Məcburi köçkünün məktəb xatirələri

Hələ 5 yaşıma qədər 10 kirayə ev dəyişmişdik. Evlərin də çoxu qırıq-sökük,
köhnə… İndiki kimi yadımdadır, uşaq olanda, gecə yırtıq-deşiklərdən otağa böyük-
böyük siçovulların gəlməsi, anamın ağlamayım deyə,“Qorxma balam, səninlə dost
olmağa gəliblər” deməsi…
O vaxtlar hələ tam anlamırdım, “qaçqınlıq” nədir, məcburi köç etmək nə deməkdir. Bir
gün ailəmiz yaxın qohumlarımız üçün ehsan verirdi. Həmin vaxt sual verdim ki, axı niyə
nənə-babamın qəbrlərini ziyarət etmirik? Valideynlərimin cavabından o gün anlamışdım
ki, sən demə, bu dünyada erməni adlanan yırtıcı məxluqlar var imiş. Sevdiyimiz hər şey
kimi, elə sevdiyimiz insanların xatirələrini, evlərini, mənəvi dünyalarını hələ bunlar azmış
kimi ölülərimizin qəbrlərini də dağıdıblarmış…
Sənin olanları məcburiyyətdən tərk etmək… Ən şirin xatirələrini, əzizlərinin
məzarlarını belə arxada qoyub getmək… Hə, deməli, köç etmək, köçkünlük, belə iş
imiş.
Köçürüblərmiş bizi yurd-yuvalarımızdan. Bizi – yəni bir milyondan çox insanı… Bizim
ağrımız elə biz kimi sancılmışdı sinəmizə… Bu biz nə böyük biz imiş. Deşmişdi
ürəyimizi, qanatmışdı varlığımızı, dirənmişdi sümüyümüzə…
Axı, ətraf aləmi qavraya – qavraya böyüyür adam… Evdən-evə, yurddan-yurda yer
dəyişərkən bir də gördüm ki, məktəbli oldum, hərf tanıdım, yazı yazdım. Əlifbamızdan
sonra ilk olaraq Azərbaycan kəlməsini yazmağı öyrətdilər bizə. “Azərbaycan” yazdıq.
“Ana vətən Azərbaycan!” Mən ananın kimliyini bilirdim, Azərbaycanın da adını
əzbərləmişdim. Bəs bu vətən kim idi, nə idi? Bu iki müqəddəs sözü birləşdirən, onların
arasında kök salmış üçüncü kəlmə hardan gəlirdi? Bu sualları düşünə-düşünə zamanla
öyrəndim ki, Vətən elə ananın da, Azərbaycanın da özü imiş. Vətən keçmişini,
bugününü, gələcəyini yaşatmaq, dünyada hər bir insanın ən təbii, ən ülvi və əzəli haqqı
olan kök salmaq hüququnun olduğu yer imiş. Duyğularla dolu, müqəddəs torpaq!
Nə dedik, vətən üçün? Ana dedik eləmi?
Bəs, anasının isti qucağından zorla alınan uşaq necə görmüsünüzmü? Məncə
görmüsünüz. Bax, qışın oğlan çağında qız-gəlinlərimizi, körpə uşaqlarımızı meşələrlə,
çaylarla necə qovdularsa, anasından ayrılan həmin o körpəyə döndük. Bəli, soyuq qışın
özü belə bu canilərdən daha oğlan, daha mərd, daha kişi idi.
Qovmaq demişkən, məğrur Azərbaycan əsgərinin ayaq səsindən hürküb, bizim
doğma Xankəndindən qaçan ermənilərin görüntülərə baxıram o gün. Avtobusun
qapısından sallanıb canını qurtarmağa çalışan kim, maşınını irəli çıxarmaq üçün
yanındakını tapança ilə hədələyən kim, bağıran kim, çığıran kim. Amma yenə də, nə var
ki, belə köçə, belə qaçmağa? Qarda ayaqyalın yeriyib donan yox. Düşmən əlinə
keçməmək üçün körpəsini boğub onun səsini kəsən, sonra havalanan ana yox, qarnı
yarılan hamilə qadınlar yox, atasının gözü qarşısında öldürülən övlad yox, kişilərin gözü
qarşısında qız-gəlinləri tanka mindirib gəzdirən, təhqir edən yox, uşağın kəsilmiş başını
top kimi oynadan yox, süngülənən baba, başı avtomatın qundağı ilə əzilən nənə yox.
Sayı-hesabı bilinməyən vəhşiliklər yox…

Sadəcə vəzndə yüngül, qiymətdə ağır nə varsa, götürüb çantalara yığmaq və maşına
minib getməkmiş işləri… Getməli idilər. Çünki bir vaxt şaxtalı qışda, ana qucağında
ayağı yalın, başı açıq qovduqları körpələr böyüyüb tank belində geri qayıtmışdılar…
Yenə söhbətin yönü dəyişdi. Hə, vətəndən danışırdıq axı… Beləcə, Vətənin nə
olduğunu öyrəndikdən sonra, vətəni qorumaq haqda öyrənirdim məktəbdə… O
məktəbdə ki, 2-ci mərtəbəsində fənnlərdən dərs, 1-ci mərtəbəsində isə həyat dərsi
keçilirdi. Həyatın sərt üzü, yoxsulluğu, soyuğu, rütubəti öyrədilirdi. Çünki bu mərtəbədə
Xocalıdan, Xocavənddən köçkün düşmüş kiçikyaşlı uşaqlar da yaşayırdı. Onlara baxan
kimi hiss edirdin ki, bu otaqlarda min dənə soba da yansa, isinməzlər qızınmazlar. Axı,
ana qucağı başqadır.
Burda hər şey – divarlar, döşəmələr soyuq daşdan, betondan idi. Bu betonlar
arasında doğulan uşaqların hissləri də betonlaşmış, duyğuları daşlaşmışdı. İsti
yuvasından qovulub, soyuq betonlar arasında yaşamağa məcbur qalan uşaqlar
davakar, əsəbi, səbrsiz davranışları və dağınıq fikirləriylə məktəbdə seçilirdilər. Amma
tez-tez onları məzəmmət edib danlayan müəllimlər, ya da soyuqluq və kobudluqlarına
görə bu uşaqlardan uzaq duran şagirdlər bilmirdilər ki, onların mehribanlıq və
“yumuşaq”lığı isti evlərindən gəldiyi kimi, bu uşaqların hirsi də, ev əvəzinə yaşadıqları
məktəb binasının daşının, betonunun “soyuqluğundan” irəli gəlirdi.
Amma bu gün o daşı, o betonu unutmaq zamanıdır. Bu gün bizim doğma
torpaqlarımız işğaldan azad olunur. Torpaq ey, doğma torpaq…
Tezliklə rütubətli, beton məktəb otaqlarında doğulub-böyüyən uşaqların bu torpaqlar
üzərində kök salması və ana qucağı kimi isti, əziz, doğma ocaqlarında gülərüz və
mehriban uşaqlar yetişdirmələri diləyi ilə, yeni zəfərlərə doğru, Azərbaycan!

Orxan KƏRİMOV

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com