Minəxorlu kəndi Ağcabədi rayonunda, Minəxorlu inzibati ərazi vahidində, rayon
mərkəzindən 32 kilometr qərbdə, Qarqar çayının sahilində, Qarabağ düzündə yerləşir.
Minəxorlu toponimi “min axuru olan, at saxlayan” mənasını bildirən mürəkkəb
sözdür. Kəndin yaşlı sakinlərinin dediklərinə görə, keçmişdə bu kəndin adamları atçılıqla məşğul olmuşlar. Sonralar yaşayış məntəqəsi min (minmək) və axur (atın yem yediyi yer) sözlərindən təkmilləşərək Minəxorlu adlandırılmışdır.
Minəxorlu kəndinin camaatı rahat, sakit, əməksevər insanlardır. Bu kənd eyni
zamanda qoçaq, igid, qorxmaz oğulların Vətənidir. Bu gün Vətən müharibəsində
canından keçən Minəxorlu şəhidləri haqqında məlumat verəcəyik.

Hacıyev İntiqam Eynulla oğlu 1998-ci ilin noyabr ayının 10-da Minəxorlu
kəndində anadan olub. Kənddəki tam orta məktəbi bitirib. 2020-ci ilin sentyabr ayının
21-də ordu sıralarına gedib. Kəndin yaxınlığında yerləşən “N” saylı hərbi hissədə qulluq edib. Bu hərbi hissənin əsgəri kimi vuruşub. Yaralanıb, Muğanlı kəndində yerləşən hərbi tibb məntəqəsinə gətirilərkən düşmən gülləsinə tuş gəlib. Oktyabr ayının 13-də Yuxarı Qiyaməddinli kəndi yaxınlığında şəhid olub. Allah rəhmət eləsin.

Minəxorlu kənd sakini Qəhrəmanov Məkan Mübariz oğlu 1999-cu ilin mart
ayının 2-də bu kənddə anadan olub. 2005-ci il kənd məktəbinin 1-ci sinfinə daxıl olub.
2016-cı ildə sözügedən məktəbi bitirib. 2020-ci ilin iyul ayından ordu sıralarında MAXE
kimi qulluq edib. Füzuli, Hadrut istiqamətində gedən döyüşlərin iştirakçısı olub. 2020-ci il oktyabr ayının 10-da şəhidlik zirvəsinə yüksəlib. Minəxorlu kənd qəbristanlığında
torpağa tapşırlıb. Məkan çox gənc idi. Ürəyi arzu və istəklərlə doluydu. Ancaq onun qəlbində olan Vətən sevgisi, istəyi bütün arzularına qalib gəlib. O, gənc həyatını Vətənimiz, müqəddəs torpaqlarımız naminə qurban verdi. Qəbri nurla dolsun. Cənnət – məkan olsun.

Qəhrəmanov Gülalı Aydın oğlu 17 dekabr 1986-cı ildə Minəxorluda anadan
olub. Kənddəki orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. Hərbi
xidməti başa vurduqdan sonra bir müddət şəxsi təsərrüfatla məşğul olub. 8 iyul 2020-ci il tarixdən orduda MAXE kimi çalışmağa başlayıb.
Qarabağı azad görmək arzusu, torpaqlarımızın düşmən tapdağından xilas
edilməsi Gülalının ən böyük arzusu idi. O, bu arzusunun həyata keçməsi üçün əlindən
gələn hər şeyi etdi. Vətən müharibəsində gərgin döyüşlərə qatıldı. Ölümdən qorxmayan Gülalı həmişə cəbhənin önündə oldu, özünü irəli atdı. 28 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak oldu. Vətənin şəhid oğlu Gülalı Qəhrəmanov soyadı kimi qəhrəmanlıq göstərib, şəhidlik zirvəsinin fatehi oldu. İndi onun qəhrəman ruhu bu əlçatmaz zirvədən rahat nəfəs alan doğma
Azərbaycanımıza baxır və bu torpaq uğrunda canını fəda etdiyi üçün qürur duyur. Alllah sənə rəhmət eləsin, şəhid Gülalı!
Atayev Taryel Fəxrəddin oğlu 5 may 1986-cı ildə Minəxorlu kəndində dünyaya
gəlib. Minəxorlu kənd tam orta məktəbini bitirib. Ordu sıralarında hərbi qulluq edib.
Müharibə başlanan zamana qədər müxtəlif işlərlə məşğul olub. 10 avqust 2020-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında MAXE kimi hərbi xidmətə başlayıb. Şuşa döyüşü zamanı cəsarətlə vuruşan Taryel Atayev 11 oktyabr 2020-ci ildə şəhadətə qovuşub. Əziz şəhidimiz Taryel Minəxorlu kənd qəbristanlığında dəfn olunub.

Döyüş yoldaşları söyləyirlər ki, Taryel düşmənin üzərinə qartal kimi şığıyırdı. Çox
igid, qorxmaz, mərd və ürəkli idi. O, düşmənin üstünə atılanda içindən od püskürürdü. Gözləri intiqam hissi ilə qığılcımlanır, alovlanırdı. Taryel ölümdən qorxmurdu. O, ölümün üzərinə yeriyirdi. Şuşanın alınmasında fədakarlıqla vuruşan Taryel Atayev şəhid olub, ən yüksək zirvəyə ucaldı. İndi bu qəhrəman oğulun ailə üzvləri, yaxınları, həmkəndliləri igid yerlilərinin adı ilə qürur duyur, fəxr edirlər. Çünki o, mənalı, qəhrəmanlıq dolu ömrü ilə ailəsinin başını uca edib, xalqın könlündə əbədi məskən saldı. Unudulmayan, yaddan çıxmayan bir məskən.
Torpaqlarımızın azadlığı uğrunda Taryel şəhadətə ucaldı, ordumuz isə zəfər
çaldı. Allah qüdrətli ordumuzun qəhrəman əsgəri şəhid Taryelə rəhmət eləsin!
Adil MİSİRLİ