Vətən torpağı o qədər müqəddəsdir ki, oğullar ondan ötrü düşünmədən
canlarından keçirlər. Dünyanın ən əziz neməti olan canlarını fəda edən oğullar bu
torpağın əbədi, bölünməz olduğunu bir daha sübut edir, adlarını Vətən torpağına
böyük hərflərlə yazırlar. Vətənə olan sonsuz sevgilərini, qəlblərinin dərinliyində
gəzdirdikləri Vətən məhəbbətini oğullar ölümləri ilə təsdiqləyirlər:
Ayaq basdığım
Vətən torpağı
Ürəyimin başından keçir…
Vətən sevgisini ürəyinin başında gəzdirən qeyrətli, vətənpərvər oğullardan biri də
Ömər Rəşad oğlu Rəhimli idi. 1 fevral 2002-ci ildə Hindarx qəsəbəsində ziyalı
ailəsində dünyaya göz açan Ömər hələ uşaqlıqda vətənpərvər bir oğul kimi
torpaqlarımızın yarasının sağalacağına inanır, böyüyəndə onu göz bəbəyi kimi
qoruyacağını söyləyirdi.
Birinci Qarabağ savaşında Hindarx oğulları qarı düşmənlə üz-üzə vuruşmuş,
gənclərin bir neçəsi Vətən yolunda şəhid olmuşlar. Onların şərəfli döyüş yollarını
davam etdirən Ömər də bu qəsəbənin övladlarının necə vətənpərvər, torpaqsevər
olduqlarını öz igidliyi ilə bir daha nümayiş etdirdi. Müharibə başlananda o, həqiqi
əsgəri xidmətdə idi. Sumqayıtda N saylı hərbi hissədə xidmət edirdi. 2020-ci ilin 27
sentyabrında başlayan Vətən Müharibəsinə Ömər oktyabrın 6-da qatılır. Füzuli,
Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Laçın, Xocavənd və Daşaltıda gedən qızğın
döyüşlərin fəal iştirakçısı idi. Düşməndən azad etdikləri hər bir torpağa Ağcabədi,
Hindarx, Ömər Rəhimli sözlərini öz silahı ilə yaza-yaza gedən Ömər Qubadlını azad
etdikdən sonra evlərinə zəng edib, buranın dağlarının, meşələrinin necə əsrarəngiz
gözəlliyə malik olduğunu vurğulayıb. Deyib ki, ölərəm, bu torpağı düşmənə
vermərəm. Heyif deyil, belə torpağa düşmən ayağı dəysin. Bu torpaqlara baxanda
adamın ruhu dincəlir. Cənnətdir buralar. Nə yaxşı ki, bu gözəl torpaqları qaytara
bildik. İndi adam rahat ölə bilər…
Ömər yaralanandan sonra əmisi ilə telefon söhbətində bildirir ki, xoşbəxtəm, mənim
də qanım bu torpağa töküldü.
Gərgin döyüşdə ağır yaralanan topçu Öməri xilas etmək mümkün olmadı. Çox qan
itirdiyindən o, dünyasını dəyişdi. Vətən yolunda o, ən uca zirvəyə yüksəldi, şəhid
oldu.
Ömər əsgərliyə gedəndə doğma məktəbə gəlir. Sevimli tarix müəllimi Könül
Cəfərovanın sinfinin qapısını döyür. Müəllim onu görüb çox sevinir və gəlişinin
səbəbini soruşanda Ömər gülümsəyir:
-“Müəllim, əsgərliyə gedirəm. Gəldim ki, görüşək. Bəlkə bir də…” Sinfin uşaqları bu
zaman hamısı bir nəfər kimi ayağa qalxır və ucadan deyirlər:
Şəhidlər ölməz, Vətən bölünməz!
Ömər bu sözlərdən duyğulanır, “Nə yaxşı sözlərdir, lap şəhid olmağım gəldi”, – deyə
söyləyir.
Könül müəllim sevimli şagirdi haqqında ağızdolusu danışdı: “Ömər çox tərbiyəli,
ağıllı, zarafatcıl oğlan idi. Dərs zamanı həmişə Vətən ruhlu, torpaq sevgili suallar
verirdi. Bir dəfə soruşdu ki, müəllim, yəni bir gün torpaqlarımız mütləq azad
olacaqdır? Mən də, “Hə oğlum, mütləq. Azərbaycan oğulları torpaqlarımızı
düşməndən azad edəcəklər” dedim. Sakitləşdi, “Mən də elə düşünürəm” dedi.
Bir dəfə də Mübariz İbrahimovla bağlı sual verdi. Onun haqqında geniş danışmağımı
xahiş etdi. Mən də bir tarix müəllimi kimi, Mübarizin canlı örnəyini təsvir etdim. Dedim
ki, Mübariz əsl vətənpərvər, qəhrəmanlıq nümunəsi idi. İndi onun apardığı
mübarizəni siz, bu günki gənclər davam etdirməlisiniz. Mənimlə razılaşdı, hər bir
Azərbaycan oğlunun Mübariz olmağının vaxtı yetişdiyini söylədi”.
Atası Rəşad müəllim: “Ömər fəxr etməli həyat yolu keçdi. Mən qürur duyuram ki,
oğlum az ömrü ilə xeyli iş gördü. Bir Azərbaycan əsgəri kimi bir çox torpaqlarımızın
işğaldan azad olunmasında igidlik və rəşadət göstərdi. Vətənə öz oğul borcunu
ləyaqətlə yerinə yetirdi. Bu torpaq uğrunda qan axıtdı, canını fəda etdi.
Ömər nənəsi, babası ilə çox yaxın, mehriban idi. Həmişə onlarla dərdləşər,
məsləhətləşərdi. Onun ölümünə tab gətirə bilməyən nənəsi, o şəhid olandan 5 gün
sonra həyatdan köçdü. Sevimli nəvəsinə yaxın olmaq üçün dünyasını dəyişdi.
Babası Akif kişi Ömər haqqında danışanda fərəhdən dili ağzına sığmır: “Çox
baməzə, zarafatcıl idi Ömər. Öz nikbinliyi, həyat eşqi ilə çoxlarından seçilirdi.
Nənəsini, babasını çox sevirdi. Bizə dərin tellərlə bağlı idi. Atasına demədiklərini
mənə söyləyirdi, çox şeylərdən danışır, məsləhətləşirdik. Yazıq arvad onun ölüm
xəbərindən sonra yaşaya bilmədi… Ömər müharibədə də zarafatından qalmırdı:
“Baba, yaxşı təzə texnikalar ələ keçirmişik, yaxın da deyilsən ki, sənə bir-iki traktor,
maşın yollayım…” Hələ də onun ölümünə inana bilmirəm. Elə gözləyirəm ki, nə
vaxtsa qapını açıb gülə-gülə içəri girəcəkdir. Bircə təsəllim var ki, Ömər canını
müqəddəs torpaqlarımız, Qarabağımız uğrunda fəda etdi”.
… Ömər cəmi on səkkiz ilə yaxın ömür sürdü. Canını Vətən yolunda əsirgəmədən
şəhidlik zirvəsinə yüksəldi. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan
şəhidimiz öz adını, soyadını təkcə azad etdikləri torpağa yox, həm də bizlərin
yaddaşına böyük hərflərlə yazdı. Elə yazdı ki, bu yazı heç zaman pozulmayacaq,
Ömərin adı qəlbimizdə əbədi yaşayacaqdır.
Adil MİSİRLİ