Birgəyaşayış prinsipləri dayanaqlı inkişaf üçün amil yaradır

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri ilə keçirdiyi
mətbuat konfransında işğaldan azad olunmuş ərazilərdə birgəyaşayış prinsiplərindən
də geniş danışdı. Konfrans zamanı ölkə başçısı qeyd etdi ki, bundan sonra
Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə aydın təsəvvür mövcuddur.
İndinin özündə Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə
yaşamağımızın böyük tarixi var. Qonşu Gürcüstanda elə kəndlər var ki, orada
azərbaycanlılar və ermənilər bir kənddə dinc, əmin-amanlıq şəraitində yaşayırlar. Biz
tolerant ölkəyik və Azərbaycanda əsrlər boyu müxtəlif xalqların nümayəndələri bir
ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansısa bir
qarşıdurma, anlaşılmazlıq olmamışdır.
Prezident bildirib ki, azərbaycanlılar ermənilərlə müxtəlif ölkələrdə birgə
yaşayır: “Bu yaxınlarda mənə verilən məlumata görə, azərbaycanlı jurnalist
Ermənistanın eks-müdafiə nazirinin bacısını da tapmışdı. Həmin şəxsin doğmaca
bacısı burada yaşayır. Ona bir söz deyən varmı? Yoxdur. Biz bundan sonra da buna
hazırıq… Birgəyaşayışın əsas üsulu əməkdaşlıqdır. Azərbaycanın məqsədi üçtərəfli
qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur
dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan
qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini
görəcəklər”.
Birgəyaşayış prinsipləri dayanaqlı inkişaf üçün amil yaradır. Bölgədə
uzunmüddətli sülhün təmin edilməsi və müharibə riski aradan qaldırılmalıdır.
Müharibədən cəmi dörd ay keçməsinə baxmayaraq, artıq Ermənistan və
Azərbaycanın rəsmi şəxsləri arasında görüşlər keçirilir, təmaslar qurulur. Bu proses
gedir və müsbət istiqamətlə irəliləyir.
Azərbaycan Prezidenti mətbuat konfransında yekun olaraq bildirib ki,
müharibə dövründə demişəm, indi də deyirəm. Bizim Erməni xalqı ilə işimiz yoxdur.
Azərbaycanda minlərlə erməni yaşayır və müharibə dövründə erməni əsirlərlə bizim
davranmağımız bunu bir daha göstərir.
Mətbuat konfransında Prezidentin çıxışlarından sonra belə qənaətə gəlmək
olar ki, zaman keçdikcə, tarix öz sözünü deyəcək. Multikultural dəyərlərə üstünlük
verən, həyatda əsl tolerant ölkə olan Azərbaycanda azərbaycanlılarla ermənilərin
birgəyaşayış ritorikası öz müsbət həllini tapacaqdır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər