Şöyüf Səfərov: “Yas mərasimlərində təhsil moizələri verirdim”

“Aran” qəzeti Yeni Abuturiyent hazırlıq kurslarının rəhbəri Şöyüf Səfərovla müsahibəni təqdim edir.

Şöyüf müəllim, əlbəttə sizi rayonumuzda böyük əksəriyyət tanıyır və rəğbət
bəsləyir. Ancaq istərdim buna baxmayaraq özünüz haqda qısa məlumat
verərsiniz.

-Mən Şöyüf Məmmədhənifə oğlu Səfərov 01 yanvar 1980-ci ildə Şəkidə anadan
olmuşam. İlk təhsilimi Şəkidə almışam. 1998-ci ildə Gəncə Dövlət Universitetinin Tarix
fakültəsinə daxil olmuşam, 2002-ci ildə bu universiteti bitirərək Mingəçevir liseyində
müəllim, 2004-cü ildən sonra isə Ağdaş liseyində tədris işləri üzrə müdir müavini
vəzifəsində calışmışam. 2008-ci ildə “Yeni Abituriyent” MMC-ni təsis etmiş və Ağcabədi
rayonunda ilk filialla fəaliyyətə başlamışam.

Pedaqoji fəaliyyətinizdə qazandığınız nailiyyətlər barədə nə deyə bilərsiniz?
-Müəllimin nailiyyəti yetişdirdiyi şagirdlərdir. Bu gün Azərbaycanda olduğu kimi, dünyanın
müxtəlif yerlərində özünə layiqli yer tutmuş şagirdlərim var. Təkcə Ağcabədidəki
fəaliyyətimiz nəticəsində 1 nəfər 700 bal toplamış, 5 nəfər Prezident təqaüdü əldə edən
şagird, 82 nəfər 600 baldan yuxarı bal toplayan şagird, 31 nəfər xaricdə təhsil alan
şagird və ümumilikdə 1453 nəfər universitet qazanan şagird yetişdirmişik… Bu estafeti
yenə də davam etdirəcəyik…

-“Yeni Abuturiyent” kursları necə yarandı?

-“Yeni Abituriyent” hazırlıq kursu 2008-ci il oktyabr ayının 5-də müəllim günündə
fəaliyyətə başlamışdır. Kursumuz 2010-cu ildə ilk buraxılışı zamanı 76% nəticə ilə 27
şagirdin universitetə daxil olmasınada rol oynamış, sonrakı illərdə də bu estafeti artan
ardıcıllıqla davam etdirmiş və nəhayət 2020-ci ildə 218 məzunla 96% nəticə
göstərmişdir. Ümumilikdə isə 1453 şagirdin tələbə adını qazanmasına köməklik
etmişdir…

-Necə oldu ki doğulub, böyüdüyünüz Şəki şəhərində yox, məhz Ağcabədidə
işləməyə qərar verdiniz?

-Bu, bir tale məsələsidir məncə… Biz Ağcabədiyə gəldiyimiz ildə burada cəmi 54 nəfər
abituriyent universitetə daxil olmuşdu və bunlardan sadəcə 17-si qız şagird idi. Həmin il
rayon təhsilinə təkan vermək üçün məni buraya dəvət etdilər. Mən də gəlib bu missiyanı
üzərimə götürdüm.

Kursunuz fəaliyyətə başladıqdan sonra şagirdlərinizlə ilk dərs gününüz
yaddaşınızda necə qalıb?

-Fərqli bir yanaşma ilə gəlmişdik kursa və o zaman rəhbər vəzifədə olan insanların
övladlarını kursa göndərməsi bizə dəstək oldu. İlk dərs günü, “bacara biləcəyikmi” sualı
var idi qarşımda… Fərqli region, təhsilə fərqli yanaşan insanlar… İndiki nailiyyətlərimizə
baxdıqda görürəm ki, əzm, iradə, sevgi və tələbkarlıq hər şeyin ən yaxşısını insana
bəxş edə bilir…

-Peşənizi sizə ən çox sevdirən nədir?

-Peşəmizin sevilməyəcək bir tərəfi yoxdur… Vəzifəsindən aslı olmayaraq valideynlərin
övladı üçün sizinlə məsləhətləşməsi insana yaşamaq həvəsi verir. Ən çox peşəmi ona görə sevirəm ki, bəlkə də bu rayondan, kəndlərdən olan və bu gün mötəbər universitetlərdə oxuyan şagirdlərə vaxtında əl uzatmasaydıq onlar indiki həyatlarından tamam uzaq, maariflənmədən yaşayardılar. Bu məsələ mənə həm qürur, həm də sevinc hisslərini yaşadır.

Şöyüf müəllim, mən də daxil, illər əvvəl öyrədib, hazırlayıb ali və orta ixtisas
məktəblərinə göndərdiyiniz abuturiyentlərinizin yadından çıxmırsınız. Bəs sizi
şagirdlərinizə bu qədər sevdirən nədir?

-I Qarabağ Müharibəsinin bu bölgəyə təsirinin çox olması, rayonda köçkün ailələrinin
çoxluğu, valideynsiz və ya bir valideynini itirən uşaqların çox olmasından xəbər verir.
Hazırlığa gələ bilməyən, imkanı olmayan və ya uzaq kəndlərdə yaşayan uşaqların
araşdırılaraq müəssisəmizdə hazırlaşdırılması bizə olan sevgi hissini daha qabarıq
göstərir. Həmin şagirdlər bu gün artıq hansısa şagirdin oxumasına yardım edir, dəstək
olurlar. Mənə elə gəlir ki, şagirdlərin bizi sevməsinin ən böyük səbəbi əsl müəllim
simalarını müəssisəmizdə görmələridir.

-Bəs sizin heç unutmadığınız şagirdiniz varmı? Səbəbi nədir?

-Təbii ki var… Unutmayacağım şagirdlər var … “Müəllim, bir otaqlı evimizdə dərs
oxumaq üçün eyvana sıxışdırdığımız bir stullu stol üçün qardaşımla çox mübahisə
etmişik” deyən şagird, xəstə olan anasına baxıb, bütün ev işlərini görüb, sonra da gecə
səhərə qədər dərs oxuyan şagird, atası olmadığına görə qoyunları sahəyə aparıb orada
çalışan şagird, kursa şagird gətirən sürücü atasının maşınına ağlayaraq minib, arxa
hissədə döşəkçənin üzərində oturub dərsə gələn şagird, “qız uşağı oxumaz” deyib
hazırlığa getməyə qoymayan atasını razı salmaq üçün məni evlərinə dəvət edən şagird,
“müəllim siz məni oxutdurun, ilk maaşımla bir şagird oxutduracam sizə söz verirəm”
deyən şagird, “700 bal yığacam” deyb həqiqətən də 700 bal yığan şagird və sair
nümunə çəkə bilmədiyim unutmadığım şagirdlərim var…

-Şansınız olsaydı dünya ölkələrindən hansının təhsil sistemini ölkəmizdə tətbiq
edərdiniz?

-Düzünü desəm 20 illik pedaqoji fəaliyyətim dövründə gördüm ki, təhsildə nailiyyət
qazanmaq üçün heç də kiminsə təcrübəsi əsas deyil… Nailiyyət şagirdlərə göstərilən
qayğı, sevgi, diqqət, hörmət və inamdan gəlir… Sevginin isə dili, dini, irqi olmaz…

-Rayonumuzun məktəblərində aşağı və yuxarı siniflər üçün tez-tez imtahanlar
götürüb qiymətləndirmələr edirsiniz. Bu imtahanların nəticələri sizi qane edirmi,
ümumiyyətlə, təhsillə bağlı hansı problemlər var və bu problemin həlli yollarını
nədə görürsünüz? Sizcə, tədrisin keyfiyyətini yüksəltmək üçün daha nələrə
ehtiyac var?

-Rayonumuzda illik qəbul olan şagirdlərin sayının 50 nəfərdən 500 nəfərə yaxınlaşması
təhsilin inkişaf etdiyini göstərir. İmtahanlar şagirdlərə daha əzmlə çalışması üçün stimul
verir. Təhsillə bağlı hiss olunacaq şəkildə irəliləyiş var. Mənə elə gəlir ki, təhsildə
irəliləyiş yaratmaq üçün müəllim, şagird və valideyn üçbucağından istifadə edilməlidir.
Bu 3 istiqamət bir-birini tamamlayarsa və hər kəs öz işini görərsə, təhsildə də keyfiyyət
olar. Əslində bizim daha çox vicdanlı kadrlara etiyacımız var… Dahi Nizami deyir ki,
“Dəmiri aynatək parladan insan, Pası silməlidir öz vicdanından…”

-Əvvəlki illərdən fərqli olaraq cəmiyyətdə müəllimin nüfuzu çox düşüb deyə
düşünürəm. Məsələn, bir məclisdə, əməkdar müəllim və bir yekə “Cipi” olan adam
əyləşib, fikir vermisinizmi, “Cipi” olan adama edilən “müəllim” xitabı daha vurğulu daha həlim olur. Sizcə, bu halın aradan qaldırılması üçün əsas vəzifə daha çox kimin üzərinə düşür – cəmiyyətin, yoxsa müəllimin özünün?–Bu fikirlə çox da razı deyiləm… Bilirsiniz, müəllim şagirdin yanında lazımsız zarafatlar
edirsə və ya onu siqaret almağa göndərirsə, demək ki, o hələ bu adı daşıya bilmir. Mən
bu gün cəmiyyətdə yerində olan və yetərincə hörməti olan müəllimlər də görürəm…
“Cipə” görə hörmət qazananların hörməti ondan düşənə qədərdir, amma müəllim əgər
özünü dərk edən müəllimdirsə, onun hörməti ömürlükdür…

Mən uğur işinin içində bir az da sevgi olduğuna inananlardanam. Sizin də
uğurlarınızdan göründüyü kimi şagirdlərinizə təhsili sevdirməyi bacarırsınız.
İstəyərdim soruşum ki, sevdirib uğur qazandırmaq məsələsində üslub və
metodlarınız nələrdir?

-Bir qayalıqda yüksək səslə sevgi sözünü söyləyirsən, qayalıqdan sənə həmin sözün
əks-sədası gəlir. Deməli hər bir müəllim özünü ifadə etdiyi qədər müəllimdir. Vicdan,
Sevgi və İnam Əzmkarlıqla taclandığında nəticə inanılmaz olur. Uğur qazanmağın ən
gözəl yolu ilk əvvəl sənə rast gələn vicdanlı müəllimdir. Vicadanlı müəllim olmaqla
bərabər, necə oxumağı, vaxtlarını necə bölüşdürməyi, testin cavabını hansı yollarla
tapmağı, onu anlamayan valideyni ilə necə münasibət qurmağı, fənlərə qarşı ögey
münasibət bəsləməməyi, elmin və təhsilin həyatımızdakı rolunu, tələbəliyin
gözəlliklərini, təhsilli insanın həyatdakı rolunu izah etməli və öyrətməliyik şagirdlərə…


Sizə maraqlı bir hadisəni də danışım. Deməli günlərin bir günü işdə oturub
rayonumuzun kəndlərindəki şagirdlərin bizim kursumuzda olan kəmiyyət intensivliyini
nəzərdən keçirirdim. Ən aşağı qız şagird sayının Avşar kəndinin qız uşaqları olduğunu
təsbit etdim. Bunun səbəbi məndə əməlli başlı həm maraq həm də narahatlıq
doğururdu. Necə oldusa, təsadüfən həmin kəndin çox hörmətli, sayılıb seçilən
axunduyla bir məclisdə qarşılaşdıq. Məni çox düşündürən bu sualın cavabını o axundda
tapacağımı düşündüyümdən sualı ona verdim. Axund da mənə cavab əvəzinə çox
qəribə bir şey məsləhət gördü. Dedi, bəs mən axund olaraq yas məclislərinə gedirəm.
Səni də dəvət edim, ziyalı bir müəllim kimi gəl otur yanımda, mən dinimi sən də təhsilini,
elmini təbliğ elə. Axundun təklifi mənim çox xoşuma gəldi və mən bir az düşünüb təklifini
qəbul etdim.
Yas məclislərinə gedirdim və axundun yanında oturub qız uşaqlarının təhsil almasından
“moizələr” verirdim. Bəlkə də, onun nətisədir ki, bu gün kursumuzda Avşar kəndindən
təhsil almağa gələn qız uşaqlarının sayı heç də digər kəndlərin şagirdlərindən az deyil.
Mən bir müəllim kimi, cəmiyyətdə qadın obrazının gücünə inanan insanlardanam.
Çünki, bilirəm “Ziyalı kişi ziyalı insandırsa, ziyalı qadın ziyalı ailədir”.

Şöyüf müəllim, heç kimə sirr deyil ki, təhsil yolu “Yeni Abuturiyent” kurslarından
keçənlərin, Ali məktəblərə qəbul olma şansı daha çoxdur. Bunun sirri nədədir?

-Kursumuzu aysberqə bənzədirik biz… Nə qədər yuxarıda, suyun üstündə görünən
tərəfi balaca olsa da, aşağıda görünməyən böyük bir hissəsi var. Onu ancaq bizim
ailəmizin üzvü olanlar anlayırlar. Bu ailə BİZİ BİRLƏŞDİRƏN DƏYƏRDİR… Biz
şagirdlərdə motivasiya, əzm, iradə, hədəf, məqsəd, özünəgüvən kimi lazım olacaq
xüsusiyyətləri formalaşdırır və onlara həyat nərdivanına necə qalxmaq lazım olduğunu

öyrədirik. Əlavə olaraq, kursumuzun əsas göstəricisi müəllimlərinin potensialıdır və bu
gün məktəb uğur qazanırsa, bu həm də kollektivin birgə qələbəsidir.

Sonda zəhmətkeş və uğurlu bir müəllim olaraq sizin peşə yolunuzu getmək
istəyən gənclərə hansı tövsiyyələrinizi vermək istəyərdiniz?

-Bəzən savadlıyam deyib imtahana girən müəllimlər olur, yığdığı bal onu utandırır…
Mənim müəllim olmaq istəyən tələbələrə tövsiyyəm budur ki, 5 fənni öyrənərək əldə
etdiyiniz bu şansı bir fənni öyrənməyərək boşa çıxarmayın. Çünki hansı fənnin müəllimi
olursan ol, öz peşəni sevməli və şagirdlərə onu aşılamaq üçün əlindən gələni
etməlisən… Müəllim odur ki, məktəbin qapısından daxil olduğu an bütün problemlərini
unutmalı, uşaqların dünyasına, o təmiz, pak dünyaya daxil olmalı və həmin “ağ
vərəqlərə” gözəl sözlər yazmalıdır…
Söhbətləşdi: Orxan KƏRİMOV

Şərhlər