Vətən dərdini daşıyanlar

Qaraxanlı kəndinin mərd oğullarından biri olan Allahverdiyev Rövşən Fərrux oğlu
10 noyabr 1991-ci ildə kəndli ailəsində dünyaya göz açıb. 1998-ci ildə Qaraxanlı kənd
orta məktəbinin birinci sinfinə daxil olub. 2009-cu ildə adı çəkilən məktəbi uğurla bitirib.
Elə həmin ildə də ordu sıralarına çağrılıb. Sumqayıt şəhərinin yaxınlığında yerləşən “N”
saylı hərbi hissədə qulluq edib. 2011-ci ilin iyulunda orduda hərbi xidmətini başa vurub,
doğma kəndləri Qaraxanlıya qayıdıb. Bir müddət kənddə müxtəlif sahələrdə çalışıb.
2016-cı ildən könüllü olaraq hərbi xidmətə qatılıb. Beyləqan şəhərində Həmlə
Bölümündə hərbi xidmətdə olub.
Rövşən Allahverdiyev sentyabr ayının 27-də başlanan Vətən müharibəsində ön
cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən gərgin döyüşlərin iştirakçısı olan Rövşən
müharibənin elə ilk günü ağır yaralanıb və aldığı yaradan gözlərini əbədi yummuşdur.
Ölümü ilə əbədiyyətə qovuşan Rövşən Vətənin qeyrətli oğlu kimi, torpaq uğrunda canını
fəda etdi. Şəhidlik zirvəsinə yüksəldi.
Vətənimiz, torpağımız, Qarabağımız yolunda bir çox oğullarımız canlarından
keçdilər. Vətənin xoş gələcəyi, azad yaşamağı üçün cavan ömürlərini əsirgəmədilər.
Çünki Azərbaycan oğlunda vətənpərvərlik, torpağa bağlılıq hissləri olduqca güclüdür.
Qəhrəmanlıq, fədakarlıq, döyüşgənlik bizim oğulların qanında, iliyindədir. Məğrur,
qürurlu, mərd oğullarımız düşməni böyük igidlik və mərdliklə torpaqlarımızdan qovdular.
Qaçmaq istəməyən düşməni isə yerindəcə məhv etdilər. Xalqımız zəfər bayramının,
böyük Qələbənin əlini sıxdı. Və bu qələbəni məhz qanları bahasına qazanan, bizlərə
bəxş edən Rövşən kimi mərd, igid oğullarımız oldu.
…Qaraxanlı kənd orta məktəbin müəllimi Roza Fərəcova məktəbin məzunu şəhid
Rövşən Allahverdiyev haqqında danışarkən uşaqlıqdan nümunəvi olduğunu, hamının
sevimlisinə çevrildiyini vurğuladı:

  • Mən Rövşənin sinif müəllimi olmuşam. Nümunəvi şagird idi. Davranışı ilə
    başqalarından seçilirdi. Gözlərinin dərinliyidə həmişə özünə yuva salmış bir həzin nisgil
    var idi. O, böyüdükcə mən başa düşdüm ki, bu Xocalı nisgilidir. Rövşən bu xalqın,
    torpağın qeyrətli övladı kimi Qarabağ dərdini unuda, yaddaşından silə bilmirdi. Bax, elə
    bu dərdi biz artıq çəkməyək, Qarabağ ləkəsini yaddaşlardan silək deyə, Rövşən
    savaşdı, vuruşdu, qəhrəmancasına həlak oldu. Vətənin bütövlüyü uğrunda canını
    qurban verdi:
    Düşmən quduzlaşıb
    aşanda həddini,
    Şəhidim
    qanı ilə çəkdi
    Vətən sərhəddini…

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər