Qazi adından istifadə edən dırnaqarası jurnalistlər…

Şəhid, qazi mövzusu hər kəs üçün həssas bir mövzudur. Vətən müharibəsi xalqımızın bu adlara verdiyi dəyəri, sevgini bir daha üzə çıxardı. Fəqət çox təəssüf ki, bəziləri məhz bu həssas mövzulardan öz məqsədləri üçün istifadə edir, müxtəlif yollarla öz niyyətlərini həyata keçirməyə çalışırlar.

Bugünlərdə “sonxebertv.info” saytı sosial şəbəkələrdən birində Ağcabədi rayonunun Salmanbəyli kənd sakini, qazi Abbasov Nizami Faiq oğlu ilə bağlı videoməlumat yayımlayıb. Məlum edirik ki, videoda “jurnalist” tərəfindən səsləndirilən fikirlər tamamilə şər və böhtandan ibarətdir. Guya həmin qazi dəfələrlə Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət etsə də, onu qəbul etmirlər, işlə təmin etmirlər. Hətta “jurnalist” iddia edir ki, qazi Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmaq istəsə də, rayon rəhbəri “Mən qaziləri qəbul etmirəm” deyərək onu geri qaytarıb.

Əvvəla qeyd edək ki, qazi Abbasov Nizami Faiq oğlu digər qazilərimiz kimi diqqət mərkəzində olub, 3 dəfə onun ailəsinə yardım edilib, pay göndərilib. Fotolarda da göründüyü kimi 20 dekabr 2020-ci il tarixdə isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Nizami Abbasovun ziyarətində olmuş, onunla yaşadığı evdə görüşmüş və bu haqda mətbuatda məlumat da getmişdir. Ümumilikdə, rayon rəhbəri 101 nəfər qazinin görüşündə şəxsən özü iştirak etmişdir ki, bu da “Mən qaziləri qəbul etmirəm” ittihamının tamamilə əsassız olduğunu sübut edir.

Qayıdaq digər məsələlərə… Videoda bildirilir ki, rayon İcra Hakimiyyəti qazini işlə təmin etmir. Bildiririk ki, iş üçün icra hakimiyyətinə yox, Məşğulluq Mərkəzinə müraciət etmək lazımdır ki, bu işdə də rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Müraciətlərə Operativ Baxılma” (MOB) Mərkəzi tərəfindən qaziyə köməklik göstərilib və o, 17 saylı Ərazi Məşğulluq Mərkəzinin Ağcabədi filialına istiqamətləndirilib. Lakin məlum olub ki, Nizami Abbasov 28 aprel 2020-ci il tarixdən işaxtaran vətəndaş kimi qeydiyyatdan keçib. Bununla yanaşı N.Abbasov Mərkəzin Ağcabədi filialının rəhbərliyi tərəfindən təklif olunan bir neçə işi də qəbul etməyib. O, öz istəyi ilə özünüməşğulluq proqramı üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Vətən müharibəsi və sonrakı dövrdə rayon İcra Hakimiyyəti tərəfindən müharibə iştirakçıları, qazilər, həmçinin şəhid ailələrinə xüsusi diqqət ayrılır. Belə ki, müharibə dövründə cəbhədə döyüşən hər bir rayon sakininin evinə ərzaq payı göndərilib. Döyüşlərdə yaralanan hərbiçilərə isə təkrar yardımlar edilmişdir. Öz evinə qayıdan qaziləri rayon İcra Hakimiyyətinin başçısı, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə ziyarət edərək onların problemləri ilə yerində maraqlanıb. Həmçinin, Ağcabədi rayonundan olan şəhidlərin ailələri də diqqətdən kənar qalmayıb. Şəhid övladlarına rayon İcra Hakimiyyəti tərəfindən aylıq təqaüd təyin edilmiş, bütün şəhid ailələri icra hakimiyyətinin təşəbbüsü ilə rayonun xeyirxah şəxsləri tərəfindən himayəyə götürülmüşdür.

Onu da qeyd edək ki, yaxın günlərdə “YAŞAT” Fondunun nümayəndələrinin qazilərlə görüşünün həyata keçiriləcəyi planlaşdırılır ki, bunun üçün rayon İcra Hakimiyyəti tərəfindən bütün qazilərin siyahısı Fonda təqdim edilmişdir.

“sonxebertv.info” kimi saytların əsas məqsədi qazi adından istifadə etməklə dövlət orqanları və vəzifəli şəxslər barədə şər və böhtan yaymaq, yalan xəbərlərlə öz populyarlıqlarını artırmaqdır. Biz qazimiz Nizami Abbasova Allahdan şəfa diləyirik və yalan xəbər yayımlayan həmin “jurnalistin” nəzirinə çatdırırıq ki, belə həssas mövzudan sui-istifadə etməməlidir. Unutmamalıdır ki, qanunvericiliklə belə yalan və böhtanlara görə məhkəmə qarşısında cavab vermək lazım gəlir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com