Bəşər tarixinin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından artıq 29 il ötür. Ancaq nəinki 29 il, qərinələr, əsrlər ötsə də, bu amansız faciə Azərbaycan xalqının qan yaddaşından silinməyəcək. Çünki onun vurduğu yaralar, o qədər ağırdır ki, heç vaxt unudulmaz, yaddan çıxmaz. Bir gecədə rus ordusunun 366-cı motoatıcı batalyonunun cəllad komandirləri və əskərləri tərəfindən dinc əhaliyə amansız divan tutulması, evlərin dağıdılması və yandırılması, qarlı qış gecəsində imdad diləyərək, meşələrə, çöllərə səpələnmiş qadın, qoca, uşaqların güllədən keçirilməsi ən dəhşətli soyqırım idi. Bu qanlı faciə öz amansızlığı ilə XX əsrin bəlası olan faşistlərin qırğınını kölgədə qoyurdu. Dinc sakinlər – qadın, uşaq, qoca amansızcasına qətlə yetirildi, əsir götürülərək dəhşətli işgəncələrə məruz qaldılar.
1992-ci ildə hakimiyyətdə olan Azərbaycan iqtidarının fəaliyyətsizliyi, etinasızlığı, bütövlükdə xəyanəti erməni qatillərinin qəddarlığı nəticəsində törədilən Xocalı soyqrımı tariximizin ən qanlı səhifəsi oldu. Bu dəhşətli faciənin ən ürəkağrıdıcı faktlarından biri də o idi ki, həmin gün Moskvada SSRİ Ali Sovetinin sessiyasında Azərbaycan SSR Ali Sovetinin sədri bəyanat verdi ki, Xocalıda cəmi 2 nəfər azərbaycanlı həlak olub. Beləcə, özümüzə qənim kəsilən rəhbərlərin bu etinasızlığı, xəbərsizliyi ermənilərə böyük imkan yaratdı ki, həmin soyqırımın qurbanlarını öz adlarına çıxsınlar, guya Xocalıda azərbaycanlılar erməniləri qırıb. Belə məqamda milli qəhrəman, mərhum telejurnalist Çingiz Mustafayevin öz həyatını təhlükəyə ataraq, çəkdiyi video-lent yazıları dadımıza çatdı.
Başqa bir bəla da o, oldu ki, bu faciənin araşdırılması, günahkarların üzə çıxarılması ilə əlaqədar formal komissiya yaradılsa da əslində heç bir iş görülmədi. Ulu öndərin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi həyatımızın başqa sahələrində olduğu kimi, bu sahədə də qaranlıq məqamların üzərinə həqiqət işığı saldı. Xocalı soyqrımının araşdırılması üçün xüsusi dövlət komissiyası yaradıldı, həqiqət üzə çıxdı.
Eyni zamanda Xocalı faciəsinin dünya ictimaiyyətinə düzgün çatdırılması, soyqırım kimi tanınması istiqamətində geniş iş aparıldı. Məqsədyönlü aparılan bu iş öz nəticəsini verməyə başladı. Dünyanın bir sıra dövlətləri bu faciəni soyqırım kimi qəbul etdi.
Ulu öndərin apardığı, xalqın maraqlarını doğru ifadə etdiyi siyasət hazırda ölkə Prezidenti cənab ilham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq demək olar ki, dünyanın hər yerində Azərbaycanın haqq səsi eşidilir.
Biz həmişə inanırdıq ki, erməni vəhşiləri doğma Qarabağımızdan, o cümlədən Xocalıdan qovulacaq, sinəsi dağlı, yolu bağlı xocalılılar öz doğma yurd yuvasına qayıdacaqlar. Budur, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında Ermənistana ağır zərbələr vurmuş, ölkəmizin ərazi bütövlüyü tam təmin edərək, qələbəyə nail olmuşdur.
İslam ƏHMƏDOV