Salmanbəyli kəndinin oğulları Birinci Qarabağ savaşında igidliklə vuruşub, Vətən
qarşısında öz oğul borclarını şərəflə yerinə yetiriblər. Bu savaşda Salmanbəylili Əlfi
Məhəmməd oğlu Məmmədov və Xaləddin Yasir oğlu Quliyev Vətən yolunda canlarını
fəda edərək şəhid olublar. Vətən müharibəsində bu kənddən olan hərbçi, Kapitan
Mikayıllı Samir Sabir oğlu düşmənlə son nəfəsinədək vuruşaraq, qəhrəmancasına həlak
olub, şanlı şəhadət zirvəsinə ucalıb.
Famil Əli oğlu Bayramov 1991-ci il aprelin 29-da Salmanbəyli kəndində anadan
olub. 1997-ci ildə şəhid Əlfi Məmmədovun adını daşıyan kənd tam orta məktəbinin 1-ci
sinfinə daxil olub. 2008-ci ildə bu məktəbi uğurla başa vurub. 2009-cu il aprelin 29-da,
doğum günü ordu sıralarına yollanıb. 2010-cu ilin oktyabrında ordudan tərxis olunub.
Orduda nümunəvi xidməti ilə başqalarına örnək olan Famil tuşlayıcı hərbi peşəsinə
yiyələnib.
Əsgəri xidməti başa vurduqdan sonra Famil bir müddət valideynlərinə kömək
edib, şəxsi təsərrüfatla məşğul olub. 2020-ci ilin iyul ayında Tovuz döyüşləri onun vaxtı
ilə xidmət etdiyi Ağdam kəndinin yaxınlığında baş verib. Düşmənə qarşı qəlbində hədsiz
nifrət baş qaldıran Famil elə o zaman könüllü döyüşlərə qatılmaq istəyib. Amma ona
gözləmək məsləhət görülüb.
2020-ci il sentyabrın 29-da Famil könüllü olaraq Vətən müharibəsinə qatılıb.
Burada öyrəndiyi hərbi atıcı peşəsi onu daha da inamlı edib. Atıcı heyət nəfəri olan
Famil Bayramov Füzuli, Cəbrayıl, Qubadlıda vuruşub. Xocavəndin Tuğ kəndində döyüş
yoldaşını xilas edərkən sol qolundan minaatan qəlpəsindən ağır yaralanıb. Yarası
müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdan Famil Şuşada hərbi döyüş
xidmətini davam etdirib. “Cəsur döyüşçü”, “Cəbrayıl və Qubadlı rayonlarının azad
olunmasına görə” medalları ilə təltif olunan Famil 2020-ci il dekabrın 12-də ordu
sıralarından tərxis olunub. Famil yarası tam sağalandan sonra orduda xidmətini davam
etdirmək arzusundadır. Familə yeni uğurlar arzulayır, onun peşəkar hərbçi kimi
püxtələşməyinə inanırıq.
Adil MİSİRLİ