“Görüş” – Orxan Kərimovdan yeni hekayə

-Düşündüm ki, gəlməyəcəksən.

-Səni son dəfə də olsa görməyə dəyər.

  • Son sözünü işlədəndə ürəyimin çox xəfif şəkildə sızıldadığını hiss etdim. Budur, o, yenə
    qarşımda idi. Fərdi olaraq kiminsə oxşarı deyildi, ümumən sovet dövrünün qadınlarına
    bənzəyirdi. Bənzəyirdi nədi, elə bil indicə o dövrdən çıxıb gəlmişdi. Çoxdandı Bakının
    belə qədim küçələrinə yolum düşmədiyini nəzərə alsaq, mənim o dövrə qayıtmış
    olmağım da pis bir hal deyildi.
    Görüşün son görüş olduğundan ikimiz də qəti olaraq əmin idik. Elə bu səbəbdən onu
    indi daha dərin, daha dəqiq analiz edib, incələmək istəyirdim.
    Nəzərə çarpacaq dərəcədə çağdaş qadınların əksəriyyətindən fərqli olaraq, çox təbii
    görünürdü; payızın bütün rəng çalarlarını özündə daşıyan saçları səliqəsiz və sadə
    şəkildə başının arxasından yığılmışdı, qaşlarının forması indiki dəbə uyğun
    deyildi.Üzündəki xırda nahamarlıqlar kosmetikanın müasir uğurlarıyla ört-basdır
    edilməmişdi deyə, xaricdən gətirilən almalar kimi bərq vurmurdu, əksinə, orqanik
    meyvələr tək kələ-kötür idi.
    Bütün bunlara baxmayaraq, hətta mən deyərdim, bütün bunlara görə, o, adama xoş
    təsir bağışlayır və olduqca doğma gəlirdi. Gözlərindəki təbii parıltı üzünə zər kimi dağılıb
    işıldayırdı. Diqqətimi çəkən də elə onun baxışlarındakı parıltı idi.
    Məni iliklərimə qədər yandırıb-yaxan bu simanı artıq unutmalı idim. Bunu bilirdim, qəbul
    da edirdim. Amma gözlərim saçlarının “barmaqlıqları” arasında həbs edilmişdi və mən
    nə qədər güc toplasam da gözlərimin amnistiya sənədini “imzalaya” bilmirdim.. Azadlığa
    çıxmaları üçün.
    O, çox ciddi cəhdlə danışır, verdiyi qərarın doğruluğunu dünyanın bütün qanunları və
    qanunsuzluqlarıyla amansızcasına mənə izah etməyə çalışırdı.
    Mən isə sanki heç nə eşitmir, böyük bir sükunət içində onu dərisinin məsamələrinə
    qədər əzbərləməyə çalışırdım.
    O, mənim bu sükutumdan nələrisə anladığımı düşünür, danışığını daha da sərtləşdirir,
    sərt olarsa daha tez razılaşıb, vəziyyətlə daha asan barışacağımı təxmin edirdi.
    Mən isə “qızım” deyərək əzizlədiyim, sevdiyim bu qadının əslində bütün qız uşaqları
    kimi bir gün böyüyüb, üsyan edib, qəlibindən çıxaraq öz həyat yolunu ayıracağını
    bilirdim. Bunu bildiyim halda məni boğan, bu ayrılığın belə boş bir səbəbdən olması idi.
    Artıq iki saat olardı ki, bir yerdə idik. Hələ bir qurtum da çay içməmiş, masadakı heç
    nəyə toxunmamışdım.
    Ya boğazım düyünlənmişdi, ya da birlikdə içdiyimiz son çayın bitməsi istəmirdim.
    Ancaq birdən boğazımı islatmaq, arıtlamaq ehtiyacı duydum. Qarşımdakı çayı götürüb
    birnəfəsə başıma çəkdim. Çayın dadı çox qəribə idi.
    İki saatdı üz-üzə oturduğum qadının mənə izah edə bilmədiyi soyuqluğu bu armudu
    stəkan izah etmişdi.

Bir neçə dəqiqə əvvəl qaynar, buxarlı , dadlı bir nəsnənin indi dadsız və mənasız bir
başqa nəsnəyə çevrildiyini görürdüm.
Eynilə münasibətimiz kimi..
O, anidən danışmağını kəsib məni diqqətlə süzməyə başladı. Mənim çox danışan,
mübaliğə və mücadilə etməyi sevən bir adam kimi belə susqunluğum onu çaşdırırdı.
Ancaq demək istədiklərimlə, deyə bilmədiklərimin arasında böyük bir uçurum
yaranmışdı. Mən uçurumun düz kəndarında dayanıb, təbəssümlə “dibə” baxırdım.
Bu dibi çox görmüşdüm, tanış mənzərə idi.
Ona görə də ordan çıxacağımı da bilirdim.Yaxşı. Sənin canın sağ olsun.
Nəhayət bu sözləri dedim. Üşüyən bir əlin ən yaxın cibi axtardığı kimi, illərlə axtarışında olub, bir ilıqlıq mədəti umduğum bu qadın məni isitmək yerinə daha da üşütməyi seçmişdi.

-Sadəcə bu? Başqa deyəcək sözün yoxdur?

-Yox. Deyəcək sözüm çoxdur. Nə qədər danışsam da, o qədər çoxdur ki, yenə də sən
yarımçıq qoyacaqsan. Mən daha yarımçıq olmaq, yarımçıq danışmaq, yarımçıq sevmək
istəmirəm.

-Çay soyuyub, bəlkə daha bir çay içək?

-Düzünə qalsa, mən daha çay da içmək istəmirəm. Özünə yaxşı bax…
Astaca ayağa qalxdım və masaya öz əvəzimə bu görüşün hesabını buraxdım.
Yox! Masaya çayın hesabını deyil, bu dəfə fərqli bir ödəniş qoymuşdum. Bu, ruhumdan, qəlbimdən, inancımdan kiçik bir pay idi..
Küçəyə çıxdım. Nəfəs aldım.
İki saat əvvəlki mən deyildim artıq.
Yeriyərkən bu cümlələr keçirdi ağlımdan,
“Qurumuş torpaq parçasını suvarmaq, ona həyat vermək əvəzinə ondan qaçmağa
çalışan bir insan, bir gün özünün qurumuş torpaq parçasına çevriləcəyini düşünməmişdi
belə”.
Onun haqqında sonuncu düşüncəm bu oldu.
Orxan KƏRİMOV

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər