Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında işğaldan azad
olunmuş ərazilərdə aparılacaq böyük bərpa işlərinə geniş toxunub. Qeyd olunub ki,
burada həyata keçiriləcək bərpa işləri bütövlükdə bölgənin inkişafını sürətləndirəcək
və regionun tranzit əhəmiyyətini artıracaq. Ərazidə inşa ediləcək yollar xüsusilə
önəmli əhəmiyyət kəsb edir. Şuşa aeroportunun inşasından söz açan dövlət başçısı
bununla yanaşı, şəhər ərazisində iki avtomobil yolu tikildiyini bildirib. Həmin yollardan
birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan
birbaşa gediş-gəlişi təmin edəcək. Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər
ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlar.
Konfransda o da qeyd olundu ki, Qarabağda böyük iqtisadi layihələr icra
olunacaq. Böyük şəhərlərin baş planları tərtib edilməlidir. Ağdam şəhərində
müharibədən əvvəl təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb.
Odur ki, 50 minlik, bəlkə də, 70 minlik bir şəhər planlaşdırılmalıdır, infrastruktur
yaradılmalıdır. Ondan sonra binalar inşa edilməlidir. Bu, böyük bir zaman tələb edir.
Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün
güclər də səfərbər edilib.
Əlbəttə, ərazilərin bərpa olunması yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək
infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu
cür layihələr ümumən, regionun geosiyasi statusunu dəyişdirəcək. Göstərildiyi kimi,
böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi
əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa
düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib.
Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq.
Mətbuat konfransında irimiqyaslı layihələrin böyük maliyyə vəsaiti tələb etməsi
məsələsinə də toxunularkən bildirildi ki, icra olunacaq layihələr bir neçə milyard
dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu
çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm
kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi
ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və
bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora
qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır.
Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcud olduğunu qeyd edən
Azərbaycan Prezidenti burada çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra
olunacağını bildirib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə kənd
təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq işlərin görülməsi artıq
başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib.
Görülmüş işlər nəticəsində Qarabağ alternativ enerji mənbəyinə çevriləcək.
Hələ müharibədən əvvəl Azərbaycan bərpa olunan enerjiyə investisiyalar cəlb
etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər
günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda
olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki
şirkət ən yaxşı təkliflər irəli sürüb.
Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəkdir.
Kəlbəcər-Laçın zonasında külək, Zəngilan-Cəbrayıl zonasında isə günəş enerji
stansiyaları inşa edilməsi planlaşdırılıb. Prezident İlham Əliyev onu da əlavə edib ki,
işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur inşa olunacaq. Füzulidə
aeroportun tikilməsi artıq başlanıb. Ərazinin minalardan təmizlənməsi ilə bağlı
məsələlərin həllinə operativ surətdə həyata keçirilir. Aeroportun uçuş-enmə zolaqları
və fəaliyyətini təmin edəcək naviqasiya sistemləri istifadəyə veriləcək. Aeroport
beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük
təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava
limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası
üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri
üçün istifadə olunacaq.
“Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində –
Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcəkdir. Cari ilin
sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan
yerləşəcək. Belə pilot layihələr çox ola bilər. Reallaşacaq layihələrdə müasir
texnologiyaların potensialına geniş müraciət olunacaq, ərazilərin bərpası üçün bütün
imkanlar səfərbər ediləcəkdir. Bəli, uzun görünən Böyük Qayıdış artıq reallaşır və biz
bu xoşbəxtliyi artıq arzu etmirik, yaşayırıq.