmış bir il ömür verilmişdi və mən onun iyirminci ilində vəfat etdim? Heç kim bunu deyə bilməz, heç kim bunu bilmir. Ona görə də, “yarımçıq ömür” ifadəsi yanlışdır.
Mənim üçün hər ömür tamamlanır, bir insanda otuz ilə, birində doxsan doqquz ilə, birində on beş ilə və s.
– Həmsöhbət olduğun üçün minnətdaram!
Ruhuna eşq olsun, ADAM!
Salam, məlum ƏSGƏR! Şəhid qəbri, SALAM!
Cahandar Aybər