Rayonumuzda koronavirusa (COVİD-19) qarşı vaksinasiya kampaniyası
davam etdirilir. Bununla əlaqədar olaraq növbəti dəfə rayon Mərkəzi xəstəxanasında
vaksinasiya prosesi ilə tanış olduq. Burada peyvənd olunan insanlarla görüşdük və
onların fikirlərini öyrəndik.
Ağcabədi şəhər sakini Vəsilə Əliyeva söhbət zamanı bildirdi ki, bütün dünyada
koronavirus pandemiyası tuğyan etdiyi bir dövrdə ölkəmizdə də vaksinasiya tədbirləri
geniş vüsət alıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında bu qorxunc xəstəliyə qarşı geniş kampaniya keçirilir. Respublikanın
hər yerində olduğu kimi, rayonumuzda da vaksinasiya tədbirləri uğurla təşkil olunur.
Buna görə ölkə rəhbərliyinə və həkimlərimizə minnətdaram.
Söhbətimizə Salmanbəyli kənd sakini Vidadi Əsgərov da qoşuldu. O, bəzi
adamlarda vaksinlə əlaqədar qorxu hissi yarandığını bildirdi. Qeyd etdi ki, əksinə
vaksinasiyadan qorxmaq lazım deyil. Hər kəs vaxtında peyvənd olunub, sağlamlığını
qorumalıdır.
Söhbətimizi mərkəzi xəstəxananın həkimləri ilə davam etdirdik. Onların
sözlərinə görə son vaxtlar rayonda koronavirusa qarşı peyvənd olunanların sayı
artıb. Demək olar ki, hər gün 600 nəfərə qədər sakin vaksinasiya olunur, indiyə
qədər rayon üzrə 4500 nəfərdən çox rayon sakini peyvənd olunub. Vaksinasiya
tədbirləri davam etdirilir.
“ARAN”