Ağcabədidə COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir. İndiyədək 2500
nəfərdən çox rayon sakini koronavirusa qarşı vaksinasiya olunub. Gündəlik peyvənd
olunanların sayı artmaqdadır. Ağcabədi rayon Mərkəzi Xəstəxanadakı vəziyyətlə
maraqlanarkən peyvənd olunan şəxslərlə söhbət etdik, yaradılan şəraitlə
maraqlandıq. Rayon sakini Əkbərov Qəzənfər Müzəffər oğlu bildirdi ki,
düşünülməmiş bir fikir bəzən yanlış kütləvi rəy formalaşdırır. Ona görə də insanlar
prosesləri daha dəqiq araşdırıb ən doğru olanı seçməlidirlər. İnsanların gözünü
qorxudurlar, yan təsirlərin olduğunu söyləyirlər. Açığını deyim, əvvəl mən də
tərəddüd edirdim. Amma bu gün gördüyünüz kimi buradayam. Ciddi yoxlanışdan
keçdikdən sonra peyvənd olunmuşam və heç bir əlavə təsir də hiss etmirəm.
Daha bir rayon sakini İbrahimova Zəhra Hüseyn qızı fikirlərini bizimlə bölüşərkən
qeyd etdi ki, son zamanlar sapsağlam hesab etdiyimiz insanlar gözlərimiz önündə,
qəfil dünyasını dəyişdi. Koronavirus cavana-qocaya baxmadı. Bizlərə isə ah çəkib
heyfslənmək qaldı. Bu gün həmin dəhşətli bəladan xilas olmaq üçün şərait yaradılıb.
Azərbaycan öz imkanları hesabına əhalisini vaksinlə təmin edir. Bunu edə bilməyən
ölkələr var. İnsanlara səslənirəm, yayılmış yalan şaiyələrə inanmasınlar. Mən özüm
bir həftə əvvəl peyvənd olunmuşam. İndi buraya qohumumla gəlmişəm. Özümü çox
yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdur. Əksinə, ürəyimdə bir arxayınlıq
yaranıb.
Növbəti müsahibimizlə telefon vasitəsilə əlaqə saxladıq. Düz 105 yaşı olan Kəbirli
kənd sakini Mürşüdova Ballı Cəfər qızı bir neçə gün öncə peyvənd olunub. Bizimlə
danışarkən halından çox məmnun olduğunu bildirdi. Nəvəsi Xəzər əlavə etdi ki,
nənəmə necə xidmət ediblərsə, dəqiqəbir soruşur ki, a bala, ikinci dəfə nə vaxt
gedəcəyik? Xəzər eyni zamanda dövlətimiz tərəfindən yaradılan bütün şəraitə görə
ailəsi adından minnətdarlığını da bildirdi.