XX yüzilliyin sonlarında SSR-nin dağılması ilə əlaqədar olaraq, onun tərkibindəki 15 müttəfiq respublika müstəqillik əldə etdi. Doğma Azərbaycanımız da öz müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyi qanlar bahasına qazanan ölkəmiz çox keçmədən ağır bir münaqişə ilə üz-üzə qoyuldu. Daha doğrusu, artıq 1988-ci ildən Ermənistanın öz havadarlarının köməyi ilə başlatmış olduğu münaqişə alovlanmağa başladı.
Torpaqlarımızın 20 faizinin işğal edildiyi müharibədə xalqımız böyük faciələrlə, müsibətlərlə qarşılaşdı. Onların arasında Xocalı faciəsi xüsusi amansızlığı və dəhşətli olması ilə yadda qalıb. Fevralın 25-dən 26-na keçən gecə Xocalının əliyalın, silahsız, dinc əhalisi erməni faşistləri və 366-cı motoatıcı alayının köməkliyi ilə kütləvi qətliama məruz qaldı. Soyqırım nəticəsində 613 nəfər qətlə yetirildi. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfər isə qocalar idi. Faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Xocalıda əsir götürülmüş 1003 nəfər Azərbaycanın Mili Qəhrəmanı Allahverdi Bağırovun köməkliyi sayəsində ölümdən xilas ola bilmişdir. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrlar dünya ölkələrinə Ermənistanın necə qəddar, faşist dövlət olduğunu sübut edir.
Bu günədək Xocalı faciəsinin dünya miqyasında tanınması üçün bir sıra mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin iradəsi, fədakarlığı sayəsində bu dəhşətli faciə öz siyasi, hüquqi qiymətini alıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı faciəsinin daha geniş auditoriyaya təqdim olunmasında böyük rol oynayır. Bu Soyqırımı haqqında filmlər çəkilib, kitablar yazılıb, KİV tərəfindən geniş materiallar dərc olunaraq dünya ölkələrinin xalqlarına çatdırılılb və bu iş davam etdirilir.
Xocalı Soyqırımı Türkiyə, Pakistan, Bosniya və Hersoqovina, Rumıniya, Şotlandiya, Çexiya, Meksika, Kolumbiya, Amerikanın 22 ştatı və digər dünya dövlətləri tərəfindən tanınıb.
Xocalının qisası 30 ildən sonra ölkə Prezidenti Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Milli Ordumuzun qəhrəmanlığı nəticəsində alındı. İşğal olunmuş ərazilərimiz qanlı düşmən pəncəsindən azad edildi. Ali Baş Komandanın verdiyi qələbə xəbərləri xalqımızın və ordumuzun mübarizə əzmini daha da artırdı. Cənab İlham Əliyevin dediyi kimi ordumuzla xalqımızın möhkəm birliyi dəmir yumruğa çevrilərək möhtəşəm qələbəni təmin etdi.
Hüseyn QULUZADƏ