Sosial şəbəkələrdə onun fotosu sürətlə yayıldı. Hamı yaşından çox kiçik görünən
bu şəhidin nakam ömründən danışdı, fotolardan boylanan saf, məsum simasını görüncə
bir ah çəkdi, heyfsləndi. Mən də həmçinin… Sonra onun Ağcabədidən olduğunu
öyrəndim. Əməkdaşımız Adil Misirlinin Məhəmməd balamız haqqında yazdığı bu yazı
isə məni heyrətləndirdi. Sən demə, uşaq görünüşü ilə hamımızı sarsıdan Məhəmmədin
ürəyi yaşından da böyük imiş. Onunla bağlı xatirələri oxuduqca siz də bundan əmin
olacaqsınız.
(Redaktor)
Vətən əziz və müqəddəsdir. Və bu Vətən torpağını göz bəbəyi kimi qoruyan, bu yolda
canından keçməyə hazır olan, ömür yollarında əvəzsiz qəhrəmanlıqlar göstərən, tarixə
silinməz izlər yazan, xariqələr yaradan övladlarını Vətən və xalq heç zaman unutmur.
Onların adları və qəhrəmanlıqları yaddaşların ən dərin güşələrində özünə əbədi məskən
salır. Çünki taleyi Vətəni sevmək, onun yolunda şəhid olub əbədiyyətə qovuşmaq hər
oğula qismət olmur. Vətənə hədsiz məhəbbət, onun müqəddəs varlığına sitayiş məhz
oğulları canından keçmək istəyinə aparıb çıxarır. Oğullar canlarını fəda edir, cavan
ömürləri ilə vidalaşırlar. Onların əziz, unudulmaz xatirələri isə əbədi olan Vətənlə bir
yerdə yaşayır, yaddan çıxmır.
Belə tale daşıyan vətənpərvərlərdən biri də Məmmədov Məhəmməd Abbas oğlu idi.
Məhəmməd Məmədov 7 noyabr 1998-ci ildə Ağcabədi şəhərində anadan olub. 2005-ci
ildə Ş.Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub.
2016-cı ildə adı çəkilən məktəbi başa vurub. 2017-ci ilin yanvarında hərbi xidmətə
yollanıb. 2018-ci ilin iyulunda ordudan tərxis olunub, doğma Ağcabədiyə qayıdıb. Bir
xeyli Ağcabədidə, Bakıda çalışıb. Bakıda işləyən Məhəmməd müharibənin yaxın
zamanda başlanacağını əvvəlcədən duymuşdu. O, bilirdi ki, əvvəl-axır, torpaqlarımızı
düşmən tapdağından azad etməliyik. Bu işğal altında olan doğma yerlərimizi
düşməndən təmizləməli, alnımızdan o ləkəni birdəfəlik silməliyik.
Məhəmməd hər axşam evlərinə zəng edir, bərk-bərk tapşırırdı ki, birdən orduya çağırış
gələr, məndən gizlədər, ya da gecikdirərsiniz.
Ön cəbhəyə getmək istəyi ilə ürəyi döyünən Məhəmmədin sonda səbri tükəndi.
Sentyabr ayının 29-da könüllü olaraq iki gün əvvəl başlayan Vətən müharibəsinə qatıldı.
Minaatan Məhəmməd Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində gedən gərgin
döyüşlərdə fəal iştirak etdi. 7 noyabr 2020-ci ildə Qubadlıda düşmən mərmisinin qəlpəsi
ondan yan keçmədi. Məhəmməd yaralansa da, son nəfəsinədək vuruşdu və şəhid oldu.
Bu igid, qorxmaz əsgər Ağcabədi Şəhidlər Xiyabınında dəfn olundu.
Məhəmmədgilin ailəsi ilə yaxından tanış oldum. Evləri elə onun vaxtı ilə oxuduğu 2 saylı
məktəbin qarşı tərəfindədir. Qardaşı Əlizamin Məhəmməd ilə bağlı xatirələrini dilə
gətirəndə kövrəldi:
“Qardaşım üzdə çox şən, zarafatcıl olsa da, qəlbinin dərinliyində ancaq özünün
yaxından gördüyü, tanıdığı bir kədərli, nisgilli yeri var idi. Çox qəribə xasiyyətə malik idi.
Özünü şən, qayğısız göstərsə də içəridən nəsə onu sıxırdı, əzirdi. Mən bunu onun
müharibədən qabaq tez-tez etdiyi zənglərindən başa düşdüm. Hiss etdim ki, o, rahat
olmur, ürəyi işğal altında olan torpaqlarımızın yanındadır. Bir Allah bilir ki, müharibə
başlananda necə sevindi. O, bizim qalib gələcəyimizə ürəkdən əmin idi. Cəbhəyə
gedəndə heç həyəcanlanmadı. Gülə-gülə, sevinə-sevinə getdi. Sanki bir toya, bayrama
gedirdi… Çox sadə, təvazökar, düşüncəli insan idi. Məndən yaşca kiçik olsa da, 13-14
yaşlarından məktəbdə oxumaqla bərabər işləyir, evə pul gətirirdi. Valideynlərimizə,
ailəmizə maddi cəhətdən çox köməklik edirdi. Özünü çox yorma, işləmə deyəndə cavabı
o olurdu ki, kişi evə qazanc gətirməlidir. Məhəmməd zəhmətkeş, halal bir insan idi.”
Anası Gülmirə söylədi ki, onun uşaq şıltaqlığına, dəcəlliyinə dözə bilmirdim. Bircə onu
deyirdim ki, sən kimin adını daşıdığını unutma. Məhəmməd adına layiq ol. Oğlum
həqiqətən də bu ada layiq oldu. Şəhid oldu. Bircə təsəllim var ki, o, Vətən uğrunda həlak
oldu. Torpaqlarımız indi azaddır. Bunun özü hər şey deməkdir.
Məhəmmədin uşaqlıq dostu, müharibədən əvvəl onunla birgə Binə çörək zavodunda
çalışan Rauf Talıbovun dedikləri:
“Məhəmməd yaşına uyğun olmayan bir yetkin oğlan idi. Yaxın dost idik. Dərdimiz-
sərimiz bir olurdu. Onunla söhbət edəndə adam kamilləşir, həyata tam başqa gözlə
baxırdı. Çox sədaqətli, etibarlı, mərd dost idi. Dost yolunda hər bir çətinliyə dözürdü. Biz
Binə çörək zavodunda çox da işləmədik. Məhəmməd bu az müddət ərzində zavodda öz
davranışı, hərəkəti, söhbətləri ilə hamının dərin hörmətini qazanmışdı. O, hər şeyi, bizim
görə bilmədiklərimizi də görürdü. Gözündən heç nə yayınmazdı. Olduqca diqqətli idi. Bir
dəfə içəridə, zavodda işləyərkən pəncərədən zavodun qapısının yanında duran ana ilə
balaca oğlunu gördü. Nə fikirləşdisə, tez iki isti çörək aparıb onlara verdi. Bizə hər gün
işin axırında zavoddan 2 çörək pay verirdilər. Məhəmməd də həmin gündən öz çörək
payını o, ehtiyacı olan ana və uşağa verirdi… Məhəmməd haqqında xatirələri
danışmaqla qurtarmaz. Bir deyil, beş deyil. Təkcə onu deyə bilərəm ki, ürəyi çox böyk
idi. Yumruğundan dəfələrlə böyük. Vətənimiz, torpaqlarımız barəsində söhbət düşəndə
köksünü ötürərək, Bircə müharibə başlasa, hər şey düzələr” deyərdi…
Müharibə həqiqətən də başladı. Və Ali Baş Komandan İlham Əliyevin başçılığı altında
müzəffər ordumuz düşmən üzərində parlaq qələbə çaldı. Bu qələbəyə biz Məhəmməd
Məmmədov kimi qorxmaz igidlərimizin axıtdığı qan bahasına nail olduq. Şəhid
Məhəmmədin ölməz xatirəsi odur ki, heç zaman, heç kim tərəfindən unudulmayacaq, bu
vətənpərvər əsgərin adı hər yerdə həmvətənləri tərəfindən anılacaq.”
Adil MİSİRLİ