Yelizavetpol quberniyası 1868-1917-ci illərdə şimaldan Zaqatala okruqu və Dağıstan oblastı, cənubdan Qacar dövləti, şərqdən Bakı quberniyası, qərbdən Tiflis və İrəvan quberniyası ilə həmsərhəd olan Rusiya imperiyası ərazisi idi.
Quberniyanın 60,8%-ni tatarlar (azərbaycanlılar), 33,3%-ni ermənilər, 1,7%-ni ruslar, 1,6%-ni ləzgilər, 0,8%-ni udinlər, 0,39%-ni tatlar və 0,26%-ini isə almanlar təşkil edirdi. Yelizavetpol quberniyasında 552.822 nəfər müsəlman, 298.685 nəfər qriqorian, 10.429 nəfər pravoslav xristian, 9507 nəfər paqanist idi. Quberniyada əhalinin 36,3%-i şiə, 36,3%-i qriqorian, 25,2%-i sünni, 0,24%-i yəhudi, 0,21%-i isə pravoslav idi. Quberniyada əhalinin 89,84 faizi kəndlərdə, 10,16 faizi isə şəhərlərdə yaşayırdı (Troynitskiy, 1904:IV). Yaşam baxımından əhalinin çox hissəsi oturaq olsa da, xüsusən də azərbaycanlılar və kürdlər arasında köçərilərə rast gəlinirdi. Ümumilikdə Yelizavetpol quberniyasına 8 uyezd daxil idi: Yelizavetpol, Ərəş, Cəbrayıl, Cavanşir, Nuxa, Şuşa, Zəngəzur və Qazax. 1897-ci ildə quberniyada 878.415 nəfər yaşayırdı ki, bunlardan 480.012 nəfəri kişi, 398.403 nəfəri qadın olmuşdur.
Yelizavetpol quberniyasının əksəriyyəti hazırda Azərbaycan Respublikasının sərhədləri içərisindədir.
Yelizavetpol quberniyasında yaşayan böyük etnik qruplardan biri də kürdlər idi. Kürdlərin Qarabağa yerləşməsi 1807 və 1816-cı illər ərzində baş verib. Bu zaman İranda yaşayan kürdlərin Qarabağ və Zəngəzura böyük köçü baş tutdu. 1897-ci il siyahıyaalması zamanı Yelizavetpol quberniyasının Zəngəzur uyezdində 1807 kürd yaşayırdı. (Troynitskiy, 1897:81).İrandan köç edən kürdlərin əksəriyyəti indiki Laçın, Qubadlı və Kəlbəcər regionlarında məskunlaşır. Sovet dövründə kürdlərin mərkəzi Laçın olan Kürdistan uyezdi mövcud idi. Bu muxtar vilayət 1929-cu ildə Stalin tərəfindən ləğv edildi. Dağlıq Qarabağda müharibə kürdlərin demək olar ki, hamısının yaşadığı torpaqları tərk etməsi ilə nəticələnir. Evlərini tərk etməyə məcbur qalan kürdlərin əksəriyyəti hazırda Ağcabədi rayonunda yaşayırlar. 2009-cu il əhalinin siyahıyaalınmasına görə, hazırda Azərbaycanda 6100 kürd yaşayır.