Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi
mətbuat konfransında Azərbaycan – Türkiyə münasibətlərinə və Türkiyənin bölgədəki
fəaliyyətinə də toxunundu. Konfrans zamanı ölkə başçısı qeyd etdi ki, biz yeni vəziyyəti
nəzərə alaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxırıq:
“Bu münasibətlərin normallaşması üçün bizim hər hansısa xüsusi fikrimiz yoxdur.
Türkiyə özü sərhədlərin nə zaman açılacağını müəyyən edə bilər. Hər halda
Azərbaycan tərəfindən hər hansısa mənfi rəy verilməyəcək. Hesab edirəm ki, bölgənin
sabitliyi, davamlı sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır.
Ermənistan-Azərbaycan sərhəddinin açılmasından bəhs edirik. Ermənistan-Azərbaycan
sərhədi açılırsa, Türkiyə-Azərbaycan sərhəddinin bağlı qalmasına ehtiyac qalmır. Əgər
biz Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan
sərhədi də açılacaq. Ancaq bu, Türkiyənin öz qərarıdır. Azərbaycan tərəfindən bu
məsələ ilə bağlı hər hansısa xüsusi fərq yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə
olacaqsa, bu bizim də xeyrimizədir”. Konfrans zamanı o da vurğulandı ki, Azərbaycan
və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın sadəcə, resursu yoxdur. Onlar hər
tərəfdə sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Türkiyə, Rusiya,
İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvür artıq
mövcuddur. Ona görə də Ermənistan hər hansı bir mənfi addım atmağa cəhd
etməməlidir. Onların siyasi, hərbi, iqtisadi durumlarının asılı vəziyyətdə olması bunu
söyləməyə imkan verir.
İlham Əliyev 10 noyabr bəyanatına diqqət çəkərkən, bildirib: “İstənilən şəkildə
Ermənistan rəhbərliyi formada-fərqi yoxdur orada hakimiyyətdə kim olacaq – 10 noyabr bəyanatının pozulması arzusunda olan hər hansısa bir tərəf bunu etsə, təbii ki,
Ermənistan üçün bu çox pis olacaq. Vladimir Putinin təbirincə desək, bu intihar olacaq.
Ona görə də Ermənistan başa düşməlidir ki, onların qarşılaşdığı vəziyyət illərdir
yürütdükləri siyasətin nəticəsidir. Bu Azərbaycana qarşı idi və işğal siyasətdir.
Türk ordusu ilə birgə təlimlər keçirilməsini və bu qonşu ölkənin həmişə
Azərbaycanın yanında olduğunu bildirən Prezident deyib ki, Türkiyə ordusu dünya
çapında ən güclü ordular sırasındadır: “NATO-da güc baxımından ikinci ordudur.
Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə
əməli işlərə start verilib”.
Prezident Azərbaycan və Türkiyə arasında çoxsaylı hərbi razılaşmaların
olduğuna da diqqət çəkib: “Türkiyə və Azərbaycan arasında çox geniş qanunvericilik
bazası var. Bir çox sənədlər imzalanıb. Onların arasında elə sənədlər var ki, orada
qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilir. Əlbəttə ki, Azərbaycana hər hansısa
təhlükə, təhdid yaranarsa, biz tam əminik ki, bizə arxa duran qardaş Türkiyə olacaq”.
Prezident İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə də
münasibət bildirib: “Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə
bilərəm ki, bu da müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini
tapır. Amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişik. Monitorinq
Mərkəzinin əsas məqsədi postmüharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o
cümlədən, pilotsuz uçuş aparatından istifadə edərək bu münaqişə zonasında hər hansı
bir qarşıdurma olmamasını və əgər olarsa, kim bunu törədib, təşəbbüskar, günahkar
kimdir bunu təyin etməkdir. Monitorinq Mərkəzi hesab edirəm ki, postmüharibə dövrü
üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək”.
Qarabağın yenidənqurma işlərindən söhbət açan Prezident görülən işlərin böyük
həcmdə olacağına işarə edib. Bildirib ki, Türkiyə Prezidenti ilə dəfələrlə bu haqda
danışıb. Bu işlər görüləcək və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində fəal iştirak
ediblər.