Fermer bu ildə yüksək məhsul istehsal etmək əzmindədir

Rayonumuzun təsərrüfatlarında cari ilin pambıq mövsümü üçün əkin sahələrinin şumlanması işləri davam etdirilir. Artıq bir çox istehsalçılar, fermerlər pambıq əkini sahələrində şumlamanı uğurla başa çatdırmışlar. Onlardan biri də Yeni Qaradolaq kənd sakini, bölgənin qabaqcıl fermer təsərrüfatı rəhbərlərindən sayılan adlı-sanlı pambıqçı Tofiq İsmayılovdur. Bacarıqlı mütəxəssis başçılıq etdiyi fermer təsərrüfatına məxsus 40 hektar əkin sahəsində şumlama işləri aparıb. Pambıq çöplərindən vaxtında təmizlənmiş əkin sahələrində şumlama yüksək keyfiyyətlə və aqrotexniki tələblər səviyyəsində həyata keçirilib. Hazırda sözügedən əkin sahələrində arat aparılır.
Təsərrüfat başçısının özünün dediyi kimi, tarlalarda gələcək bol pambıq məhsulunun möhkəm bünövrəsinin qoyulması üçün bütün zəruri tədbirlər görülüb. Ötən təsərrüfat ilində hər hektardan 61,8 sentner pambıq istehsal edən Tofiq İsmayılov bu il rekord miqdarda, 62 sentner məhsul götürmək əzmindədir.
Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər