Bu ömür yoluna gəl nəzər yetir,
Sevgilər günüdür bir şeir yazaq.
Sevgi ta əzəldən kol altda bitir,
Sürünə-sürünə bar verir bu tağ.
Bir zərrə şimşəyi gözündə çaxar,
İstəyi işvədir təmənnası naz.
Ürəkdən boylanar könüldən baxar,
Bizim sevgimizin mənzili olmaz.
Sübhün şəfəqində inciyə bənzər,
Kipriyin sırğası yanağın ləli.
Təşnə dodağına qumda su gəzər,
Ölümə sürünən çarəsiz dəli.
Gözün məşəqqəti könlün ahıdır,
Ürəyin yarası sinənin dağı.
Bizim sevgimizin qibləgahıdır,
İkiyə bölünmüş Bisütun dağı.
Dərə bilməmişik, gülümüz qalıb,
Elə hər bitəni vəfalı sandıq.
Tarix küləyində külümüz qalıb?
Nankor gözəllərin oduna yandıq.
Hərdən üzümüzə pərdə atmışıq,
Görə bilməmişik nadan sevgini.
Bəlkə də birinci biz yaratmışıq,
Özün Arpaçaya atan sevgini.
Sevgi gəlməyəndə imana-dinə,
Torpağı dırnaqla oymuruqmu biz?
Yaxşını dəfn edib öz qibləsinə,
Aşığı tərsinə qoymuruqmu biz?
Odumuz tonqalsa,suyumuz sərin,
Sönüb kömür olub köz,içimizdə,
Alıb qucağına ölüm xəbərin,
Uyuduq çəkimib öz içimizdə.
Şirin meyvəsiyik bu dahi eşqin,
Elə öz kökündən sulanıb hərə.
Oduna biz yandıq İlahi eşqin,
Gün hardan doğdu ki,Valentinlərə?
Axı sevgi deyil,çəkilməyən ah,
Başqa nəyin desən yönü varıymış.
Sabah sevgililər günüdür Allah,
Demə sevənlərin günü varıymış.
Vəli Qurbanoğlu