Təkbaşına 4 topdan atəş açmağı bacaran şəhid

Arazbar kəndi Ağcabədi rayonunda, Arazbar inzibati ərazi vahidində, rayon
mərkəzindən 39 kilometr cənub-qərbdə, Ağcabədi-Ağdam şose yolundan 8 kilometr
aralıda, Qarqar çayının sağ sahilində, Qarabağ düzündə yerləşir.
Arazbar toponimi Araz və bar sözlərindən yaranmışdır. Toponimin tərkibindəki
Araz sözü çay adını əks etdirir. Bar sözü isə fars dilində “kənar”, “sahil” deməkdir.
Arazbar toponiminin mənası “Araz çayının kənarı, yanı, sahili” anlamındadır.
Tarixçi Şərəf xan Bitlisi “Şərəfnamə” əsərində yazır ki, “Fərhad paşa müzəffər
qoşunu ilə Arazbarda olan qacarların üzərinə hücuma keçdi”, “Təzkirət-əl müluk”
əsərində qeyd olunur ki, Arazbar və Bəyazidli elinin ölkəsi savaş zamanı ortaya 300
nəfərlik dəstə çıxarır…
Ceyhun Möhübbət oğlu Hüseynov 5 oktyabr 1991-ci ildə Arazbar kəndində
anadan olub. Cavanşir Həsənov adına Arazbar kənd tam orta məktəbində təhsil alıb. O,
2009-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra
qəlbindəki Vətən sevgisi və hərbçi olmaq arzusu onu rahat buraxmayıb. 2014-cü ilin
mart ayından etibarən müddətdən artıq hərbi qulluqçu kimi yenidən ordu sıralarına
qatılıb.
Ceyhun Hüseynov hərbçi olaraq çalışdığı müddətdə artilleriya hərb sənətini
incəliklərinə qədər öyrənib, xüsusilə 122 mm-lik D-30 haubista topu barədə bilgiləri
sonrakı illərdə ona top komandiri vəzifəsinin verilməsinə gətirib çıxarır.
Ceyhunun artilleriya bacarığı Aprel döyüşlərində özünü qabarıq göstərir. Onunla
birlikdə xidmət etmiş yoldaşları və əsgərlərinin dediklərinə görə, Ceyhun 2016-cı ilin
aprelində erməni artilleriyasına sərrast, sarsıdıcı zərbələr endirərək, düşmənin xeyli
itgilər verməsinə nail olub. Onun tabeliyində olan əsgərlərin söylədiklərinə görə, Ceyhun
təkbaşına 4 topdan 27 atəş açaraq Yuxarı Qiyaməddinli kəndini və xidmət etdikləri
artilleriya divizionunu xilas edib.
Ceyhun Hüseynov 120 mm-lik minaatandan da sərrast atəş açmağı bacarırdı.
Məhz buna görə də öz istəyi ilə döyüşlərin ən qaynar nöqtəsinə 120 mm-lik minaatan
komandiri olaraq qatılıb.
Yüksək peşəkarlığı, döyüş qabiliyyəti ilə düşmənin qorxusuna çevrilən Ceyhun
Hüseynov 16 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq
sərəncamı ilə Ceyhun Hüseynov “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavənd rayonunun
azad olunmasına görə” medalları ilə təltif olunub.
…Ceyhun müqəddəs torpaqlarımızı mənfur düşmən işğalından azad etmək üçün
savaşdı, vuruşdu. Ölümdən qorxmayan igidimiz son nəfəsinədək ölümün gözünün içinə
dik baxdı. Vətən yolunda şəhid oldu. Vətənsevər həmyerliləri, döyüş yoldaşları
tərəfindən heç bir zaman unudulmayacaq şəhid! Allah sənə rəhmət eləsin, qəbrin nurla
dolsun!

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər