Üz tutub gedirəm, hanı, yol handa…
Mən kimə hönkürüm içim dolanda.
Cəbhədə bir əsgər şəhid olanda,
Sanıram o güllə balama dəyir.
Ayaz Arabaçı
Vətənpərvər şairin şəhidlərin dünyamızda tutduqları yerə işarə edən bu misaralar,
həqiqətən də, şəhidlik zirvəsinə ucalan əsgərlərimizin bizə nə qədər yaxın, doğma
olduğuna sirayət edir. Həmyerlimiz Xəyal Feyruz oğlu Həziyev Vətən müharibəsində
qəhrəmanlıqla vuruşub, şəhadətə qovuşub. 20 dekabr 1987-ci ildə anadan olan Xəyalın cəmi 3 yaşı olanda xalqımızın tarixinə qara hərflərlə yazılan 20 Yanvar hadisəsi baş verdi.
… Orta məktəbi bitirəndən sonra Xəyal Bakıya gedir və burada texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnir. 2005-2006-cı illərdə ordu sıralarında xidmət edən Xəyal elə o vaxt əsgərlikdə bir hərbçi kimi bütün çətinliklərə mətanətlə sinə gərir. Atası danışır ki, Xəyal Murovun düz başında postda qarovul çəkirdi. Ora dəhşətli dərəcədə soyuq, şaxtalı, küləkli olurdu. Mən də bir ata kimi komandirlə danışıb, onu aşağıda, sakit yerdə xidmət etməyinə nail olmaq istədim. O, isə bundan duyuq düşüb çox möhkəm əsəbləşdi. Qətiyyətlə söylədi ki , “Ata, mən düz xidmətin sonuna kimi başıqarlı Murovda xidmət edəcəyəm. Mən düşmənə o zirvədən baxacağam. Əgər məni başqa yerə keçirmək istəsəniz özümü Murovun başından atacağam.” Xəyalla mən də razılaşdım. O, xidmətin sonuna qədər çətin iqlim şəraitinə malik olan Murov yüksəkliyində xidmət etdi.
Xəyal Vətən müharibəsinə 2020-ci il sentyabrın 29-da gedib. Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Şöbəsinin əməkdaşlarını öz
çılğınlığı, iradəsi, qətiyyəti ilə ayağa qaldırıb. Onlara gözləyə bilmədiyini, düşmənlə üz-
üzə vuruşmağa tələsdiyini bildirib. Söyləyib ki, məni niyə əsgərliyə apardınız, amma indi
müharibəyə getməkdə ləngidirsiniz. Axı indi Qarabağ döyüş meydanıdır. Xalqın
vətənpərvər övladları indi ön cəbhədə olmalıdırlar. Xəyalı sakitləşdirməyin mümkün
olmadığını görən hərbçi rəhbərlər onu avtobusa birinci mindiriblər ki, qoy rahat olsun.
Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində vuruşan Xəyal Xocavənd ətrafında gedən
qızğın döyüşdə qəhrəmanlıqla həlak olur. Tanrının dərgahına üz tutan Xəyal
Ağcabədidə Şəhidlər Xiyabanında dəfn edilib.
Xəyal Həziyevin döyüş yoldaşı, rayonumuzun Qaradolaq kəndindən olan Daşqın
Gülcumayev Eyvaz oğlu söyləyir ki, Xəyal həddindən artıq vətənpərvər idi. Elə irəliyə,
düşmən üzərinə atılmağa can atırdı. Bir yerdə qərar tuta bilmir, döyüşlər arasında olan qısa fasilə onu dəli edirdi. O, bizə deyirdi ki, torpaqlarımızda düşmən at oynadır, sizsə burada sakit oturmusunuz. Xəyal çox çılğın və dəliqanlı idi. O, düşmənin üzərinə sadəcə hücüm etmirdi, şığıyırdı. Bir döyüş yoldaşı kimi, o, bizə vətənpərvərlik nümunəsi, örnək idi. Allah rəhmət eləsin. Xəyal kimi oğlan ölməz, o, şəhidlik zirvəsindədir. Əziz xatirəsi də həmişə bizimlədir.
Xəyalın atası usta Feyruz deyir ki, o, məndən yaşda xeyli kiçik olsa da, məndən yaxşı
usta idi. Qaynaqçı sənətini incəliklərinə qədər mənimsəmişdi. Ev tikirdi, evlər təmir
edirdi. Hərtərəfli usta idi Xəyal. İşində keyfiyyətlə, ustalıqla bərabər, öz şəxsi yanaşması da üstünlük göstərirdi. Yaxşı əlavələri, yeni fikirlərini işində tətbiq edirdi. Bir mükəmməl usta kimi həmişə adamlar növbə ilə onun boş vaxtının olacağını gözləyirdilər. Xəyalın cəbhə dostu, Beyləqanın Əlinəzərli kəndindən olan Ağayev Cəsur Heydər oğlu onun haqqında ağızdolusu danışır: “Mənim adım Cəsurdur, amma Xəyalın özü cəsur idi. Mülki həyatda hərtərəfli usta olan Xəyal cəbhədə də hər şeyi bacarırdı. Olduqca vətənpərvər, torpaq sevgili, qorxmaz və igid bir oğul idi. Həqiqətən böyük usta olduğunu cəbhədə də sübut etdi. Orduda az müddət ərzində iki ləqəbi vardı. Ona
“istehkamdağıdan” deyirdilər. O, istehkama hardan və necə yaxınlaşmağı, onu
dağıtmağın yollarını yaxşı bilirdi. Onun hər şeyin necə və nə vaxt baş verəcəyini
qabaqcadan bilməsinə görə daha bir ləqəbi “Qoca” idi. Hətta yaşda xeyli böyük olanlar
da ondan məsləhət alır, fikrini öyrənərdilər. O, sanki müdrik bir qoca idi… Üstü həmişə
qumbara ilə dolu olurdu. Qumbaraların ona bir narahatlıq verməyi, mane olduğunu
deyəndə, xəfifcə gülümsəyib, “Ehtiyat igidin yaraşığıdır, qoy üstümdə hazır olsun. Heç
bilirsiniz, bu qumbaralar neçə erməni leşi deməkdir?” söyləyərdi.
… Bir dəfə düşmənin pusqusuna düşdük. Ermənilər gülləni başımıza yağış kimi
yağdırırdılar. Xəyal bunu görüb, sağ cinahdan, strateji cəhətdən əlverişli olan, düşmənin ağlına gəlməyən hədəfdən onlara hücum etdi və biz xilas olduq. Sonra özü kimi gənc 4 nəfəri də götürüb düşmən üzərinə getdi. Hətta komandirimizi də onlarla getməyə qoymadı. Bizlərə qətiyyətlə geridə qalmağı məsləhət gördü. Dedi ki, sizin körpələriniz var, dünyanın işin bilmək olmur. Balalarınız yetim qalmasın. Qoy biz subay oğlanlar irəliyə gedək. Hər şeyi uzaqdan olsa da, görmək olurdu. Xəyalgil xeyli erməni məhv etdilər. Birdən hardansa minaatanın qəlpələri səpələndi. Xəyalgilin 5-i də bir göz qırpımında həlak oldular. Allah onların hamısına rəhmət eləsin. Mən və sağ qalan yoldaşlarım onlara ömür boyu minnətdarıq. Bu torpağın göy üzü də şəhidlərimizin ölməz xatirəsi önündə baş əyir, onların ruhları ilə
yanaşı addımlayırlar. Göy üzü qürbət olsa da:
Sinəsini deşib süngü,
açılan lalədi sanki.
Göy üzü qürbətdi ona
ruhu canından süzgün…
Adil MİSİRLİ