Fuad Rəhimov: “Döyüş vaxtı baş verən hadisələri, gördüyüm mənzərələri danışa bilməyəcəm”

“Aran” Ağcabədi Pedoqoji Kollecinin Şöbə müdiri, İkinci Qarabağ Müharibəsinin iştirakçısı Fuad Rəhimovla müsahibəni təqdim edir.

-Fuad müəllim, zəhmət olmasa, özünüzü təqdim edərdiniz.

– Mən Rəhimov Fuad Fəzail oğlu 1976-ci ildə Ağcabədi rayonu Nəcəfqulubəyli kəndində anadan olmuşam. 1983-cü ildə həmin kənddə orta məktəbin birinci sinfinə başlayıb, 1993-cü ildə orta təhsilimi bitirmişəm. 1994-1998-ci illərdə ADPU-nin İHHFF fakultəsində təhsil almışam. Ali təhsilimi başa vurduqdan sonra bir il, yəni 1998-1999-cu illərdə doğulub, böyüdüyüm kənddə ixtisasım üzrə müəllim işləmişəm. Bir il müəllim kimi işlədikdən sonra ordu sıralarına çağırılmışam. 1999-2001-ci illərdə müxtəlif döyüş bölgələrində zabit kimi hərbi xidmət etmişəm.Ordudan qayıtdıqdan sonra orta məktəbdə müəllim, bir müddət sonra isə direktor müavini vəzifəsində işləmişəm.2009-cu ildən isə, Ağcabədi Pedoqoji Kollecində müəllim kimi işləyirəm. Hazırda işlədiyim kollecdə şöbə müdiri vəzifəsində çalışıram.

-Dediniz ki, əvvəllər hərbçi olmusunuz. Bəs niyə fəaliyyətinizi o sahədə davam etdirmədiniz?

-Ali təhsilim hərb sahəsiylə bağlı olduğu üçün, hərbi xidmətə çağırılanda zabit kimi
çağırılmışdım. Orduda olarkən, müxtəlif döyüş və cəbhə bölgələrində xeyli
əməliyyatlarda iştirak etmişəm. Hərb işinin demək olar bütün çətinliklərini yaşamış, o
işin nə qədər məsuliyyətli və şərəfli olduğunu dərk etmişəm. Lakin mən özümü hər
zaman cəmiyyət və ictimaiyyətə faydalı bir müəllim kimi görmüşəm.

-Bilirik ki, İkinci Qarabağ Müharibəsi zamanı ehtiyatda olan zabit kimi siz də döyüşlərə qatılmısınız. Bu döyüşlərdən, ümumiyyətlə müharibədən nələri bizimlə bölüşmək istərdiniz?

-Hər bir azərbaycanlı kimi mənim də həm vətəndaş, həm də ehtiyatda olan zabit kimi
borcumdur ki, ehtiyac olarsa, Vətənin müdafiəsi və ərazi bütövlüyümüzün təmin
olunması üçün əlimdən gələni edim.
Ancaq döyüş vaxtı baş verən hadisələri, gördüyüm “mənzərələri” danışa bilməyəcəm.
Bilmirəm, yaşımla ya bəlkə başqa nə iləsə bağlıdır, hiss edirəm ki, belə mövzularda çox həssaslaşmışam. Orada yaşadıqlarımı göz önünə gətirəndə bir müddət özümə gələ bilmirəm. Sadəcə onu deyə bilərəm ki, qalib, şərəfli, fədakar və cəsur ordunun zabiti eyni zamanda hər tərəfli güclü, hər sahədə öz sözünü deyən bir dövlətin vətəndaşı olduğum üçün qürur duyuram.

-Fuad müəllim, inanın bütün azərbaycanlılar da sizin kimi hərbçilərimiz və
döyüşçülərimizlə qürur duyur. Bir də ki, yəqin oxucularımıza da maraqlıdır, müəllim olaraq cəbhədə, döyüşlərdə iştirak etmək necə bir hiss idi?

-Bilirsinizmi, müəllim olmaq və hərbidə zabit kimi xidmət etmək bir-birindən nə qədər
uzaq görünsələr də, əslində müəyyən qədər oxşar peşələrdir. Çünki ikisində də öyrədirsən. İlkində dövlətin, Vətənin üçün şagird, tələbə yetişdirib, formalaşdırırsan.
İkincisində isə, həmin dövləti, həmin Vətəni qorumaq üçün əsgər hazırlayırsan.
Bu kimi səbəblərdən illər sonra yenidən hərbidə olmaq mənim üçün çətin olmadı. Hətta deyərdim ordumuzun, texnikamınız inkişafı qat-qat artdığından, xidmət etmək bəzi cəhətdən daha rahat idi.

-Müəllim, söhbətimizi hansı sözlərlə bitirmək istəyirsiniz?

-Rayon rəhbərliyinə, həmçinin yerli mətbuat olaraq sizə döyüşlərdə olduğum zaman və qayıtdıqdan sonra göstərdiyiniz qayğı və diqqət üçün təşəkkür etmək istərdim.

Sizin kimi zəhmətkeş və cəsur insanların, döyüşlərdə iştirak edən hər bir
vətəndaşımızın, eyni zamanda mülki əhalimizi diqqət və nəzarətdə saxlamaq bizim borcumuzdur. Vaxtınızı ayırıb söhbətləşdiyiniz üçün təşəkkür edirik…


Söhbətləşdi: Orxan KƏRİMOV

Şərhlər