O, ölümün üstünə sedirdi

Vətən müharibəsində canını fəda edən igidlərimizdən biri də döyüşlərdə
qəhrəmancasına həlak olan Abışov Əmrah Səyyab oğludur.
Əmrah Abışov 1999-cu il noyabrın 15-də Ağcabədi rayonunun Kürdlər kəndində
anadan olub. 2006-cı ildə Akif Sultanov adına Kürdlər kənd tam orta məktəbinin 1-ci
sinfinə daxil olub. 2017-ci ildə adı çəkilən məktəbi uğurla başa vurub. 2018-ci ilin
yanvarında orduya hərbi xidmətə yollanıb. 2019-cu ilin ortalarında hərbi xidmətini başa
vuraraq ordudan tərxis olunub. Ordu sıralarında nümunəvi əsgər kimi dəfələrlə
tərifnamələrə layiq görülüb. Hərbi xidməti başa vurduqdan sonra hərbi komandirlər
tərəfindən orduda qalıb xidməti davam etdirmək təklifi alan Əmrah MAXE kimi xidmət
etməyə başlayıb. Vətən müharibəsi başlananda Əmrah artıq gizir idi. O, 2020-ci il
sentyabr ayının 29-da müharibəyə qatılıb. Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən
gərgin döyüşlərdə komandiri düşmən snayperi tərəfindən başından yaralanır. Onu
döyüş meydanından çıxararkən Əmrah özü də başından snayper gülləsi ilə vurulur.
Döyüş yoldaşı İsmət söyləyir ki, Əmrah o qədər qorxmaz idi ki, hətta ölümə sadə bir şey
kimi baxır, onun üstünə addımlayırdı. Biz əsgər yoldaşları onun hərəkətlərindən
ruhlanır, daha böyük ruh yüksəkliyi ilə vuruşurduq. Allah ona rəhmət eləsin, o, ölməli
oğul deyildi.
Atası Səyyab kişi deyir ki, yaşının az olmasına baxmayaraq, Əmrah kənddə,
orduda böyük hörmət qazanmışdı. Çox igid və eyni zamanda sadə bir insan idi. Yaşca
məndən xeyli kiçik olmasına baxmayaraq, mən ondan həmişə müsbət enerji alırdım.
Onda böyük bir nikbinlik, yaşam həvəsi vardı. Bu da bizə sirayət edirdi. Müharibə
başlanandan cəmi bir neçə saat sonra zəng etmişdi, telefonda xeyli söhbət etdik. Birdən
qəfil ara kəsildi. Sonralar öyrəndim ki, mənə deməyə dili gəlməyib. Mənimlə söhbətdən
sonra qardaşına zəng edib. Söyləyib ki, torpaqlarımızın düşmən tapdağı altında olması
məni yandırır. Ürəyimə damıb, mən şəhid olacağam. Atamızdan muğayat ol.
… Müharibə başlanan ay, sentyabrın 7-8 Əmrah evlərinə gəlir. Anası ilə söhbət
edəndə, müharibənin başlamasını arzu etdiyini söyləyir. Anası qorxuya düşür, deyir a
bala elə söz demə. Müharibənin bir ucu axı ölüm deməkdir. Mən qorxuram… Əmrah
gülə-gülə anasına təsginlik verir. Deyir ki, “Ay ana, sən nə deyirsən, biz əsgər
yoldaşlarımızla nəzir qoymuşuq ki, kaş müharibə başlasın. Biz son damla qanımıza
qədər düşmənlə vuruşacağıq. Bir də, ay ana, Vətən yolunda ölməyin, şəhid olmağın
nəyi pisdir ki?! Sən gedirsən, torpaq, Vətən isə düşməndən xilas olunur, azad nəfəs alır.
Müqəddəs torpaqlarımız uğrunda həlak olmaq böyük şərəfdir, ana. Mən heç uf da
demədən şəhid olaram, mənə halallıq ver. Məni gülər üzlə yola sal.”
Əmrah geriyə, cəbhəyə qayıdır. Vətənpərvər, igid əsgər yoldaşları ilə çiyin- çiyinə
düşmənlə sona qədər vuruşur. Və arzuladığı kimi, şəhid olur. Şəhadətə qovuşur.
2020-ci ilin oktyabrının 30-da şəhid olan Əmrah Ağcabədidə Şəhidlər
Xiyabanında torpağa tapşırılır. Özündən, ömründən çox sevdiyi isti, doğma torpağa.
Sən çox sevdiyin torpağın qoynunda rahat uyu, şəhid Əmrah. Vətən artıq düşmən
cəngindən xilas olunub və azad nəfəs alır…

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər