Xəzər Bəbişov: “Özümü qınayırdım ki, xalqımız düşmənlə müharibəyə başlayıb, mən isə burada qarmon çalıram”

Qazilərimiz də müharibənin birbaşa iştirakçısı olaraq, od-alovun içərisindən
keçmiş, ölümlə üz-üzə gəlmişlər. Qazilər müharibədə əsgər qardaşlarının
şəhadətinin şahidi olmaqla bərabər, onların qanını yerdə qoymayaraq, müharibəni
qələbəyə qədər davam etdirmişlər.
19 fevral 1997-ci il tarixdə Kəhrizli kəndində anadan olan Bəbişov Xəzər Mehman
oğlu Vətən Müharibəsinin fəal iştirakçısıdır. Xəzər 2003-cü ildə C.Məmmədquluzadə
adına Kəhrizli tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2014-cü ildə sözügedən
məktəbi başa vurub. 2015-ci ilin aprelində ordu sıralarına qatılan Xəzər sərhəd
zonasında, Tovuz rayonunda “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti
bitirən Xəzər Ağdam Musiqi Kollecinin xalq musiqi alətləri şöbəsində qarmon üzrə
təhsil alıb. Bu musiqi ocağını uğurla başa vuran Xəzər Kollecdə müəllim kimi
saxlanılıb. O, sentyabr ayının 10-dan müəllim kimi əmək fəaliyyətinə başlayıb. Cəmi
bir neçə gün sonra Vətən Müharibəsi başlayır.

  • Xəzər, kollecdə müəllim işləyirdin. Musiqidən aralanıb silaha sarılmaq necə
    hiss idi?
  • Cəmi bir neçə gün idi ki, müharibə başlamışdı. Çox narahat idim. Qarmonu əlimə
    götürə bilmirdim. Götürəndə də barmaqlarım əsir, notları düz tuta bilmirdim. Fikir
    içəridən məni yeyib, didirdi. Özümü qınayırdım ki, xalqımız düşmənlə müharibəyə
    başlayıb, mən isə burada qarmon çalıram. Sentyabrın 29-da qismən səfərbərlik
    zamanı müharibəyə qatıldım. Artıq özümü xoşbəxt hesab edirdim. Çünki bu qanlı-
    qadalı günlərdə bir oğul kimi, mən də Vətənə gərək oldum. Fərəhverici haldır ki, çətin
    gündə xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. Düşmənə öz
    haqq, ədalət səsimizi eşitdirdik. Azərbaycan oğullarının nəyə qadir olduqlarını
    ermənilər cəbhədə əyani olaraq gördülər. İndi biz alnıaçıq, üzüağ yaşaya bilərik. Və
    zaman keçdikcə, gələcək nəsillər bu gün bizim başladığımız ədalət zəfərinin
    davamçısı kimi, düşmənə bir qarış torpaq verməyəcəklər. Azad olunan doğma
    torpaqlarımız onun vətənpərvər övladlarının xidməti sayəsində daha da parlayacaq,
    dünyaya səs salacaqdır.
  • Səndən ötrü müharibə nə deməkdir və müharibədən sonraki həyatda
    arzularından danış.
  • Müharibə məndən ötrü sonda haqqın, ədalətin qələbəsi deməkdir. Bizim düşmən
    üzərində çaldığımız zəfər bunu bir daha sübut etdi. Düzdür, çox şəhidlərin qanı
    bahasına bu qələbə əldə edildi. Allah hamısına rəhmət eləsin.
    Müharibə sözsüz, insanların özləri tərəfindən düşünülmüş şəkildə meydana gətirilib.
    İki tərəfin iştirak etdiyi müharibədə çox şeylər baş verə bilir. Əlbəttə, müharibə
    ölümsüz, qurbansız olmur. Amma sonda vətənpərvər, torpağın qədrini dərindən bilən
    tərəf, xalq qazanır, qələbə çalır. Bu savaşda bizim xalqda torpağa sevgi, Vətənə
    məhəbbət hissi o qədər yüksək, böyük idi ki, Azərbaycan Ordusunun, əsgərinin
    qarşısında heç bir erməni tab gətirə bilməzdi. Odur ki, bu savaş bizim böyük
    qələbəmizlə başa çatdı… Qaldı gələcək arzularıma, onu deyə bilərəm ki, bir
    Qarabağlı kimi, musiqi həvəskarı kimi, gənclərə qarmon ifaçılığı sənətinin incəliklərini

öyrədib, aşılamağa çalışacağam. Gənclərin vətənpərvər, torpağı ürəkdən sevən
vətəndaşlar kimi böyümələri üçün təkcə müəllim yox, bir qazi kimi əlimdən gələni
əsirgəməyəcəm. Arzularım gəncliyə xas olduğu kimi, çoxdur. Həm də təhsilimi
Azərbaycan İncəsənət Universitetində qiyabi yolla davam etdirmək istəyirəm.
… Xəzərin atası Mehman dayı da söhbətimizdə iştirak edirdi. O, da öz ürək
sözlərini belə ifadə etdi:

  • Nə gizlədim, Xəzər evin tək oğludur. Qəlbimdən çox fikirlər keçdi. Onun
    müharibəyə getməyinə az da olsa narazılığım var idi. Amma onun sözlərinin
    qarşısında bir cavab deyə bilmədim. Hər şey onun istədiyi kimi oldu. Cəbhəyə
    yollandı. “Cəsur döyüşçü”, ”Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad
    olunmasına görə” medalları ilə təltif olunub. Döyüş yoldaşları söyləyirlər ki, Xəzər
    qorxmadan, çəkinmədən vuruşub. Düzdür, Qubadlıda bel nahiyəsinin sağ tərəfindən
    ağır yaralanıb. Xeyli qəlpəni həkimlər çıxarmağa müvəffəq olublar. Amma
    qəlpələrdən ikisi hələ də onun bədənindədir. İnşallah, həkimlər onları da çıxardar və
    Xəzər tamamilə sağlam həyata qayıdar.
    … Zaman hər şeyi götür – qoy edir, sahmana salır. İnanırıq ki, zaman keçdikcə qazi
    Xəzər Bəbişov da tam sağalaraq, həyatın qaynar axarına qovuşacaqdır. Və düşmən
    üzərində əldə olunan qələbəmizin sevincini yaşayacaqdır.
    Söhbətləşdi: Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com