Sevinc Hüseynova: “Hər dəfə yeni yaralı gələndə biz tez irəli atılırdıq, o isə geri addımlayırdı”
Məni Sevinclə onun adaşı, “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri
Sevinc Quliyeva tanış etdi. Həyat yoldaşı hərbçi olan bu xanımın müharibə zamanı
fədakarlıqda heç də yoldaşından geri qalmadığını söylədi. Zəngləşdik, redaksiyada
görüşdük. İstədim ki, bu təəssübkeş xanımı siz də tanıyasınız.
-Sevinc xanım, suallara keçməzdən öncə digər müsahiblərimiz kimi sizin də
özünüz haqda qısa məlumat vermənizi istərdim.
-Hüseynova Sevinc Tofiq qızı, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının Acil
şöbəsinin tibb bacısıyam. Həyat yoldaşım 2012-ci ildən MAXE kimi qulluq edir. 2
övladım var. Oğlumun biri 2, digəri 4 yaşındadır.
-Başlayaq elə müharibənin ilk günlərindən. Həm hərbçi xanımı, həm bir ana
kimi müharibə başladığı gün nələr yaşadınız?
-Sentyabrın 26-da həyat yoldaşım gecə növbəsinə getdi (Ağcabədidə xidmət edir).
Səhəri gün atəş səsinə oyandıq. Əlbəttə, həyəcan var idi. Ancaq saat 9-da onunla
əlaqə yaratmaq mümkün oldu. Dedi ki, qorxma, təlimdir. Amma az keçməmiş məni
xəstəxanaya çağırdılar. Mən oraya gedəndə ilk şəhid gətirildi. Bəli, müharibə
başlamışdı. Pərakəndəlik var idi ilk günlər… Amma sonra Bakıdan, Türkiyədən
azərbaycanlı həkimlər köməyə gəldi. Artıq gündəlik işlərə alışmışdıq.
-Bəs həmin vaxt övladlarınız harada idi?
-Mən düz 8 gün xəstəxanada qaldım. Bizə ehtiyac var idi. Odur ki, həmin günlər
evə getmirdik. 8 gün sonra 1 saatlıq evə gəlsək də, ürəyimiz orada idi. Övladlarımı
valideynlərim aparmışdı. Orada yaşananlar mənə elə təsir etmişdi ki, övladlarım heç
yadıma da düşmürdü.
-İşinizin mənəvi ağırlığı sözsüz məlumdur. Bəs fiziki gücünüz necə çatırdı?
Baxıram, zərif xanımsınız, amma o gərginliyin öhdəsindən gəlməyi
bacarmısınız.
-İnanın, həmin günlər bizdə tükənməz enerji, güc var idi. Hələ ilk vaxtlar Füzulidən
yaralılar gətiriləndə xəbərdarlıq olunurdu. Elə olub ki, 21 dəqiqə ərzində 40 yaralıya
xidmət etmişik. Bir xəstənin üzərində 5 nəfər işləyirdi. Həkimlər də tələbkar idi. Qəti
şəkildə deyilmişdi ki, bir sözü ikinci dəfə təkrarlatmayın. Tapşırığı dərhal həyata
keçirin. Odur ki, çox cəld, operativ işləyirdik.
–Yəqin ki, qorxularınız olmamış deyil.
-Gəncəyə ilk dəfə raket atılan gecə burada necə səs oldusa, elə bildik xəstəxananı
vurdular. Çox qorxduq. Amma heç birimiz zirzəmiyə enmədik. Bizə təbliğ olunmuşdu
ki, bu gün biz hər birimiz hərbçiyik. Ona görə hər şeyə, ölümə də hazır idik.
–Vətən müharibəsi insanlarımızın çətin gündə necə birləşə bildiyini göstərdi.
Biz təkcə vəzifə borcu olaraq yox, həm də xalq olaraq bir-birimiz üçün canımızı verməyə hazır olduğumuzu anladıq.
-Əlbəttə… O günlər heç unudulmaz. Həqiqətən fəxr olunası anlar idi.
Əsgərlərimizə, yaralılarımıza çox yardım edilirdi. Düzdür, müəyyən səbəblərdən
məhdudiyyətlər olurdu. Amma camaatımız yenə son tikəsini də onlara verməyə
çalışırdı. Avşar və Qaradolaq kənd sakinlərinin fəallığını xüsusilə qeyd etmək
istərdim.
–Özünüzü çarəsiz hiss etdiyiniz, ruhdan düşdüyünüz an oldumu?
-Həyatı xilas edilə bilməyən hər bir oğul zərbə idi bizlər üçün. İş yoldaşımız Tariyel
həkimin şəhid olduğu xəbərini eşidən gün isə sanki dünya başımıza uçdu. Hamımız
çox sarsılmışdıq. Xatırlamaq belə çətindir. Digər həkimimiz – Surxay həkim də döyüş
zonasında idi. Tariyel həkim elə son mesajını da ona yazıbmış: “İnşallah,
qələbəmizdə görüşənədək”. Və səhərisi gün şəhidlik zirvəsinə ucalıb.
-Müharibə, yaralılar, fərqli talelər və bu müxtəlif taleli insanları yaxınlaşdıran,doğmalaşdıran gedişat… Xəstəxanada təsirli səhnələr çox olub təbii ki… Birneçəsini oxucularla bölüşə bilərsinizmi?
-O qədərdir ki… Hansını danışım? Danışarkən də çoxu yaddan çıxır… Hə… Adilə
xala… Onun həyəcanını heç unuda bilmirəm. Adilə xala xəstəxanada təmizlik işinə
baxır. İbrahim adlı oğlu var. Adilə xala ailə qurandan düz 24 il sonra dünyaya gəlib.
Müharibə başlayanda valideynləri getməyinə mane olmaq istəyiblər. Amma İbrahim
evdə dalaşıb və cəbhəyə yollanıb. Adilə xalanın nələr yaşadığını gördükcə çox pis
olurdum. Hər dəfə yeni yaralı gələndə biz tez irəli atılırdıq, o isə geri addımlayırdı.
Qorxurdu ki, bu dəfə gətirilən onun oğlu olar. Qadının ağarmış sifətinə, qorxu
çökmüş gözünə, geri çəkilməsinə baxmaq çox çətin idi. Adamın ürəyi dağlanırdı.
Qələbə günü onu ilk olaraq mən təbrik etdim. Sonra oğlu zəng vurdu…
-Yaralılarla bağlı hansı xatirələriniz var?
-Şuşa döyüşündən bir yaralı var idi. Alnından 2 snayper yarası almışdı. Danışırdı
ki, şəhid olanlarla yaralıları toplayırdılar ki, kömək gələndə götürsünlər. Məni də
şəhidlərlə bir yerə yığmaq istədilər. Səsləri eşidirdim, amma danışa bilmirdim.
Nəhayət zorla bir əlimi tərpətdim və yoldaşlar qışqırdılar ki, sağdır, ölməyib. Hələ də
inanmıram ki, bu gün həyatdayam…
Ümumiyyətlə, sarsıdıcı, həm də qürurverici anlar çox olurdu. Yarası tam
sağalmadan döyüşə qayıdanlar var idi. İsrarla… Bir komandir deyirdi ki, orada
əsgərlərim bəzi şeyləri bilmirlər. Mən mütləq qayıtmalıyam… Ürəyi orada idi. Rahatlıq
tapmırdı.
Yaxud neçə-neçə yaralılar var idi, deyirdilər ki, valideynlərinə xəbər verilməsin.
Hətta biri var idi, ayağı amputasiya olunmuşdu. Hal-hazırda dostugildə qalır ki,
protez ayağı hazır olandan sonra evə qayıtsın. Deyirmiş anam məni belə görsə
dözməz.
–Danışdıqca həyəcanlanırsınız. Sizi anlayıram. Çətindir yenidən xatırlamaq.
-Həyəcansız olmur. Amma qoy birini də danışım. Bir yaralımız var idi. Onun da
ayağı amputasiya olunacaqdı. Bu xəbəri ona demək çox çətin idi, çəkinirdik. O isə,
hələ daha böyük bir acıdan xəbərsiz idi. Hərbi xidmətdəki qardaşından danışırdı fəxrlə. Hansı ki, biz hamımız qardaşının şəhid olduğunu öyrənmişdik. Bu iki xəbəri
birdən-birə demək onu məhv etmək olardı.
–Məncə kifayətdir. Artıq göz yaşlarınıza hakim ola bilmirsiniz. Bir az da
qələbədən danışaq. Nələr hiss etdiniz o anda? Uşaqlara bu xəbəri necə izah
etdiniz.
Mən o vaxt xəstəxanada idim. Uşaqlardan xəbərim yox idi. Amma xəstəxanada
sevincimizi qeyd etdik. Xatirə üçün çoxlu şəkillər çəkdirdik.
–Ənənəvi olaraq sonda özünüzün demək istədiyiniz nə isə varmı deyə
soruşmaq istərdim.
-Mən bu gün bura Sevinc xanımla gəlmişəm. “Dünya Ana və Uşaqlar” İctimai
Birliyinin sədri kimi çətin günlərdə mənə dəstək olan insanla. Həyat yoldaşım hərbdə,
özüm xəstəxanada, uşaqlar da kənddə. Evdən kənarda idik hamımız. Ürəyimdən
keçirdi ki, yoldaşıma, onunla bir yerdə olan hərbçilərimizə nə isə göndərim, kömək
olum. Amma bu, arzu olaraq qalırdı. Həmin çətin günlərdə mən də iş başında olmalı
idim. O zaman Sevinc xanıma müraciət etdim, ürəyimdən keçənləri dedim. Tez bir
zamanda başqa xanımları da işə cəlb edib arzularımı yerinə yetirdi. Sadəcə vaxt,
zaman ucbatından həyata keçirə bilmədiyim işlərdə mənə çox böyük dəstək oldu.
Əlbəttə, mən də bundan rahatlıq tapdım, sevindim, ürəkləndim. Bizim qələbəmizin
kökündə də məhz birliyimiz dururdu. O çətin günlər geridə qaldı. Amma biz qələbəni
əldə etməklə bərabər həm də özümüzü daha yaxşı tanımağı bacardıq.
Söhbətləşdi: Məhsəti MUSA