Azərbaycan Dünya ölkələri içərisində tolerant, multikultural, sülhsevər bir ölkə kimi
tanınır. Torpaqlarımızın 20%-i 30 ilə yaxın Ermənistan tərəfindən işğalda qalsa da,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ və ətraf
rayonların sülh yolu ilə işğaldan azad olunması üçün diplomatik müstəvidə ardıcıl,
davamlı siyasət aparmasına baxmayaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi və
onlara havadarlıq edən ölkələrin, o cümlədən ATƏT-in Mink qrupunun həmsədrlərinin
münaqişənin həllinə ikili standartlarla yanaşması problemin həllinə imkan vermədi. Dünya siyasətində təsiri olan böyük dövlətlər, Beynəlxalq təşkilatlar bəyan edirdilər ki, Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə həll etmək mümkün deyil. Ermənistan rəhbərliyi isə həmişə təxribat xarakterli çıxışlar edir, Ermənistanın güclü orduya malik olduğunu bəyan edir, yüksək tribunalardan “Qarabağ Ermənistandır” iddiasını səsləndirir, ardıcıl olaraq pulsuz verilən silahlar hesabına hərbi potensiyalını gücləndirməkdə davam edirdi. Müdrik siyasətçi Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana Siyasi hakimiyyətə qayıdandan sonra Dağlıq Qarabağ probleminin həllinin hərbi yolla həll olunmayacağını hiss edərək ordu quruculuğuna böyük önəm verdi və ölkənin hərbi qüdrətini gücləndirmək, şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmaq üçün böyük işlər gördü.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ulu öndərin
siyasətinin davamı olaraq ordu quruculuğunu ön plana çəkdi. Ardıcıl olaraq Ordumuzun ən müasir silahları ilə təchiz olunması, şəxsi heyətin döyüş hazırlığının artırılması istiqamətində məqsədyönlü siyasət həyata keçirildi.
Ötən ilin sentyabr ayının 27-sində Ermənistan növbəti təxribat törədərək,
ərazimizə hücum etməsinə cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə ordumuz düşmənə layiqli cavab verərək Ermənistan ordusunu geri orturdu və əks
hücumla ardıcıl olaraq yaşayış məntəqələrini işğaldan azad etməyə başladı. İqtidar-Xalq- Ordu birliyinin nəticəsi cəmi 44 gün ərzində “məğlubedilməz” Ermənistan ordusunun məhv edilməsi və 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Müharibə başlanan gündən dünyanın aparıcı dövlətləri, Beynəlxalq təşkilatların təzyiqinə mətanətlə tab gətirən, qətiyyət, əzmkarlıq göstərən əsl bir sərkərdə kimi Ali Baş Komandan İlham Əliyev demək olar ki, bütün dünya ilə siyasi meydanda təkbətək döyüşərək, xalqın mübarizlik əzmini yüksəltdi, ordunu qələbəyə ruhlandıraraq cahanşümül bir qələbəyə imza atdı. Bununla da səbr kasası daşmış Azərbaycan xalqının yaralarına məlhəm qoyuldu.
Bu qələbənin qazanılması heç də asan başa gəlmədi. Könüllü olaraq cəbhəyə
yollanan qəhrəman Azərbaycan gəncləri və peşəkar ordunun şəxsi heyətinin 3 min
nəfərə yaxını şəhid oldu, xeyli sayda yaralanan, qazi adını qazanan gənclərimiz oldu.
Ermənistanın beynəlxalq konvensiyalara məhəl qoymayaraq dinc əhalini və
yaşayış məntəqələrini ağır artilleriya və raketlərlə atəşə tutması nəticəsində çoxsaylı
mülki də şəxslər həlak oldu. Müharibənin gedişi zamanı, hətta qəbirstanlıqlar atəşə tutulan zaman şəhidlər çox böyük təntənə ilə dəfn edilirdi.
İstər I Qarabağ müharibəsində, istərsə də II Qarabağ müharibəsində şəhid
olanların ailələri və müharibə əlillərinin sosial müdafiəsi daim Dövlətin diqqət mərkəzində olmuşdur. Həmin kateqoriyadan olan insanların Dövlət tərəfindən ev və avtomobillə təmin edilməsi, pensiya və müavinətlər verilməsi, onların hərtərəfli qayğı ilə əhatə edilməsi sahəsində Azərbaycanda görülən işlər bir model kimi başqa ölkələrə nümunə ola bilər.
25 fevral 2021-ci il tarixdə Bakının Ramana qəsəbəsində şəhid ailələri və
müharibə əlillərinə mənzillər təqdim olunması bunun bariz nümunələrindən biridir.
Ramana Kompleksində tikilən 30 ədəd doqquz mərtəbəli binada 1512 nəfər ailə mənzillə təmin edilmişdir. Tikilən binalar müasir memarlıq üslubu ilə tikilməklə, bütün lazımi şəraitə malikdir. Kompleksdə məktəb, uşaq baxçası, istirahət mərkəzi və parklar salınmış, bütün infranstruktur ilə təmin edilmişdir.
Qarabağ əlilləri və şəhid ailələrinə qayğı təkcə bununla bitmir. Ölkədə xeyli sayda
bərpa və reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bu günlərdə isə təmirdən sonra
yenidən açılışı olmuş “Şaqan” reabilitasiya mərkəzi də bu kataroqiyadan olan insanların istifadəsinə verilmişdir.
Qarabağ müharibəsi əlillərinin ölkədə müalicəsi ilə yanaşı onlarla qazi müalicə
üçün xarici ölkələrə göndərilir, müasir protezlər və əlil arabaları ilə təmin edilirlər. Halbuki təcavüzkar Ermənistanda şəhid ailələri və əlillərə dövlət tərəfindən heç bir əsaslı kömək göstərilmir. Ona görə də şəhid anaları və qazilər mitinqlərə qatılaraq onlara qarşı bu etinadsızlığa öz etirazlarını bildirir, heç olmasa Azərbaycandan nümunə götürməyi səsləndirirlər.
Ermənistanda isə hakimiyyət uğrunda didişmə gedir. Ölkə rəhbərliyi və müxalifət
revanşist çıxışlar edərək, guya yenidən Qarabağı geri alacaqları barədə populist vədlər
verərək, xalqı aldatmaqda davam edirlər. Siyasi və İqtisadi böhran içərisində çabalayan Ermənistanda günahkarlar axtarılır, məğlubiyyətin səbəbini bir-birində görürlər. Onlar başa düşməlidir ki, tarix boyu heç bir işğalçı işğal etdiyi torpaqları daim möhkəmlənə bilməyib. Üzdən iraq bir qrup erməni “ziyalı”sının antiazərbaycan təbliğatı ilə beyinləri zəhərlənmiş erməni xalqı başa düşməlidir ki, onların yeganə çıxış yolu noyabr ayında imzalamış üçtərəfli razılaşmaya uyğun hərəkət edərək, məğlubiyyətlə barışmaqdır. Bölgədə kommunikasiyalar açılmalı, sülh və birgə yaşayışa əməl edilməlidir. Əks halda cənab Prezident İlham Əliyevin dediyi kimi onları daha böyük məğlubiyyət və fəlakət gözləyir.
Ermənilər başa düşməlidirlər ki, artıq Azərbaycan 1990-cı illərin ölkəsi deyil.
Bu gün Azərbaycanın inkişaf etmiş iqtisadiyyatı, güclü və modern ordusu, Dünyanı
idarə etməyə qadir savadlı, hərtərəfli yüksək intellektə malik, xalq tərəfindən sevilən
Prezidenti və onun arxasında duran mübariz xalqı var.
Artıq işğaldan azad edilmiş bölgələrdə quruculuq, yenidənqurma işləri başlayıb. Bu
isə yaxın illərdə Azərbaycanın daha böyük sürətlə inkişafına təkan verəcək. Bəli, biz
Böyük Qələbə qazandıq, Böyük Ümidlərlə yaşayırıq!
Nazim BÜNYATOV