Ötən il rayonumuzda yeni doğulanlara ən çox qoyulan adlar

İnsan övladı dünyaya gəldikdən sonra onun həyatında bir çox yaddaqalan hadisələr olurki, bunlardan biri də ad qoyulmasıdır.

Hamımıza aydındır ki, adların insan həyatında xüsusi rolu var. Körpələrə hansı adlar qoyulursa, həmin adlar mənasına uyğun olaraq, uşaqların xarakterinin formalaşmasına, psixologiyasına təsir edir. Psixoloqlar adlar barəsində söz açdıqda, valideynlərə körpəsinə ad qoyarkən ideologiyaya, hisslərə qapılmamağı məsləhət görür. Sonradan bu, uşaqların psixologiyasında mənfi təsirlərlə dərin iz buraxmış olur.Valideynlər ad seçərkən izahlı onomastik lüğətdən istifadə edib, faydalana bilərlər.
Azərbaycan özünün dövlət müstəqilliyini yenidən əldə etdikdən sonra ölkədə ən çox
müzakirə olunan ümdə məsələlərdən biri də ad və soyadların milliləşdirilməsi,
azərbaycançılıq ideologiyasının üstün tutulmasıdır. Məsələ ilə bağlı hökümət tərəfindən
ciddi addımlar atılmaqdadır. Ölkəmiz ad və soyad barəsində üç inkişaf mərhələsi
keçmişdir. Birinci mərhələni təşkil edən bugünkü adlarımızın ən qədimi türk mənşəli
adlardır. İkinci mərhələdə daha çox ərəb-fars mənşəli adlar təşkil etmiş, üçüncü
mərhələdə XIX əsrdən başlayaraq müasir dünya mədəniyyəti ilə sıx təmasda olması
nəticəsində avropa mənşəli adların meydana gəlməsi və bu adların zaman keçdikcə
daha çox təsadüf olunması ilə başlayıb.
Müasir dövrdə ərəb-fars mənşəli adların üstünlük təşkil etməsi islam dini ilə bağlı olan
bir adətdir. XX əsrin ortalarından sonra, yəni 60-cı illərdən artıq müasir adlar geniş
yayılmağa başladı. Əslində müasir adların tədricən keçid mərhələsi XX əsrin 30-cu, 40- cı illərindən sonra tədricən başlamışdı.Ad qoyarkən ailə tələblərindən daha çox cəmiyyətin, ümumi inkişaf mədəniyyətinin
tələbləri nəzərə alınmalıdır. Son illər eyni adların həddindən artıq çoxalması məsələsi
narahatlıq doğurur. Rayonumuzda da bu hal yaşanmaqdadır. Biz də ötən il üzrə həm
ölkədə, həm də rayonda uşaqlara verilən adların hansının üstünlük təşkil etdiyi ilə
maraqlandıq. Məlum oldu ki, 2020-ci ildə Azərbaycanda yeni doğulan oğlan uşaqlarına
daha çox Yusif, Uğur, Hüseyn, Əli, Məhəmməd, Murad, Ömər, Raul, Ayxan, Tunar
adları, qız uşaqlarına isə Zəhra, Zeynəb, Məryəm, Mələk, Aylin, Fatimə, Nuray, Nilay
adları qoyulmuşdur. Ağcabədi Rayon Qeydiyyat şöbəsindən əldə etdiyimiz məlumata
görə rayonumuzda ötən il dünyaya gələn 971 uşaqdan böyük əksəriyyətinə Yusif, Əli,
Hüseyn, Ömər, Zəhra, Nuray, Məryəm, Zeynəb, Fatimə adları verilmişdir ki, bunları da
oğlan və qızlara verilən adlara ayırdıqda Yusif və Zəhra adları birinci yerdə durur.
Ad ünvandır. Odur ki, övladlarımız üçün ad seçərkən onun gələcəyini düşünməli, onu
utandıracaq, yaxud adiləşdirəcək adlardan qaçmalıyıq. Yaxşı olar ki, həmvətənlərimiz
milli söykökümuzə söykənən adlar qoysunlar ki, gələcəkdə adın daşıyıcısı öz adı ilə fəxr etsin.

Hüseyn Quluzadə

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər