1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisindəki keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırımı aktı həyata keçirib. Ermənilərin həyata keçirdikləri soyqırımı zamanı Xocalı şəhəri tamamilə dağıdılıb, 63 uşaq, 106 qadın və 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə qətlə yetirib, 8 ailə tamamilə məhv edilib. 114 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub. Şahid ifadələrinə əsasən 69 nəfərin əsir və girovluqda saxlanıldığı təsdiq olunub.
Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Srebrinitsa soyqırmı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağa gedən məqsəd güdürdülər.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. Bu, BMT Baş Məclisinin 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilib və 1961-ci ildə qüvvəyə minən soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. “Memorial” Hüquq-Müdafiə Mərkəzi də təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin, Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələri kobud qaydada ziddiyyət təşkil edir. Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olub. Əlbəttə ki, ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər. Belə ki, Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə rolunu oynayırdı. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı birləşmələri, nəyin bahasına olursa-olsun, bu maneəni aradan qaldırmağa çalışırdılar. Xocalının işğalı 1991-ci ilin oktyabrından, erməni quldur birləşmələrinin şəhəri mühasirəyə almasından başlayır. Həmin vaxtdan etibarən bütün avtomobil yolları bağlanmış, cığır və keçidlər ermənilərin nəzarəti altına keçmişdi. Əraziyə yalnız havadan daxil olmaq mümkün idi ki, bu da böyük risk tələb edirdi. İşğal ərəfəsində Şuşa səmasında sərnişin vertolyotunun vurulması 40 nəfər azərbaycanlının həyatına və Xocalı sakinlərinin ümidlərinə son qoydu.
Faciənin baş verməsindən xeyli əvvəl artıq şəhərdə vəziyyət də gərginləşmişdi. Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər və əli silah tutan hər bir Xocalı sakini ata-baba yurdunun müdafiəsinə qalxmışdı. 1992-ci il fevralın 25-də gecə saat 23-də ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ən müasir döyüş silahlarının və canlı qüvvələrinin köməyi ilə qəflətən şəhərə güclü hücuma keçmişdi. 1992-ci il fevralın 26-da baş verən faciə xalqımızın taleyində ən ağır və acılı anlarından biri kimi yaşandı. Yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar və bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur.
Erməni şovinist millətçilərinin həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükə yaratması diqqətə çatdırılmalıdır.
Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə artıq neçə illərdir ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımı dünyanın bir çox ölkələrində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun nümayəndəliyi tərəfindən silsilə olaraq təbliğat materialları əsasında bir sıra şəhərlərdə keçirilir. “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar nümayiş olunur. “Qarabağ həqiqətləri” bukleti də bu sırada önəmlidir. Buklet Qarabağın tarixi, münaqişənin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verir. “Xocalıya ədalət” rep üslubunda yazılmış mahnı Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir vasitə oldu. Mahnıya çəkilən klipin çəkilişləri Şəhidlər xiyabanında və Ağcabədi rayonunu qaçqın düşərgəsində aparılmışdır. Bütün bunlarla yanaşı, Koreya dilində Xocalı soyqırımı haqqında videoçarx hazırlanaraq, ən böyük axtarış saytı olan “Naver”, eləcə də “Google” və “Youtube”da yerləşdirilib. Videoçarxda Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin salındığı bildirilir.
Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitab çap edilib.
Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, ABŞ-ın ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər.
Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini daim yad edir və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün dövlətimiz bütün imkanlardan geniş istifadə edir. XX əsrin sonunda Azərbaycan xalqına qarşı törədilmiş soyqırım olan Xocalı faciəsi tariximizin ən acı səhifəsi kimi gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Elə 44 günlük Vətən müharibəsində vətən oğullarının göstərdikləri qəhrəmanlıq onların vətənpərvərliyinin ifadəsi idi