Sən kimsən axı?

12-13 yaşım olardı. Anamın bir rəfiqəsi var idi, başqa rayondan köçüb gəlmişdilər.
Rayonumuzda o vaxt “təzə məhlələr” deyilən ərazidə yaşayırdılar. Onun övladları
bizdə, mən də onlarda tez-tez olur, günlərlə bir-birimizin evində qalırdıq.
Yay fəsli idi. 10 gündən artıq idi ki, onlarda idim. Anamın rəfiqəsinin məndən bir yaş
böyük olan qızı Sevda və altı yaşlı oğlu ilə öz uşaq həyatımızı yaşayırdıq. Həmin
ərazidə xeyli sayda qaçqın ailə məskunlaşmışdı. Qonşuluqdakı laçınlı ailənin bizimlə
həmyaşıd bir oğlu var idi. Aylarla qırxılmadığı üçün gicgah hissələrində və başının
ortasında topalanmış, üç böyük təpəyə bənzəyən cod, qıvrım saçı, günəşdən yanıb
qaralmış dərisi, çirkli üst-başı olan, baxımsız, arıq, qabırğaları sananan, sakit bir oğlan
idi. Qonşu uşaqlar daim onunla duzsuz zarafatlar edir, ələ salırdılar. Təəssüf ki, o
uşaqların arasında mən də var idim. O, bizim zarafatlarımızdan incimir,
atmacalarımıza cavab olaraq həmişə eyni tərzdə gülümsəyirdi. O yaşda olan uşaqlar,
“dişi batanın” qənimi olur. Biz də onun sakitliyindən istifadə edib gündən-günə
həyasızlaşır, onu daha çox cırnatmağa çalışırdıq.
Bir gün qonşu uşaqlarla Sevdanın anasından xəlvət toplaşıb evdən bir qədər aralıdakı
kanalın yanına getdik. Dayaz yer tapan uşaqlar bir-bir kanala girdilər. Ömrüm boyu
belə yerdə olmamış və sudan həmişə qorxmuşdum. Amma uşaqların kanalın
içərisində sərbəst gəzdiklərini görüncə həvəsləndim və suya girib kanalın eni boyunca
irəliləyirdim ki, iti axan su qəfildən məni arxası üstə çevirib 15-20 metr aralıdakı
körpünün altına tərəf apardı. Körpüdən sonra kanal dərinləşirdi və bu səbəbdən
yuxarıdan aşağı zərblə tökülən su sürətlə axaraq nə varsa özü ilə aparırdı. Amma
yıxıldığım anda bunun fərqində deyildim. Hər şey elə gözlənilməz və ani oldu ki…
Sadəcə arxası üstə çevrildim, qulaqlarım batdı, gözlərim yumuldu və qara-boz bir
səssizliyə düşüb nə baş verdiyini anlamadan, çabalamadan axına qarışıb gedirdim.
Nəfəs alıb-almadığımı da bilmirdim. Sanki donmuşdum. Hissiyatsız bir bədən idim. Və
birdən yumulu gözlərimə işıq düşdü. Nəfəsim genişləndi. Burnumun yuxarı
hissəsindəki acı göynərti ilə gözlərimi açdım. Qolumdan kiminsə yapışmış olduğunu
hiss etdim. Nəhayət, içində olduğum bu qarışıq, yuxu kimi aləmdən tam ayılarkən
qarşıda həmin oğlanı gördüm. Həmişəkindən fərqli olaraq üzündə təbəssüm olmasa
da, gözlərinin dərinliyində səbəbini bu gün də çözə bilmədiyim qəribə bir gülüş var idi.
Ətrafa baxdım. Sevda da, digər uşaqlar da həyəcanlı idilər. Sevdanın dodaqları
ağappaq olmuşdu. Geri boylandım. Körpünün altına keçməyimə az bir məsafə
qalıbmış. Körpünün digər tərəfinə axmış olsaydım, bu cocuqlardan başqa ins-cins
görünməyən çöllükdə məni kimsə xilas edə bilməzdi. Demək, mən hələ boğulmağa
başlamamış xilas edilmişdim. Uşaqlar hərəkətə keçib məni kanaldan kənara
çıxartdılar. Heç birimiz ona minnətdarlıq etmədik. Bilmirəm, uşaq olduğumuz üçün
ağlımızamı gəlməmişdi, ya bir eqo idimi?.. Heç o da minnətdarlıq gözləmirdi. Eləcə,
yaş paltarları əynində, boz rəngli, üstündə böyük “M” hərfi yazılmış rezin şəpitləri
əlində, ayaqyalın torpaq yolla evlərinə yollandı. Həmin gün evimizə qayıtdım. O oğlanı
bir də heç vaxt görmədim. İllər sonra bu hadisəni xatırlamağıma səbəblər oldu. Çünki
böyüdükcə müxtəlif sifətlər, müxtəlif adamlar gördüm. Vəzifəsinə, puluna, varına
arxayın olub başqalarını əzən, təhqir edən, fəqir-füqəranı adam hesab etməyən,
danışığı üfunət qoxuyanları müşahidə etdim. Mən, 13 yaşımda etdiyim yanlışın acısını
bu gün də yaşayırkən, saçı-saqqalı ağarmış, amma içində ağ bir nöqtə tapılmayanlarla
üz-üzə gəldim. Və nəhayət, bu günlərdə mübahisə edən iki şəxsin birinin digərinə
verdiyi sual qulağıma sillə kimi dəydi: “Sən kimsən axı?“
Sən kimsən axı… Bəlkə də biz də nə vaxtsa fərqinə varmadan işlətmişik bu ifadəni…
Amma…

Adam, sən nə bilirsən ki, məsələn, o skamyada gecələyən, üst-başı cırıq, çirkli
kimsəsizin içində nə boyda dünya var? Nə bilirsən onu tərki-dünya edən səbəb nədir?
Bəlkə sənin kimilərinin girə bilmədiyi bir EŞQ ümmanıdır onun qəlbi? Bəlkə girsən,
batıb qalarsan o ümmanın içində? Nə bilirsən, bu gün aşağıladığın hansısa bir fəqir
sabah sənin xilaskarın olmayacaq? Ayağının altını təmizləyən insanlarla, fəhlələrlə, öz
zəhməti ilə yaşamaqlarına baxmayaraq, sənin heçlik hesab etdiyin adamlarla eyni
şəkildə gəldin dünyaya, eyni şəkildə də gedəcəksən. Bu həqiqəti hamımız bilirik.
Amma sən bunu qəbul etmək istəmirsən… Hələ utanmaz-utanmaz soruşursan: “Sən
kimsən axı?!”
Bu gün qazandıqlarıma görə öz zəhmətimlə bərabər, valideynlərimə borcluyam. Amma
mənim böyük borcum, həyat borcum olan daha birisi var. Aylarla qırxılmadığı üçün
gicgah hissələrində və başının ortasında topalanmış, üç böyük təpəyə bənzəyən cod,
qıvrım saçı, günəşdən yanıb qaralmış dərisi, çirkli üst-başı olan, baxımsız, arıq,
qabırğaları sananan həmin sakit oğlan…
“525-ci qəzet”
Məhsəti MUSA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər