Rayonun təhsil müəssisələrində psixoloji xidmət üçün lazımi şərait yaradılmışdır

– Ağcabədi rayon Təhsil Şöbəsindən açıqlama

“Aran” qəzetinin 2 fevral 2021-ci il tarixli, 7-ci sayında psixoloq Lalə Əliyevanın
“Məktəblərimizdə psixoloq problemi” adlı məqaləsi dərc edilmiş və bu yazı xeyli oxucu
diqqətinə səbəb olmuşdur. Təbii ki, məqaləyə münasibət birmənalı olmamış, sosial
şəbəkədə də müzakirəyə yol açmış, hətta müəllifə qarşı aqressiv münasibət də
sərgilənmişdir. Kimisi onun haqsız olduğunu söylədi, kimisi heç məsələyə aidiyyatı
olmayan digər məktəb problemlərini fəaliyyətsizliklərinə səbəb kimi göstərdi. Əlbəttə,
Lalə xanımın toxunduğu mövzu tək rayonumuza aid deyildi, lakin ümumilikdə bu
problemin var olduğunu da inkar etmək olmaz.
Mövzunun araşdırılması, müzakirə olunması və nəticəsi ilə bağlı müraciətimizə cavab
olaraq Ağcabədi rayon Təhsil Şöbəsi tərəfindən redaksiyamıza göndərilən məktubda
bildirilir ki, rayonun təhsil müəssisələrində psixoloji xidmət üçün lazımi şərait
yaradılmışdır. Məktəb psixoloqları bütün şagirdlərin fərdi xüsusiyyətlərini müəyyən
edərək şagirdlərə lazımi psixoloji xidmət göstərirlər. Məktubda öz peşəsini nümunəvi
şəkildə icra edən şəhər 1 saylı, S.Vurğun adına 4 saylı və F.Kərimov adına Biləğan
kənd tam orta məktəblərinin psixoloqlarının iş təcrübəsi də xüsusi vurğulanmışdır.
Təbii ki, COVİD-19 pandemiyasının qarşısının alınması məqsədi ilə məktəblərdə əyani
təhsilin dayandırılması bu işdə də müəyyən çətinliklər yaratmamış deyil. Lakin
məktəblərdə psixoloq problemi mövzusu hər zaman aktualdır və buna görə də,
mövzunu diqqətdə saxlayacağıq.
Müəlliflə razılaşmadığını söyləyən məktəb psixoloqlarına isə meydan veririk ki, öz
nümunəvi fəaliyyətləri ilə bağlı yazılarla qəzetimizdə çıxışlar etsinlər, təcrübələrini
bölüşsünlər.

Şərhlər