Konfrans zamanı Prezident qeyd edib ki, biz yeni vəziyyəti nəzərə alaraq Türkiyə-
Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxırıq: “Bu münasibətlərin
normallaşması üçün bizim hər hansısa xüsusi fikrimiz yoxdur. Türkiyə özü sərhədlərin
nə zaman açılacağını müəyyən edə bilər. Hər halda Azərbaycan tərəfindən hər hansısa
mənfi rəy verilməyəcək. Hesab edirəm ki, bölgənin sabitliyi, davamlı sülh üçün bütün
ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhəddinin
açılmasından bəhs edirik. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Azərbaycan sərhəddinin bağlı qalmasına ehtiyac qalmır. Əgər biz Zəngəzur koridorunu
gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Ancaq bu, Türkiyənin öz qərarıdır. Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansısa xüsusi fərq yoxdur.
Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu bizim də xeyrimizədir”.
Azərbaycan Prezidenti mətbuat konfransı zamanı vurğulayıb ki, Azərbaycan və
Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın sadəcə, resursu yoxdur. Onlar hər tərəfdə sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvür artıq
mövcuddur. Ona görə də Ermənistan hər hansı bir mənfi addım atmağa cəhd
etməməlidir. Onların siyasi, hərbi, iqtisadi durumlarının asılı vəziyyətdə olması bunu
söyləməyə imkan verir.
İlham Əliyev 10 noyabr bəyanatına toxunaraq bildirib: “İstənilən şəkildə
Ermənistan rəhbərliyi formada-fərqi yoxdur orada hakimiyyətdə kim olacaq – 10 noyabr bəyanatının pozulması arzusunda olan hər hansısa bir tərəf bunu etsə, təbii ki,
Ermənistan üçün bu çox pis olacaq. Vladimir Putinin təbirincə desək, bu intihar olacaq.
Ona görə də Ermənistan başa düşnməlidir ki, onların qarşılaşdığı vəziyyət illərdir
yürütdükləri siyasətin nəticəsidir. Bu Azərbaycana qarşı idi və işğal siyasətdir.
Türk ordusu ilə keçirilən birgə təlimlər keçirilməsinin və bu qonşu ölkənin həmişə
Azərbaycanın yanında olduğunu bildirən Prezident deyib ki, Türkiyə ordusu dünya
çapında ən güclü ordular sırasındadır: “NATO-da güc baxımından ikinci ordudur.
Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə
əməli işlərə start verilib”.
Prezident Azərbaycan və Türkiyə arasında çoxsaylı hərbi razılaşmaların
olduğuna da diqqət çəkib: “Türkiyə və Azərbaycan arasında çox geniş qanunvericilik
bazası var. Bir çox sənədlər imzalanıb. Onların arasında elə sənədlər var ki, orada
qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilir. Əlbəttə ki, Azərbaycana hər hansısa
təhlükə, təhdid yaranarsa, biz tam əminik ki, bizə arxa göstərən qardaş Türkiyə olacaq”.
Prezident İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə də
münasibət bildirib: “Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə
bilərəm ki, bu da müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini
tapır. Amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişik. Monitorinq
Mərkəzinin əsas məqsədi postmüharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən, pilotsuz uçuş aparatından istifadə edərək bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın və əgər olarsa, kim bunu törədib, təşəbbüskar, günahkar kimdir bunu təyin etməkdir. Monitorinq Mərkəzi hesab edirəm ki, postmüharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək”.
Qarabağın yenidənqurma işlərindən söhbət açan Prezident görülən işlərin böyük
həcmdə olacağına işarə edib. Bildirib ki, Türkiyə Prezidenti ilə dəfələrlə bu haqda danışıb. Bu işlər görüləcək və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində fəal iştirak ediblər.