Çətin zamanlarda həmişə çıxış yolunu o, tapardı

Cəmaləddin Türbəndə oğlu Məmmədov 1988-ci il aprelin 21-də Ağcabədi rayonunun
Kürdlər kəndində anadan olub. Ailəsinin dediyinə görə, hələ uşaq yaşlarından hərbi
verilişləri sevə-sevə izləyir, torpaqların azad olunacağı günü səbirsizliklə gözləyirmiş.
Bəlkə də, bu sevgi ona Xankəndində polis işləmiş, Qarabağımızı sonsuz məhəbbətlə
sevən atası tərəfindən aşılanıb. Atası deyir ki, Cəmaləddin çox fədakar və təvazökar idi. Elə bunun nəticəsidir ki, döyüşlərdə öndə gedənlərdən biri olub.
1995-ci ildə Kürdlər kəndindindəki məktəbin birinci sinfinə daxil olan Cəmaləddin
sözügedən təhsil ocağını 2005-ci ildə bitirib. 2006-cı ilin iyulunda hərbi xidmətə yola
düşüb. 2007-ci ilin sonunda ordu sıralarından tərxis olunub. 2008-ci ildə mühafizə
polisində xidmətə başlayan Cəmaləddin 2020-ci ilin yanvarına kimi, düz 12 il bu sahədə çalışıb.

2020-ci ilin yanvarında mühafizə polisinin dəstələrindən azad olub və ordu
sıralarında MAXE kimi fəaliyyətə başlayıb. Vətən müharibəsi başlananda öz çevikliyi,
cəldliyi və fiziki hazırlığı, eyni zamanda təşkilatçılıq bacarığı ilə fərqlənən Cəmaləddin
artıq manqa komandiri idi. Müharibənin ilk günündən cəbhənin ön xəttində vuruşan
Cəmaləddin Məmmədov Füzulinin, Cəbrayılın düşməndən azad olunmasında fərqlənib.
Fiziki cəhətdən sağlam və yüksək hazırlıqlı olması müharibədə Cəmaləddinin köməyinə gəlirdi.

O, yaxın məsafədə olan döyüşdə əlbəyaxa vuruşa üstünlük verirdi. Təsadüfi
deyil ki, belə döyüşlərdə Cəmaləddin 10-a qədər ermənini məhv etmişdi. Amma
müharibənin də öz qanunları var. Bu qanunlardan biri də bir gün sənin də həlak
olmağına dəlalət edir. Cəmaləddin Cəbrayılın Rüzgar kəndi uğrunda gedən qızğın
döyüşdə mina qəlpəsindən ağır yaralanır və həlak olur. Bu qorxmaz döyüşçü Vətən
yolunda şəhidlik zirvəsinə ucalır. Gənc ömrünü torpaqlarımızın qarı düşməndən azad
olunması yolunda fəda edir. Atası Türbəndə deyir ki, vaxtı ilə Cəmaləddin mənim və
özünün polisdə işləməsi ilə fəxr edirdi. 11 yaşlı oğlu Zülfüqarı əzizləyəndə həmişə
mənim polis oğlum deyə müraciət edirdi. Zülfüqar bundan xoşallanır və o, da gələcəkdə polis olacağını bildirirdi.

Qızı 5 yaşlı Günəşin də həkim olmasını istəyirdi. Ona aldığı
oyuncaqlar çox vaxt tibb alətlər olurdu.
Cəmaləddinin döyüş yoldaşı onun haqqında ağızdolusu danışdı: “Cəmaləddin çox
ürəkli, qorxmaz, qeyrətli döyüş yoldaşı idi. Həmişə risk edir, özünü ölümə atırdı.
Müharibənin qızğın çağı döyüş yoldaşlarının qeydinə qalır, onlara ancaq ondan sonra
irəliyə atılmağı tövsiyə edirdi. Çox qayğıkeş, diqqətli idi. Onun əziz xatirəsi daima
qəlbimizdə yaşayacaqdır.”
Cəmaləddinlə mühafizə polisində çalışan həmkəndlisi, iş yoldaşı Maarif Kərimov
Cəmaləddin haqqında öz ürək sözlərini belə ifadə etdi: ”Cəmaləddin hərtərəfli insan idi. Ağıllı, savadlı. Qorxmaz, igid və qayğıkeş bir yoldaş, dost idi. Çətin zamanlarda həmişə çıxış yolunu o, tapardı. Çox cəld, çevik və qoçaq oğlan idi Cəmaləddin. Mən belə igid oğlanın bir həmkəndlisi, iş yoldaşı kimi fəxr edir, qürur hissi keçirirəm. Allah ona qəni- qəni rəhmət eləsin”.
… Şəhid olmaq hər kəsə nəsib olmur. Əqidəsi, mənəviyyatı, ölməz ruhları ilə Tanrının
yaxınları olan vətənpərvər, dünyaya göz açdığı, yaşadığı torpağa Ana deyənlər, onu
ölçüyəgəlməz dərəcədə sevən qorxmaz oğullar şəhid ola bilirlər. Onların Vətənə,
torpağa olan sevgilərini sözlə təsəvvür etmək mümkün deyil. Çünki, bu Vətən sevgisi o qədər böyükdür ki, çərçivəyə sığmır və qələm onu yazmaqda çətinlik çəkir.

… Vətən müharibəsində igidlik göstərən şəhid Cəmaləddin Türbəndə oğlu Məmmədov
doğulduğu Kürdlər kənd qəbristanlığında dəfn olunub. Allahdan torpaqlarımızın azadlığı uğrunda şəhid olan bütün Vətən oğullarına rəhmət, ailələrinə isə səbr diləyirik.
Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər