Əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl tədbirlər görülür.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən bildiriblər ki, bununla bağlı Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Tovuz, Ağcabədi, Xızı, Salyan, Lənkəran, Yevlax, Cəlilabad, Zaqatala, Xaçmaz, Bərdə, Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən, qanunvericiliyin tələblərinə cavab verən hüquqşünaslar keçən ilin sentyabrında elan olunmuş müsabiqədə iştirak etməyə dəvət olunublar. Hazırda COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar müsabiqə üzrə test imtahanının cari ilin aprel ayının əvvəlində keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar ərizələrin qəbulunun martın 5-də başa çatdırılması qərara alınıb.
“Notariat haqqında” qanuna əsasən namizədlər tərəfindən təqdim olunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaq.
Müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına mükəmməl hazırlaşmalarına kömək məqsədilə Ədliyyə Akademiyası tərəfindən xüsusi hazırlıq kursları təşkil olunacaq.
Test imtahanının, həmçinin hazırlıq kursunun vaxtı və yeri barədə məlumat veriləcək.
Əlavə məlumatları nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.