17.8 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

“Vahid sahədə vahid əkin” layihəsi fermerlərin gəlirini artıracaq – REPORTAJ

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir. Kiçik torpaq sahiblərinin yanaşı ərazilərdə vahid bitki becərməyə qərar verməsi onların xərclərini azaltmaqla daha çox qazanc götürməsinə imkan verəcək.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Vahid sahədə vahid əkin” konsepsiyası kooperativlərə alternativ Azərbaycan modeli sayıla bilər: “Bilirsiniz ki, ölkənin torpaq və su ehtiyatları məhduddur, aparılmış torpaq islahatları zamanı əhalinin sıx məskunlaşdığı rayonlarda adambaşına çox az pay torpağı düşüb. Elə rayonlar, elə kəndlər var ki, adambaşına düşən torpaq həcmi 5-10 sot arasındadır. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatlara əsasən, ölkədə 600 mindən çox fermer var. Kiçik torpaq sahələrində kənd təsərrüfatı baxımından böyük səmərə əldə etmək mümkün deyil. Ötən illərin də təcrübəsi göstərir ki, bölgü aparılmış vahid massivlərdə fermerlər fərqli bitkilər əkirlər. Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika problemi həll olunur, suvarma problemi həll olunur, işçi qüvvəsi problemi həll olunur”.

Yanaşı sahələrdə fərqli bitkilərin becərməsi suvarma, aqrotexniki qulluq zərərvericilərə qarşı mübarizə baxımından fermerlərə çətinliklər yaradır. “Vahid sahədə vahid əkin” layihəsi bu çətinlikləri köklü şəklidə aradan qaldırır.

Vüqar Hüseynov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlər arasında eyni massivdə yerləşən kiçik torpaq sahələrində vahid bitkinin əkilməsinin daha uyğun olduğuna dair maaarifləndirmə işi aparır. “Fermerlər təşəbbüsü müsbət qarşılayıb, artıq istər Ağcabədi rayonunda, istər Bərdə rayonunda, istərsə də digər rayonlarda vahid massivlərdə vahid bitkinin becərilməsinə dair fermerlər arasında razılaşmalar var. Biz həmin təşəbbüslərin həyata keçirildiyi kəndlərdə fermerlərlə görüşürük. Hüsülü kəndində gördüyünüz bu torpaq sahəsi islahat zamanı 16 ailə arasında bölünüb. Bu sahədə indiyədək eyni vaxtda bostan bitkiləri, taxıl, pambıq, yonca əkilib. Amma indi fermerlər öz aralarında razılığa gələrək bu sahədə eyni bitki becərəcəklər. Fermerlərlə söhbətimizdən məlum oldu ki, vahid sahədə bu il pambıq əkmək istəyirlər. Kənd Təsərrüfatı Nazirliyi də fermerlərdən gələn bu cür təşəbbüsləri dəstəkləyir. Vahid massivlərdə hansı bitkinin becərilməsinə fermerlər özləri qərar verir, biz onlara rayonun ixtisaslaşmasına uyğun bitkilər əkilməsini tövsiyə edirik”, – deyə o əlavə edib.

Nazirlik rəsmisi deyir ki, vahid massivlərdə hansı bitkinin əkilməsi əsas deyil. Əsas odur ki, kiçik torpaq sahibləri vahid massivlərdə vahid bitkinin əkilməsi ilə bağlı razılıq əldə etsinlər: “Vahid əkin aparan fermerlər indiyədək üzləşdikləri bir çox çətinlikləri həll etmiş olacaqlar. Təsəvvür edin ki, burada 20 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Bundan əvvəl 4-5 fərqli bitki əkilirdi. Bu qədər fərqli bitkinin əkildiyi sahələrə 4-5 fərqli mütəxəssis lazımdır, fərqli texnika lazımdır. Bundan başqa, bir bitkiyə zərərvericilərlə mübarizə məqsədilə verilən dərmanlar digər bitkiyə ziyan vurur. Bu baxımdan hesab edirik ki, bu ildən start verilən “Vahid sahədə vahid əkin” layihəsi fermerlərə daha çox gəlir gətirəcək, onların xərclərini azaldacaq, əkilmiş bitki üzrə orta məhsuldarlığı artırmış olacaq”.

Əkin sahələrinin qarşılıqlı razılıq əsasında birləşdirilməsi və rayonun ixtisaslaşmasına uyğun bitki əkilməsi fermerləri də razı salır. Ağcabədi rayonunun Hüsülü kənd sakini, fermer Fariz Hüseynov deyir ki, vahid sahədə vahid əkinin aparılması su və torpaq itkisinin qarşısını alır, texnikaya tələbat, becərmə ilə bağlı çətinlikləri aradan qaldırır.

“Hüsülü kəndidə islahat zamanı adambaşına 35-40 sot torpaq düşüb. 2019-cu bu sahədə 1 hektar, 3 hektar sahələrdə yonca və digər bitkilər əkilmişdi. Ötən il qərara gəldik ki, hamımız bu sahədə pambıq əkək. 13 ailənin torpağını birləşdirdik, 15 hektar sahədə pambıq əkdik, hər hektardan 40 sentner pambıq yığdıq. Bu il üç ailə də bu təşəbbüsə qoşuldu, pambıq əkiləcək sahənin həcminin 20 hektaradək artırdıq. Hazırda 50 santimetr dərinlikdə şum aparılıb. Aprelin 5-də pambıq səpininə start verəcəyik. Torpaqları birləşdirmək çox yaxşı səmərə verir. Məsələn, 10 ailənin torpağı olsa, 10 dənə arx çəkilməlidir, hər arx 1 metr yer tutur. Sahənin uzunluğu 800 metr olsa, 80 sot torpaq arxaltı itkiyə gedir. Bir arxda 1 metr itkiyə gedir, torpaqları birləşdirəndə isə itki olmur. Belə sahələrdə mexanizatorlar da rahat işləyir”, – deyə o bildirib.

Artıq Azərbaycanın 8 rayonunda fermerlər arasında “Vahid sahədə vahid əkin” konsepsiyasına uyğun əkin aparmaq barədə razılıq əldə olunub. Həmin rayonlarda kiçik pay torpağı olan fermerlər vahid massivlərdə pambıq, taxıl, yonca, günəbaxan, kartof əkməyə qərar veriblər.

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər