Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 fevral 2021-ci il
tarixdə işğaldan azad olmuş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər
etmişdir. 44 gün davam edən Vətən müharibəsində ordumuz Ali Baş Komandan
İlham Əıiyevin başçılığı altında tarixi bir qələbəyə imza atdı. Prezidentin rəhbərliyi
altında xalq və ordu dəmir yumruq kimi birləşərək Vətənin azadlığı, torpaqlarımızın
işğaldan xilas olması üçün əlindən gələni etdi. Xalqımızın və ordumuzun gücünü
bütün dünya əyani şəkildə gördü. Ulu öndər Heydər Əliyevin layiqli varisi cənab
Prezident dövlətin milli siyasətini uzaqgörən bir siyasətçi kimi ardıcıllıq və böyük
uğurla həyata keçirir. İndi Prezident işğaldan azad olunmuş torpaqlarımızın dirçəlib,
tez bir zamanda cənnətə çevrilməsi üçün müvafiq addımlar atır. Müharibənin
yaralarının hələ tam sağalmamış bir vaxtında Prezident ərazilərin qısa müddətdə
minalardan təmizləmə işlərinin başa çatdırılmasına, burada yaşayacaq insanların
dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunun sübutu kimi yaşayış, istehsal, sosial
Xidmətlər probleminin aradan qaldırılması üçün görülən işlərin dövlət başçısının
xüsusi nəzarəti altında olduğunu dəfələrlə vurğulayıb.
Ölkə rəhbərinin işğaldan azad olunmuş rayonlara səfəri vətəndaşlarımız
tərəfindən böyük maraqla qarşılanıb. Biz də Ağcabədi rayon sakinlərindən bir neçəsi
ilə söhbət etdik. Onların fikir və düşüncələrini oxucularımızın nəzərinə çatdırmaq
istərdik. İsmayıl İsmayılov, şəhər sakini:
-Prezident İlham Əliyev çıxışlarından birində qeyd etmişdi ki, biz nəyi nə vaxt
edəcəyimizi yaxşı bilirik. Onun apardığı, gördüyü nəhəng işlər də buna dəlalət edir.
Prezidentin azad olunan torpaqlarımıza səfəri vətəndaşlar tərəfindən rəğbətlə
qarşılanır və onlarda böyük ruh yüksəkliyi yaradır. Qısa müddətdə Şuşanın içməli su
tələbatının ödənilməsi və elektrik enerjisi ilə təmin edilməsi çox şeydən xəbər verir.
Artıq infrastruktur layihələrinə start verilməsi bizləri sevindirir. Azad edilmiş
torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sahələri sürətlə inkişaf edəcək ki, bu
da ölkə büdcəsində öz əhəmiyyətini göstərəcək. İnsanlar yerlərdə təsərrüfatla
məşğul olacaqlar. Burada həyat öz axarı ilə davam edəcək, torpaqlarımız azad nəfəs
alacaqlar.
Samanbəyli kənd sakini Hüseyn Babayevlə Mərkəzi xəstəxanada
görüşdük. H.Babayev Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara
səfəri ilə əlaqədar bunları söylədi:
-Prezidentimiz öz şəxsi timsalında bu rayonlara səfərində bütün dünyaya mesaj verir
ki, bu torpaqlar əzəli Azərbaycan torpağıdır. Və buranın sahibi Azərbaycan xalqıdır.
Bu da olduqca qürurvericidir. Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu
100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca
böyükdür. Bu nəqliyyat ilə vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişi
asanlaşacaq. Bu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birbaşa dəmir yolu
nəqliyyat əlaqəsinin yaranmasına böyük zəmin olacaqdır. Laçında, Kəlbəcərdə su
elektrik stansiyalarının bərpası bölgənin təminatında böyük rol oynayacaqdır.
Ərazilərdə bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahəsinə artıq su
veriləcək, 6-7 rayonun kənd təsərrüfatı daha sürətlə inkişaf edəcəkdir. İnşallah,möhtərəm Prezidentimizin böyük diqqət və qayğısı sayəsində işğaldan azad olunan torpaqlarımız qısa zaman kəsiyində laləzara çevriləcək və Azərbaycanımızın
ayrılmaz parçası olduğu sübuta yetirəcəkdir. Tanrı Prezidentimizi qorusun!
Torpaq oğullarının ona sahib çıxdığı vaxt dirçəlir, azad nəfəs alır və yaşamaq
mənalı olur. Vətən dediyimiz torpağın öz övladları tərəfindən diqqətini görəndə
torpağa da üzü gülür və insana sevinc, fərəh, xoş gün bəxş edir. Torpaq özü də
sevinir…
Adil MİSİRLİ