Röyal Kərimov: “Ya Qarabağ, ya ölüm” sözləri ilə döyüşə atılırdıq

Şəhidlər elə yüksək zirvədədirlər ki, onlara əl çatmaz, ünyetməz. Onları bu gənc
yaşlarında ölümün pəncəsinə düçar edən nədir? Bu boyda vətənpərvərlik, torpağa
bağlılıq insanda hardandır? Könüllü olaraq, məslək, amal, əqidə uğrunda ömrünü fəda
etmək çox da asan deyil. Gör, Vətən adı verdiyimiz bu doğma torpağı oğullar nə qədər
sevirlər ki, onun yolunda qurban gedirlər. Və bir də, əsl istək, Vətənə olan təmənnasız
məhəbbət ölçüyə gəlmir axı. Bu o qədər böyük istəkdir ki, onu sözlə ifadə etmək qeyri-
mümkündür…
Müharibə iştirakçıları, bəlkə də, bunu daha yaxşı izah edə bilər. Odur ki, bir
qazimizlə bu haqda danışmaq istədim. Dedim, bəlkə, o, mənə öz dünyagörüşü,
düşüncə çərçivəsi daxilində izah edə. İş elə gətirdi ki, qazi həmkəndlimin döyüş yoldaşı
onunla birlikdə iş yerində qonağım oldu. Xeyli söhbət etdik.

Röyal, səni müharibəyə getməyə məcbur edən nədir?

-Müəllim, mən Köyük kəndində, zəhmətkeş bir ailədə böyümüşəm. Uşaqlıqdan
ehtiyacın hər üzünü, çətinliyin nə olduğunun canlı şahidi olmuşam. Tarlada o qədər alın
təri axıtmışam ki! Hərdən alnımdan torpağa tökülən tərə ürəyimdə vəfasız, etibarsız da
deyirdim. Axı, o damlalar məndən üz döndərir, torpağa qarışırdılar. Amma sonralar
anladım ki, həyatda bir çox şeyin ilk və son məkanı torpaq olduğuna görə tər damlaları
da torpağa pənah gətirirdilər. Nə bilim, müəllim, mən az kitab oxumuşam. (Həmişə
işlədiyimdən, kitab oxumağa heç vaxtım da olmayıb). Amma o tər damlaları torpağa
düşəndə mənə o qədər şeylər pıçıldayıblar ki… Və məndə bu torpağa o qədər istək,
məhəbbət yaranıbdır ki! Baxmayaraq ki, bir normal ev-eşiyim də yoxdur, (Xahişimlə
telefondakı şəkli göstərir. Həqiqətən, ona ev demək günahdır) torpağı hədsiz
məhəbbətlə sevirəm. Kasıbın torpaqdan başqa nəyi var axı…

Royal, axı sən əvvəllər müharibə görməmisən, ona görə ilk sualım elə
oldu.

-Müəllim, müharibədə olmasam da, bir azərbaycanlı kimi onun ağrı-acılarını o
qədər yaşamışam ki. Xocalı haqqında, rayonlarımızın işğalı ilə bağlı hər dəfə eşidəndə
ölüb dirilmişəm. Bir də ki, biz ötən müharibədən sonra doğulanlar, yaşımıza görə tez
böyüdük. Və bir də, biz doğulanda sanki alnımızda böyük bir ləkə ilə dünyaya göz
açdıq. Xəcalət ləkəsi ilə. Adam fikirləşəndə dəli olurdu. Kimə və necə deyəsən, gör biz
kimə müharibəni uduzmuşuq. Azərbaycan xalqı kimi məğrur, qürurlu bir xalqın
torpağında dığalar at oynadırdı. Bu cür haqsız, ədalətsiz dünyada yaşamaq adamı sıxır,
sındırırdı. Odur ki, xalqımız öz rəhbərinin ətrafında dəmir bir yumruq kimi birləşdi. Səbr
kasası daşan xalq özünə hesabat verdi ki, bu cür yaşamaq olmaz. Biz torpağa
həddindən artıq qırılmaz tellərlə bağlıyıq. Bizim qədər vətənpərvər, Vətəni, torpağı
sevən başqa xalq yoxdur. Odur ki, biz “Ya Qarabağ, ya ölüm” şüarları ilə döyüşə
atılırdıq. Müharibədə bizdəki qisas ruhu o qədər yüksək idi ki, onu sözlə təsəvvür etmək
mümkün deyil.

-Röyal, müharibənin nəticəsi məlum olanda nələr hiss etdin?

-Çox, olduqca çox sevindim. Çünki bu qələbənin nəyin bahasına qazanıldığını
müharibə iştirakçısı kimi yaxşı başa düşürəm. Düşmənlər bu illərdə orada möhkəm,
keçilməz istehkamlar qurmuşdular. Ancaq Azərbaycan əsgəri bu maneələri böyük
ustalıq və qətiyyətlə dəf etdi. Azərbaycan oğlunun böyük vətənpərvərliyi, torpağa
sonsuz məhəbbətə qələbəmizi təmin etdi. Biz bütün dünyaya göstərdik ki, mərd,

qürurlu, qalib xalqıq. Bizim ordumuz qarşısında artıq çoxları tab gətirə bilməz.
Qələbənin əldə edilməsində əvəzsiz xidmətləri olan bütün şəhidlərimizə rəhmət
diləyirəm. Qazilərimizə, müharibənin digər iştirakçılarına rahat, dinc həyat və səbr
arzulayıram.

Röyal , gələcək arzuların barədə nə demək istərdin?

-Ağcabədi Pedaqoji Kollecində təhsilimi davam etdirmək niyyətindəyəm. Amma
qəlbimin dərinliyində bir arzu da məni rahat buraxmır. Yəqin ki, gələcəkdə işğaldan azad
olunmuş torpaqlarımızın ayağa qaldırılmasında, Qarabağımızın çiçəkləndirilib cənnətə
çevrilməsində bir gənc azərbaycanlı kimi əlindən gələni əsirgəməyəcəm.
…Gənc qazi, vətənpərvər və eyni zamanda, olduqca sadə, səmimi, təvazökar
Röyal Elman oğlu Kərimovla sağollaşıb, ayrıldıq. Mən bir daha bizim gənclərdə millilik,
vətənpərvərlik, torpağa bağlılığın haradan gəlməsi barəsində düşünürdüm. Ancaq bizə
məxsus olan milli dəyərlər haqqında fikirləşir və bu qənaətə gəldim ki, nə yaxşı ki, bizim
rəhmdil, insaflı, istedadlı xalqımız var. Nə yaxşı ki, biz varıq… Elə bu zaman iş otağının
qapısı döyüldü. Daha bir Vətən Müharibəsinin qazisi qonağım oldu. Xeyli dərdləşdik. Və
aydın oldu ki, o, da müsahibim Royalı yaxından tanıyır. Bir yerdə vuruşublar. Qazi onu
da əlavə etdi ki, döyüş vaxtı dağın yüksəkliyində Salmanbəyli kəndindən olan qazi Famil
Əli oğlu Bayramov Röyal yaralanmasın deyə onu yerə yıxır və öz bədəni ilə onu
güllədən qoruyur. Özünü mərmiyə sipər edən Famil sağ qolundan yaralanır. Buna
baxmayaraq, Röyalı başqa istiqamətə apararkən, ermənilər Röyalı ayağından ağır
yaralayırlar. Yaralı olmalarına baxmayaraq, hər iki qəhrəman sona qədər vuruşurlar.
Yeni tanışım qazi onu da əlavə etdi ki, döyüşlərdə göstərdiyi igidliklərə görə
Röyal “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad
olunmasına görə”medalları ilə təltif olunub. Yenidən fikirlərə qərq oldum. Və bu qənaətə
gəldim ki, mərdlik, qoçaqlıq, igidlik, cəsurluq kimi mənəvi keyfiyyətlər bizim
qanımızdadır. Röyal kimi oğulları olan xalq heç zaman basılmaz. Həmişə qalib gələr,
başını dik tutar, qürur və fəxrlə yaşayar…

Söhbətləşdi: Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com