Xocalı… Qan yaddaşımız…

26 fevral 2021-ci il tarixində Qaraxanlı kənd tam orta məktəbində müəllim və şagird kollektivinin  təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım mərasimi keçirildi. Tədbirdə
vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Afət Sultanova Xocalı soyqırımı haqqında ümumi məlumat verdi, daha sonra məktəbin tarix müəllimi Rəşad Məmmədov tədbir iştirakçılarına Xocalı toponimi haqqında, ərazinin ümumi tarixi, əhalisi, əhalinin ümumi məşğuliyyətləri haqqında danışdı.
Həmçinin çıxış edən müəllimlər və şagirdlər Xocalı soyqırımına dünya ölkələrinin münasibətini və bu ilki anım tədbirlərinin 44 günlük Vətən müharibəsi zamanı əldə edilmiş zəfər sayəsində nə dərəcədə fərqli olması vurğulamış, “Xocalıya Ədalət” kompaniyaları haqqında geniş məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışlar. 
Daha sonra anım mərasimi məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya, səhnəcik və şeirlərlə davam etdi.

Tədbirdə qonaq qismində şəhid ailələri və qazilər də iştirak edirdi. Şəhid Ramin Sadıqovun atası Xəlil Sadıqov çıxış edərək ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdü,  şəhid ailələrinə ayrılan diqqətə görə Qaraxanlı kənd tam orta məktəbin müəllim və şagird kollektivinə dərin minnətdarlıqlarını bildirdi.

Lalə Əliyeva

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər