Vətən təkcə adını qürurla daşıdığın torpaq deyil. Vətən (kiçik) həm də doğulub,
dünyaya göz açdığın, səni böyüdən kiçik kənd, böyük şəhərdir. Buranın hər daşı,
kəsəyi, küçə və döngəsi ömrün boyu qəlbinin dərinliyində silinməz iz buraxaraq
unudulmur. Buraya, bu məkana olan böyük və sonsuz məhəbbət onu unutmağa
qoymur. Bu adı ürəyinin düz başında, ən uca yerdə tutur, saxlayırsan. Vətənin kiçik bir
parçası olan bu yer sənə o qədər doğma, əzizdir ki, o qəlbində, yaddaşında əbədiləşir,
müqəddəsləşir. Və bu nisbətən kiçik adı verdiyimiz doğma yerin, torpağın adını daşıyan
böyük bir torpaq, adını və dilini daşıdığımız Vətən var qanınımızda. Toxunulmaz,
əyilməz, vüqarlı, qürurlu, mətin və mərd bir Vətən. Və Vətəni bu cür yüksəkliklərə
qaldıran onun qorxmaz, igid, vətənpərvər oğulları olur. Ölümdən qorxmayan, ölümün
gözünə dik baxan oğullar…
Cəfərov Anar Eyvaz oğlu 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olub.
1984-cü ildə 7 saylı şəhər tam orta məktəbin1-ci sinfinə gedib. Burada ikinci sinfi
bitirəndən sonra təhsilini şəhər 12 saylı tam orta məktəbdə davam etdirib. Bu məktəbi
qurtarandan sonra peşə məktəbində sürücülük peşəsinə yiyələnib. Xeyli vaxt sürücü
işləyib və şəxsi təsərrüfatla məşğul olub. Ordu sıralarında hərbi xidmətdə olub.
Müddətdən artıq hərbi xidmətdə gizir kimi qulluq edib. Xüsusi hərbi kurs bitirərək Həlmə
Taborunda həlmə bölüyünün baş tuşlayıcı minaatan təyin edilib. Mingəçevir şəhərində
“N” saylı hərbi hissədə xidmətdə olub. 20 yanvar 2017-ci ildən Tərtər rayonunda
yerləşən “N” saylı hərbi hissədə tuşlayıcı minaatan kimi fəaliyyət göstərib. Müharibənin
ilk günündən, 27 sentyabr 2020-ci ildən ön cəbhədə olub. Tərtər-Ağdərə-Suqovuşan
istiqamətində gedən döyüşlərdə xeyli sayda erməni məhv edib. Döyüşdə özü də
qəhrəmancasına həlak olaraq şəhid olub. Anar Eyvaz oğlu Cəfərov Ağcabədi Şəhidlər
Xiyabanında dəfn olunub. İndi onun dövlət tərəfindən igidliyinə görə mükafata təqdim
olunması barəsində hazırlıqlar gedir.
Anarın 11 yaşlı oğlu Rəhman və atasının adını qoyduğu 7 yaşlı Eyvaz da ataları kimi
çox vətənpərvərdilər. Onlar həmişə hərbi forma geyir, Vətən, torpaq, ordu ruhlu şeirlər
söyləyir, indidən vətənpərvər kimi böyüyürlər. Balaca Eyvaz atasının şəkillərindən
ayrılmır, onları öpür, gözləri üstə qoyur. Eyvaz atasının qəhrəmanlıq dolu döyüş
yolundan fəxr və qürurla danışır. O, böyüyəndə mütləq hərbçi olacağını, atasının
yolunu davam etdirəcəyini söyləyir.
Şəhid Anar! Sənin Vətənə olan sevgin həyata, yaşama olan məhəbbətdən dəfələrlə
dərin və yüksək idi. Sən odur ki, Vətən yolunda şəhid oldun və özün də yüksək zirvəyə
ucaldın. Allah sənə rəhmət eləsin, şəhid Anar! Vətən, biz sənin əziz xatirəni heç zaman
unutmayacağıq!
Adil Misirli